Məhkəmə qərarları › İş №2(051)-860/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-860/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-860/2021 05.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 08 noyabr 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 21 sentyabr 2009-cu il təvəllüdlü Sənan və 22 aprel 2020-ci il təvəllüdlü Ömər adlı iki uşaqları olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş və mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin ailəsinə baxmamasıdır. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsa da heç bir nəticəsi olmamışdır. Uşqlarının saxlanmasında çətinlik çəkir. Cavabdehin qazancı yaxşıdır, daim Rusiya Federasiyasına gedib-gəlir, orada alverlə məşğuldur. Cavabdehlə faktiki olaraq bir ildir ayrılmışlar. Uşaqlara valideynlərinin köməyi ilə baxır. Başqa bir yerdən gəliri yoxdur. Cavabdeh uşaqların saxlanması üçün heç bir kömək etmir. Ona görə də 21 sentyabr 2009-cu il təvəllüdlü X3 və 22 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə münasibətlərindən 21 sentyabr 2009-cu il təvəllüdlü Sənan və 22 aprel 2020-ci il təvəllüdlü Ömər adlı iki uşaları olmuşdur. Hal-hazırda cavabdehlə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Uşaqlarına baxmaqdan imtina etmir. Lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında 08 noyabr 2008-ci ildə 436 № ilə Mingəçevir şəhər Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 21 sentyabr 2009-cu il təvəllüdlü X3 və 22 aprel 2020-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasında münasibətlər pozulmuş, ayrılmışlar. Tərəflərin birgə nikahlarından iki nəfər uşaqları olmuşdur. Uşaqlar iddiaçının yanında qalırlar. Uşaqların saxlanmasında tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin maddi vəsaitə malik olması barədə sübut təqdim edilmədi. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 130(bir yüz otuz) manat sabit pul məbləğində aliment alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 06 aprel 2021-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət budcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 21 sentyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, 22 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260(iki yüz altmış) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq, iddiaçı İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 06 aprel 2021-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar