Məhkəmə qərarları › İş №2(051)-666/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-666/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-666/2024 01.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, məhkəmədən mediasiyaya müraciət etdiyi vaxtdan hesablamaqla xx.xx.2015-ci il tarixdə doğulmuş Əbəlfəz və xx.xx.2017-ci il tarixdə doğulmuş Nuray adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2016-cı il tarixdə nikah bağlamaqla evlənmişdir. xx.xx.2015-ci il tarixdə Əbəlfəz və xx.xx.2017-ci il tarixdə Nuray adlı uşaqları doğulmuşdur. Cavabdeh uşaqların saxlanmasında kömək etmir. Ona görə də aliment tələb edir. Cavabdehin yetərincə qazancı var və uşaqlara baxmaq onun da borcudur. Alimentlə əlaqədar mediasiya prosesində olmuşdur. O, uşaqlara tək baxmaqda çətinlik çəkir. Cavabdeh ustadır və aylıq qazancı 1000-1500 manat təşkil edir. Hesab edir ki, cavabdehdən uşaqların saxlanması üçün aliment alınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və əlavə olaraq göstərdi ki, ailəsinin dağılmasını istəmir. Əvvəlki məhkəmə iclası zamanı izahatında uşaqların saxlanması üçün aliment ödəməyə imkanı olmadığını bildirərək iddianı qəbul etməmişdir. Lakin o, bir aydır ki, ailəsi ilə barışmışdır, uşaqlara baxır. Bununla belə iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

«Uşaq hüquqları haqqında» Konvensiya

12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2016-cı il tarixdə Mingəçevir Nikah evində bağlanmış nikah 07 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş Əbəlfəz və xx.xx.2017-ci il tarixdə doğulmuş Nuray adlı uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmişdir. xx.xx.2015-ci il tarixdə Əbəlfəz və xx.xx.2017-ci il tarixdə Nuray adlı uşaqları doğulmuşdur. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Cavabdeh tərəf isə iddianı qismən qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar iddiaçının yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı cavabdehin yüksək maddi vəziyyətə malik olması və hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mediasiyaya müraciət etdiyi vaxtdan hesablamaqla alimentin tutulması hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə aliment tələbinə dair iddia qaldırmaq üçün Mediasiya Şurasına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almasına baxmayaraq, məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bu da o, nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında razılıq olduğuna, yəni cavabdeh uşaqlarına baxdığına görə iddiaçı məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edənədək tədbirlər görmüş, cavabdeh də aliment ödəməkdən boyun qaçırmamışdır. Ona görə də həmin vaxt iddiaçı aliment tələb etməmişdir. Belə olan halda məhkəmə aliment məbləğinin mediasiyaya müraciət etdiyi vaxtdan hesablanmasını işin həqiqi hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Yəni sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. İddia tələbi mediasiyaya müraciət etdiyi vaxtdan hesablamaqla alimentin tutulması hissəsində təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixdə doğulmuş Əbəlfəz və xx.xx.2017-ci il tarixdə doğulmuş Nuray adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar