Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-846/2021 19.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yanında qalması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağın atadan alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbini dəqiqləşdirərək 30 sentyabr 2003-cü il təvəllüdlü X4 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 30 sentyabr 2003-cü il təvəllüdlü Fuad və 18 fevral 2005-ci il təvəllüdlü Hüseyn adlı iki uşağı olmuşdur. Mingəçevir şəhər məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuş, 30 sentyabr 2003-cü il təvəllüdlü X6 cavabdehin, 18 fevral 2005-ci il təvəllüdlü X5 isə onun yanında qalması müəyyən edilmişdir. Alimentlə bağlı aralarında hər hansı mübahisə olmamışdır. Məhkəmə qətnaməsi ilə atasının yanında qalması müəyyən edilsə də, oğlu Fuad 2020-ci ilin mart ayından onun yanında qalır və hal-hazıradək birgə yaşayırlar. Oğlunun bütün maddi tələbatlarını özü ödəyir. Fuad öz iradəsinə uyğun olaraq, yəni hər hansı təsir olunmadan öz istəyi ilə onun yanına gəlmişdir. Fuadın dediyinə görə atası onun təlim-tərbiyəsi ilə, həyat şəraiti ilə, maddi təminatı ilə bağlı problemlərini yerinə yetirməmiş, demək olar ki ögey münasibət göstərmiş, bu səbəbdən də məcburiyyət qarşısında qalıb onun yanına gəlmişdir. Son bir ilə yaxındır ki, atası Fuadla maraqlanmamış, onu təhsildən yayındırmışdır. Hal-hazırda hər iki uşağı onun öhdəsindədir, onların bütün qayğılarını özü çəkir. Bu səbəbdən də Fuadın cavabdehdən alınıb ona verilməsi, uşağın onun yanında qalması barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də 30 sentyabr 2003-cü il təvəllüdlü X4 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş Hüseyn adlı oğlu iddiaçının, Fuad adlı oğlu isə onun yanında qalmışdır və bununla bağlı məhkəmə qətnaməsi vardır. Lakin iki ildən çoxdur ki, Fuad anasının yanında qalır. Əgər oğlu Fuad anasının yanında qalmaq istəyirsə, o, etiraz etmir. X6 məhkəmə iclasında bildirdi ki, 30 sentyabr 2003-cü ildə anadan olmuşdur. Valideynləri ayrıldıqdan sonra o, atasının, qardaşı Hüseyn anasının yanında qalmışlar. Lakin o da anasının yanında qalmaq istəyir, o qardaşı və anası ilə birlikdə yaşamaq istəyir. Bir neçə ildir ki, anasının yanında qalır. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 sentyabr 2003-cü il təvəllüdlü X4 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 23 aprel 2015-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-109/2015 saylı 10 mart 2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra 30 sentyabr 2003-cü il təvəllüdlü X4 atası Cavabdeh yanında, 18 fevral 2005-ci il təvəllüdlü X2 anası X1 yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı nikah pozulmuşdur. Məhkəmənin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulduqdan sonra Əşrəfli Fuad cavabdehin-atasının yanında qalması qət edilmişdir. Lakin Fuad 2020ci ilin mart ayından faktik olaraq anasının yanında qalır və anasının yanında da qalmaq istəyir. Cavabdeh də uşağın anasının yanında qalmasına etiraz etmir, iddianı qəbul edir. Məhkəmə tərəflər arasındakı razılığı, uşağın fikrini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, 30 sentyabr 2003-cü il təvəllüdlü X4 anasının yanında qalması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. 30 sentyabr 2003-cü il təvəllüdlü X4 anası X1 yanında qalması müəyyən edilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-846/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-846/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver