Məhkəmə qərarları › İş №2(051)-690/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-690/2024

13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-690/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 270 manat, cəmi 540 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Aralarında yaranmış mübahisədən sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hazırda cavabdeh hər iki uşağa könüllü olaraq 350 manat məbləğində aliment ödəyir. Lakin həmin məbləğ uşaqların ümumi inkişafı baxımından onların tələbatını kifayət qədər ödəmir. Odur ki, Cavabdeh xx.xx.2019cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 270 manat, cəmi 540 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı cavabdehin əmək haqqından əlavə gəlirlərinin də olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, cavabdehin anasının 1-ci dərəcə əlilliyi olsa da onun saxlanması üçün dövlət müavinət ayırır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Uşaqlarına baxmaqdan imtina etmir və xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək könüllü olaraq 350 manat məbləğində aliment ödəyir. Lakin iddiaçının qeyd etdiyi aliment məbləğinin ödəməyə maddi imkanı yoxdur. Hazırda 932 manat əmək haqqı alır. Ancaq aldığı əmək haqqından 1/3 hissəsi miqdarında alimenti ödəyə bilər. Bundan başqa anasının 1-ci dərəcə əlilliyi vardıdır. Anasına da o baxır. Belə olan halda iddiaçının qeyd etdiyi aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Məhkəmə tərəfləri izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: X4 Xidmət Mərkəzi tərəfindən 29.11.202-ci il tarixli verilmiş AZ-İ seriyalı, 439272 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın nikahın pozulması haqqında akt qeydləri kitabına xx.xx.2022-ci il tarixdə 134№ li qeyd edilmişdir. X4 Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 308475 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2- xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası- İddiaçıdır; X4 Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 661810 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6- xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, atası - Cavabdeh, anası- İddiaçıdır; xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli № 104 saylı arayışdan görünür ki, Xankəndi rayonundan məcburi köçkün düşmüş İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İşin müəyyən olunmuş halları Məhkəmə baxışı iclasında tərəflərin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Cavabdeh 2 uşağa görə iddiaçıya 350 manat könüllü aliment ödəyir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşağa 270 manat, cəmi 540 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh etiraz edir aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. Bildirir ki, aylıq qazancı 932 manatdır. Tətbiq edilən Hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.5. Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). 8.6. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Məhkəmənin gəldiyi nəticə Məhkəmə işin hallarını və uşaqların mənafeyini, tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul olunmalıdır. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının cavabdehin əmək haqqından əlavə gəlirlərinin olmasına münasibətdə qeyd edir ki, iddiaçı buna dair sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin alimentin onun əmək haqqının 1/3 hissəsindən tutulması tələbinə münasibətdə qeyd edir ki, cavabdeh hazırda uşaqlarına görə könüllü olaraq iddiaçıya 350 manat aliment ödəyir. Onun əmək haqqı hazırda 932 manatdır. Cavabdehin əmək haqqının 1/3 hissəsi 310 manat edir. Belə olan halda alimentin məbləği cavabdehin ödədiyi məbləğdən aşağı olur. Bu hal isə uşaqların maraqlarına uyğun gəlmir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 4800 manat) ödənilməli olan dövlət rüsumu 68 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət nəfinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq Q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2024-cü il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 68 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar