Məhkəmə qərarları › İş №2(051)-719/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-719/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-719/2022 13.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 03.09.2010cu il tarixdə doğulmuş X2 və 01.01.2013-cu il tarixdə doğulmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 01.05.2018– ci il tarixli 2(051)-1086/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment və Gülay adlı uşağın müalicəsi üçün əlavə olaraq, aylıq 100 manat pulun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 03.09.2010-cu il tarixdə X2 və 01.01.2013-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1086/2018 saylı qətnaməsinə əsasən uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh Bakı-Mingəçevir yolunda sərnişindaşıma ilə məşğuldur, müəyyən olmuş alimenti gecikmələr olsa da, tam ödəyir. Lakin uşaqlar böyüdükcə, onların tələbatları da artır. Belə ki bsalaca qızı Gülay talessemiya xəstəliyindən əziyyət çəkir və tez tez müalicə alır. Xəstəliklə əlaqədar dərman preparatlarına xeyli miqdarda pul ödəyir. Əvvəl təyin edilmiş aliment məbləği uşaqların saxlanması üçün kifayət etmədiyindən, uşaqların saxlanmasında çətinlik çəkir. Cavabdehin isə uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki İddiaçı ilə birgə nikahlarından 03.09.2010-cu il tarixdə Səidə Pərstişi, və 01.01.2013-cü il tarixdə Gülay Pərəstişi adlı iki uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin 03.03.2015-ci il tarixli qətnaməsi ilə nigahları pozulmuşdur və uşaqlar Ayselin himayəsinə verilmişdir. Həmçinin Mingəçevir şəhər Məhkəməsinin 01.05.2018-ci il tarixli qətnaməsi ilə ondan hər uşağın saxlanması üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bildirir ki, təyin olunmuş alimenti çətinliklə də olsa vaxtında vermiş və heç bir aliment borcu qalmayıb. Təyin olunmuş əlavə xərci də ödəmişdir. İddiaçı ondan hər uşaq üçün 250 manat aliment və 100 manat əlavə xərc istəyir. Əvvəla, əlavə xərci təsdiq edən heç bir sənəd təqdim etməyib. Bundan başqa o, heç bir yerdə iş tapıb işləyə bilmir, uzun müddətdir məşğulluq mərkəzində işaxtaran kimi uçotdadır, lakin işlə təmin olunmamışdır. Heç bir yerdən qazancı yoxdur. İddiaçı qeyd edir ki, guya onun özümə məxsus «Mersedes Sprinter» markalı mikroavtobusu vardır. Bunlar yalandır. Onun heç bir maşını yoxdur. Bəzən sürücü kimi onu avtomaşın sürmək üçün dəvət edirlər və bunun hesabına da alimenti verir. Bildirir ki, o, 2017-ci ildə X1 ilə ailə qurmuş və birgə nigahlarından 02.02.2019-cu il tarixdə Nübar Pərəstişi adlı uşaqları anadan olmuşdur. Ailənin də digər gəlirləri yoxdur. Çox çətinliklə dolanırlar. O, uşaqlar uçun aliment verməkdən imtina etmir. Lakin alimentin tutulması qət edilərkən qanunvericilik və onun maddi vəziyyəti nəzərə alınmalıdır. Onun maddi vəziyyəti o dərəcə çətindir ki, alimenti çətinliklə verir. Hazırda ailəni saxlaya bilmir. Hazırda onunla birlikdə olan uşağını lazımınca təmin edə bilmir. Əgər alimentin məbləği artırılarsa ailəni və tək uşağını dolandıra bilməyəcək. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alıb qətnamə çıxarılmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 03.09.2010-cu il tarixdə X2 və 01.01.2013-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 01.05.2018–ci il tarixli 2(051)-1086/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahdan doğulmuş 03.09.2010-cu il təvəllüdlü X2 və 01.01.2013-cu il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat alimentin və Gülay adlı uşağın saxlanması üçün birdəfəlik 100 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 01.05.2018–ci il tarixli 2(051)-1086/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahdan 03.09.2010-cu il tarixdə Səidə və 01.01.2013cu il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 01.05.2018–ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin və Gülay adlı uşağın müalicəsi üçün əlavə olaraq, birdəfəlik 100 manat pulun tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ancaq Gülay adlı uşaq üçün əlavə olaraq, hər ay 100 manat pulun ödənilməsi cavabdehin maddi vəziyyətinə uyğun gəlmir. Ödənilən cəmi 220 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün cavabdehdən 110 manat, cəmi 220 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşaqların mənafeyinə uyğundur. Lakin Gülay adlı uşağın müalicəsi üçün hər ay 100 manat əlavə xərcin cavabdehdən tutulması barədə hər hansı mötəbər sübutu və ya cavabdehin kifayət qədər gəlirə malik olmasını təsdiq edən sənədi iddiaçı məhkəməyə təqdim etmədiyindən iddia həmin hiussədə təmin edilməməilidir. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 03.09.2010-cu il tarixdə doğulmuş Səidə adlı və 01.01.2013-cu il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 01.05.2018– ci il tarixli 2(051)-1086/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar