Məhkəmə qərarları › İş №2(051)-775/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-775/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-775/2025 30.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 245 manat, cəmi 490 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə nikahları xx.xx.2020-ci il tarixdə pozulmuş və bu barədə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Bir neçə ildir ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmamış, onların təlim tərbiyəsi ilə məşğul olmamışdır. Maddi vəziyyətinin aşağı olmasından övladlarının saxlanmasında çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı tələbi ilə razı olduğunu, etirazı olmadığını, işə onun iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. İşin faktiki halı : İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Nikahları xx.xx.2020-ci il tarixdə pozulmuş, xx.xx.2022-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Uşaqlar iddiaçının himayəsindədir. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 245 manat olmaqla, cəmi 490 manat alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etdiyini, aliment ödəməyə etirazı olmadığını bildirmişdir. İş materialları : AZ-İ 418132 №li xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə 48 № ilə nikahın pozulması haqqında akt qeydləri kitabında qeyd edilmişdir AZ-İİİ 729584 №li xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ 419674 №li xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00038 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat, Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə uşaq yetkinlik yaşına çatanadək iddiaçının cavabdehdən hər ay hər uşaq üçün 245 manat olmaqla, cəmi 490 manat məbləğində aliment tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin daha yüksək gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh ərizə verərək, iddia tələbi ilə razı olduğunu, aliment tutulmasına etirazı olmadığını qeyd etmişdir. Eyni zamanda uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar