Məhkəmə qərarları › İş №2(051)-59/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-59/2022

07.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-59/2022 07.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 27 yanvar 2005-ci ildə doğulmuş X1 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində 200 manat məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı isə məhkəməyə ərizə göndərərək yaşadığı ərazinin uzaq məsafədə olduğunu qeyd edərək məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, cavabdehlə 1993-cü ildə faktiki ailə münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onlıar nikahlarını 20 iyun 2001-ci il tarixdə rəsmiləşdirmişlər. Onlar nikahlarında 2 övladı dünyaya gəlmişdir. 27 yanvar 2005-ci il təvəllüdlü qızı Zəhra hazırda 16 yaşındadır. Cavabdehlə münasibətləri pozulmuş, aralarındakı nikah Mingəçevir şəhər məhkəməsinin 06.03.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqları 20.07.1995-ci il təvəllüdlü Elvin və 27.01.2005-ci il təvəllüdlü Zəhra onun yanında qalmışdır. Nikah pozularkən uşaqların saxlanılması üçün həmin vaxt cavabdehdən aliment tutulmamışdır. Hazırda cavabdeh uşaqları ilə maraqlanmır. Onların saxlanılması üçün heç bir maddi yardım göstərmir. O, isə uşaqları saxlamaqda maddi çətinlik çəkir. Ona görə də, Cavabdeh 27 yanvar 2005-ci ildə doğulmuş X1 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində 200 manat məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 27.01.2005-ci il təvəllüdlü X1 adlı uşaqları olmuşdur. İşə əlavə olunan Mingəçevir şəhər məhkəməsinin 06 mart 2012-ci il tarixli 2(051)- 311/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 20 iyun 2001-ci ildə Mingəçevir şəhər nikah evində qeydə alınmış nikah pozulmuş, 20 iyul 1995-ci ildə doğulmuş Elvin və 27 yanvar 2005-ci ildə doğulmuş Zəhr adlı uşaqlar nikah pozulduqdan sonra İddiaçı yanında qalmaları qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tələbində də haqlıdır. Lakin iddiaçı cavabdehdən uşağın saxlanması üçün hər ay 200 manat məbləğində aliment tutulması hissəsində cavabdehin kifayət qədər gəlirə malik olmasını təsdiq edən hər hanası sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının yetkinlik yaşına çatmayan uşaqğının saxlanılması üçün cavabdehdən hər ay 200 manat məbləğində aliment tutulması tələbi qismən təmin edilməli, Cavabdeh Zəhra adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat miqdarında aliment alınıb İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı 31.03.2021-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27.01.2005-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasına 31 mart 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar