Məhkəmə qərarları › İş №2(051)-679/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-679/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-679/2024 15.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhər Nikah evində 239 nömrə ilə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Nikah pozulandan sonra hər iki uşağın yetkinlik yaşına çatanadək onun himayəsində qalması müəyyən edilmişdir. Nikah pozularkən ona aliment müəyyən edilməmişdir. Özü işləmir uşaqlara valideyinlərinin köməkliyi ilə baxır. Başqa gəliri yoxdur. Odur ki, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, aliment tələbini qismən qəbul edir. Belə ki, heç bir yedə işləmir. Başqa gəliri yoxdur. Hər ay hər uşağa 75 manat cəmi 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən pozularaq nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqların atası Cavabdeh və anası İddiaçıdır. İşdə olan Qaçqınlartın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə məhkəmə qaydasında boşanmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment tələb edir. Mingəçevir şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 Ülkər Elxan qızının himayəsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar