Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-866/2022 18.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Mənzilə köçürülmə və yaşayış hüququ» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus yuxarıda qeyd etdiyi mənzillərdən birində uşağını yetkinlik yaşına çatana qədər böyüməsi üçün övladına və ona evə köçürülmə və yaşayış hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, cavabdehin oğlu X6 ilə 18 aprel 2018-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 4 yanvar 2019-cu il təvəllüdlü X7 doğulmuşdur. O, cavabdehin oğlu ilə rəsmi ailə həyatı qurduqdan sonra cehiz əşyaları cavabdehin Mingəçevir şəhəri AZDRES qəsəbəsi 5-ci Fazil Əzimov döngəsi 16 ünvanda olan evinə gətirdi. Həmin evdə bir övladı dünyaya gəldi. 30 iyul 2021-ci il tarixdə Cavabdeh oğlu Eldəniz Cəfərovla birlikdə onu zor tətbiq edərək azyaşlı övladıyla bərabər gəlin köçdüyü evdən çıxartdılar. Həmin tarixdən atasının Ağdaş rayonu Yuxarı Ləki kəndində olan evində övladıyla bərabər yaşayır. Dəfələrlə cavabdehdən az yaşlı övladıyla bərabər gəlin köçdüyü evdə yaşamağına icazə verməsini xahiş etsə də, onlar bundan qəti imtina etmişdir. Halbuki o həmin evə gəlin köçmüşdür. Burada uşaq dünyaya gətirmişdir. Hal-hazırda cehiz əşyaları da həmin evdədir. Onların 3 yerdə evləri var. 1-ci Yadigar Mansurov küçəsi 1 mənzil 19, 2-ci ev AZDRES qəsəbəsi 5-ci Fazil Əzimov döngəsi 16, 3-cü 5-ci Fazil Əzimov döngəsi 16 ünvanındakı 2-ci evi. X1 da atası X3 yaşadığı Yadigar Mansurov 1 mənzil 19 ünvanında rəsmi qeydiyyatdadır. Onun övladıyla yaşamaq üçün başqa yerdə evləri yoxdur, maddi gəliri də yoxdur, heç yerdə işləmir. Şəhərdə qalmağı isə imkan xaricindədir. Azyaşlı uşağının mənafeyini məhkəmə qorumalıdır. Uşağının yetkinlik yaşına çatana qədər böyüməsi üçün yaşayış hüququnun verilməsi və mənzilə köçürülmə yalnız məhkəmə qaydasında mümkündür. Məhz buna görə də məhkəməyə müraciət edir. Ona görə də məhkəmədən Cavabdeh məxsus yuxarıda qeyd etdiyi mənzillərdən birində uşağını yetkinlik yaşına çatana qədər böyüməsi üçün övladına və ona evə köçürülmə və yaşayış hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, həqiqətən, İddiaçı oğlu X6 ilə 18 aprel 2018-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından nəvəsi 4 yanvar 2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Oğlu ilə rəsmi ailə həyatı qurduqdan sonra cehiz əşyaları cavabdehin Mingəçevir şəhəri AZDRES qəsəbəsi 5-ci Fazil Əzimov döngəsi 16 ünvanda olan evinə gətirdi. Sonradan ailə münasibətləri pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-113/2022, 28.01.2022ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Bundan sonra Gülər onların mənzilindən çıxmış və atasının Ağdaş rayonu Yuxarı Ləki kəndində olan evinə övladıyla bərabər köçmüşdür. Hazırda iddia ona məxsus mənzillərdən birinə köçürülməsi ilə bağlı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə razı deyil. Belə ki, həmin mənzillər oğlunun deyil, onun mülkiyyətindədir. Bundan başqa iddiaçı 18 aprel 2018-ci il tarixdə həmin mənzilə gəlin kimi köçmüşdür. Həmçinin izahatında da göstərdiyi kimi onun yaşamağa atasının Ağdaş rayonu Yuxarı Ləki kəndində olan evi vardır. Həmçinin Gülərdən ən tez zamanda qalmış əşyalarını da mənzilindən çıxarmasını tələb edir. Məhkəmədən iddia tələbinin rədd ediməsini xahiş edir. İşə əlavə olunmuş DƏDRX-ın çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi olmaqla Cavabdeh tam mülkiyyətindədir. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, 04 yanvar 2019-cu il təvəllüdlü X4 atası X6, anası isə İddiaçıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-113/2022, 28.01.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X6 ilə İddiaçı arasında 18.04.2018-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində və 167 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra 04.01.2019-cu il tarixdə tərəflərin birgə nikahından doğulmuş X4 cavabdeh İddiaçı yanında qalması müəyyən edilmiş və 28.01.2022-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X2 hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilindən və mülkiyyətində olduğu iddia edilən digər mənzillərindən istifadə üzrə hazırda tərəflər arasında mübahisə və ixtilaf vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəməyə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin faktiki hallarını araşdırıb qeyd edir ki, iddiaçı cavabdehin oğlu X6 ilə arasında nikah 18.04.2018-ci il bağlanmış və iddiaçı həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə işə əlavə olunmuş sənədləri, tərəflərin izahatlarını və qanunvericiliyin müvafiq normalarını əhatəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən mənzilindən və digər hər hansı mənzilindən istifadə hüququ yoxdur. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi “....yuxarıda qeyd etdiyi mənzillərdən biri...” tələbi əsassızdır. Belə ki, o, iddia ərizəsində və məhkəmə iclası zamanı vediyi izahatında da göstərmişdir ki, gəlin kimi ünvan 3 ünvanında yerləşən mənzilə köçmüş və nikah pozulanadək müddətdə də həmin mənzildə yaşamışdır. Digər mənzilərə dair onun hər hansı bir münasibəti yaranmamışdır. Ona görə də onun digər mənzillərdən yaşayış hüququ tələb etməsi tamamilə əsassızdır. Habelə iddiaçı cavabdehin oğlu ilə 18.04.2018-ci ildə nikah bağlamış və həmin nikah 28.01.2022-ci il tarixli qətnamə ilə pozulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarından da görünür ki, 1 oktyabr 2009-cu il tarixdən sonra yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə həll olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsini mənasında da görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı keçmiş ailə üzvü (əri) olan X5 məxsus olan mənzili deyil, onun anasına məxsus evə köçürülmə ilə bağlı tələb irəli sürmüşdür. Bu hal isə 1 sentyabr 2000-ci il tarixdən sonra yaranmış münasibətlər üçün istisnadır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «Mənzilə köçürülmə və yaşayış hüququ» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddiaçı Cavabdeh qarşı «Mənzilə köçürülmə və yaşayış hüququ» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-866/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-866/2022
18.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver