Məhkəmə qərarları › İş №2(051)-827/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-827/2020

05.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-827/2020 05.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «aliment tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət dərək, Cavabdeh hər cür qazancından gələcəkdə dünyaya gələn övladının saxlanması üçün sabit pul məbləğində 167 sanat, işləmədiyi üçün özünə 100 manat hesabilə, cəmi 267 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi haqqında məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 17 aprel 2020-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 167 (bir yüz altmış yeddi) manat sabit pul məbləğində alimentin tutulması, həmçinin 17 aprel 2020-ci il təvəllüdlü oğluOnurun3 yaşına çatanadək saxlanılmasıüçün hər ay 100 manat sabit pul məbləğində aliment, cəmi 267 (iki yüz altmış yeddi) tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıməhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 27 iyun 2019-cu ildə ailə qurmuş, birgə nikahdan 17 aprel 2020-ci ildə Onur adlıövladları doğulmuşdur. Cavabdehlə bir müddət yaşadıqdan sonra aralarında narazılıqlar yarandığından faktiki olaraq ayrılmışlar. Bundan sonra cavabdeh onu valideynlərinin yanına qoyub getmiş və nikahlarının pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində cavabdeh ailəsi ilə maraqlanmır, uşağına qayğı göstərmir. Özü işləmir, uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də Cavabdeh 17 aprel 2020-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 167 (bir yüz altmış yeddi) manat sabit pul məbləğində alimentin tutulması, həmçinin 17 aprel 2020-ci il təvəllüdlü oğlu Onurun 3 yaşına çatanadək saxlanılmasıüçün hər ay 100 manat sabit pul məbləğində aliment, cəmi 267 (iki yüz altmış yeddi) manat tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, fəhlə işləyir, ayda 240 manat əmək haqqı alır. Anası və bacısı da onun himayəsindədir. Ona görə də birgə nikahdan olan övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 70 (yetmiş) manat miqdarında aliment ödəyə bilər. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 aprel 2020-ci il təvəllüdlü x2 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə x1 arasında nikah 27 iyun 2019-cu il tarixdə Gəncəşəhər Kəpəz rayon Qeydiyyat Şöbəsində 83 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Həsənova soyadını götürmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər Məşğulluq Mərkəzinin 31 may 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində qüvvədə olan müqavilələri aşkar edilməmişdir. Məhkəmə, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçının ərizəsi ilə müəyyən olunur ki, hazırda cavabdehdən ayrı yaşayır və azyaşlı uşağı iddiaçının yanındadır. İddiçı işləmir, uşağa baxmaqda çətinlik çəkir. Cavabdehin də hər hansı gəlirə malik olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə görə hamiləlik dövründə vəümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad, zəruri vəsaiti olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmişər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmişərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmişərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddia qismən təmin olunmaqla, bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 110 (bir yüz on) manat miqdarında aliment müəyyən edilməsini, uşağın üç yaşına çatana kimi saxlanması üçün ayda 25 (iyirmi beş) manat miqdarında aliment tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPMnin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilmədiyinə baxmayaraq, iddiaçı 06 aprel 2020-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinəödənilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Qızılca kəndində yaşayan Cavabdeh 17 aprel 2020-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment hər ay tutulub, ünvan 1 ünvanda yaşayan İddiaçı verilsin. 17 aprel 2020-ci il təvəllüdlü x2 3 yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 25 (iyirmi beş) manat pul alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulmasına 06 aprel 2020-ci ildən başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar