Məhkəmə qərarları › İş №2(051)-845/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-845/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-845/2023 31.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin cavabdehin qazancının müəyyən hissəsinin tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin cavabdehin qazancının müəyyən hissəsinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 2006cı ildə faktiki nikah münasibətinə girməklə ailə qurmuşdur. Birgə münasibətlərindən 11 yanvar 2008-ci il təvəllüdlü Fatimə adlı bir uşağı doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və faktiki ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən 11 yanvar 2008-ci ildə qızı Fatimə adlı adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Qızı Fatimə məktəblidir, buraxılış və qəbul imtahanlarında iştirak etmək üçün repititor hazırlıqlarına gedir. Belə ki, Fatimənin 15 yaşı var. Artıq qızı böyüyüb və tələbatları da artıb. Müəyyən olunmuş 130 manat miqdarında alimentlə uşağa baxmaq çətindir. Həmin məbləğlə uşağın ehtiyaclarını ödəyə bilmir. Cavabdeh Mingəçevir şəhər Mərkəzi Xəstəxanası TTTYS-da sürücü işləyir və yüksək gəlirə malikdir. Eyni zamanda da “Qarabağ” müharibəsi veteranıdır və 80 manat təqaüd alır. Ona görə də iddianın təmin olunmasını, 11 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin aylıq qazancanın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 11 yanvar 2008-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2008-ci ilin sentyabr ayının 24 günündə 175 № ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 yanvar 2008ci il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1335/2018 saylı 04 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, 11 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 130(bir yüz otuz) manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər ayrıldıqdan sonra uşaq iddiaçının yanında qalır. Tərəflər uşağın saxlanması ilə bağlı razılığa gələ bilməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə valideynin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. 11 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar