Məhkəmə qərarları › İş №2(051)-586/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-586/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-586/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul miqdarında aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı sabit pul miqdarında aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını 2010-cu ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxxxx 2012-ci il təvəllüdlü Fərid adlı bir uşağı olmuşdur. Əvvəllər cavabdehlə münasibətləri normal olsa da sonradan münasibətləri pisləşdiyindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Ödənilən 105 manat aliment uşağın tələbatını ödəmək üçün yetərli deyil. Cavabdehin daha çox aliment ödəməyə maddi imkanı vardır. Ona görə də xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat alınıb ona verilməsini, alimentin 2021-ci ilin iyun ayından tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında göstərdi ki, o, uşağına baxmaqdan imtina etnir. Lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan nkahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx xxxxxx 2014-cü ildə qeyd edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)- 919/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməsi müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşaqların maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahdan bir nəfər uşağı olmuşdur. Tərəflər ayrılmışlar. Uşaq iddiaçı ilə birlikdə yaşayır. Məhkəmənin xx xxxx 2020ci il tarixli qətnaməsi ilə cavabdehin qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı sabit pul miqdarında aliment tələb edir. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin maddi vəsaitə malik olması barədə sübut təqdim edilmədi. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay 130 manat sabit miqdarda aliment alınıb uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət budcəsinə keçirilməlidir. Aliment qətnamə qüvvəyə mindiyi gündən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulsun. Cavabdeh Vahid oğlundan 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar