Məhkəmə qərarları › İş №2(051)-63/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-63/2021

19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-63/2021 19.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 25 yanvar 2002-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 06 dekabr 2003-cü il təvəllüdlü Heydər və 23 mart 2005-ci il təvəllüdlü Xosrov adlı iki nəfər uşaqları olmuşdur. Tərəflər arasındakı nikah pozulmasa da, faktiki ayrılmışlar. Cavabdeh Çerepoves şəhərində böyük biznes şəbəkəsinə malikdir. Lakin cavabdeh uşaqların saxlamasında iddiaçıya heç bir kömək göstərmir. İddiaçının oğlu Xosrov anadan gəlmə ağır formalı hipotriz xəstəliyindən əziyyət çəkir. İddiaçı təkbaşına uşaqlara baxmaqda çətinlik çəkir. Ona görə də 06 dekabr 2003-cü il təvəllüdlü X6 və 23 mart 2005-ci il təvəllüdlü Əliyev Xosrov Atəş oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 01.08.2016-cı ildən başlayaraq hər ay hər uşağa 300 manat alimentin alınıb iddiaçıya verilməsini xahiş edir. Rusiya Federasiyasında qeydiyyatda olan və yaşayan Cavabdeh iddia ərizəsinin surətini, məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin çatdırılması üçün Rusiya Federasiyasının səlahiyyətli məhkəməsinə məhkəmə tapşırığı göndərilmiş və səlahiyyətli məhkəmə tərəfindən Mingəçevir şəhər məhkəməsinə göndərilmiş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh məhkəmə bildirişini almaqdan imtina etmiş və səlahiyyətli məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 25 yanvar 2002-ci ildə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 06 dekabr 2003-cü il təvəllüdlü X6 və 23 mart 2005-ci il təvəllüdlü Əliyev Xosrov Atəş oğlunun atası Cavabdeh, anası İddiaçıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşaqların maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Heydər və Xosrov adlı uşaqlar iddiaçının yanında qalırlar. Cavabdeh uşaqların saxlanması üçün kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı uşaqların saxlanması üçün aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut edilmədi. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Bundan əlavə iddiaçı tələbində cavabdehdən alimentin tutulmasına 01 avqust 2016-cı ildən başlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-ci maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Lakin iddiaçı məhkəməyə müraciət edənədək aliment almaq üçün hər hansı tədbir gördüyünü təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı alimentin 01.08.2016-cı ildən tutulması tələbinə dair hissədə təmin olunmamalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 07 may 2020-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət budcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 06 dekabr 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat, 23 mart 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 07 may 2020-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar