Məhkəmə qərarları › İş №2(051)-88/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-88/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-88/2025 11.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun avtomobilinə dəymiş 3020 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Alışov X1 rayonu, Bozlu kəndində arı saxlayır. xx.xx.2024-cü il tarixdə ona məxsus “Dodge Nitro” markalı **-EE-*** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olduğu zaman cavabdeh ona məxsus avtomobili Kamaz markalı yük maşını ilə vurmuş və nəticədə onun avtomobilinə 3020 manat ziyan dəymişdir. Həmin hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılmış və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobilə dəymiş ziyan aktı polis şöbəsində materiala əlavə edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsindən imtina etdiyini, Cavabdeh ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, xx.xx.2024-cü il tarixdə Ağdərə rayonundan Hərbi kalonda gələn vaxtı onun idarə etdiyi Kamaz markalı yük maşınının sürüşmə nəticəsində yoldan çıxdığını və İddiaçı məxsus “Dodge” markalı maşına dəydiyini bildirdi. İddiaçının qeyd etdiyi ona dəymiş ziyan kimi göstərilən 3020 manat məbləğində pulu birdəfəlik ödəyə bilməyəcəkdir. Təyin olunacaq məbləği hər ay 100 manat məbləğində ödəyə biləcəkdir. İşdə olan sübutlar: xx.xx.2024-cü il tarixli 2109 №li arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş İddiaçı ünvan 1i ünvanında müvəqqəti məskunlaşmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı Dövlət qaçqınkomun xx.xx.2015-ci il tarixli Qərara əsasən AA seriyalı 347133 №li məcburi köçkün vəsiqəsi verilmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər sakini Cavabdeh etibarnamə ilə idarə etdiyi “Kamaz” markalı AZ QQC-456 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdərə rayonu, Çardaqlı kəndi ərazisindən keçən çınqıl örtüklü yol ilə hərəkətdə olan zaman qarşıdan gələn nəqliyyat vasitəsini gözləmədən əks hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatı həyata keçirmiş, nəticədə qarşıdan gələn Bərdə rayon, Qarağacı kənd sakini İddiaçı idarə etdiyi “Dodge” markalı **-EE-*** dövlət qeydiyyat nişanı avtomobillə toqquşmuşdur. Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin RPŞ-nin DYPB-nə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə verilmiş ******* №li Şəxsi vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusudur. xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, “Dodge Nitro minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktında qeyd olunan ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. İşin müəyyən olunmuş halı: Cavabdeh N nömrəli hərbi hissənin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. İşlədiyi Hərbi hissənin müvafiq göstərişi ilə müvəqqəti olaraq Kəlbəcər rayon N saylı Hərbi hissəyə ezam getmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh Hərbi hissənin yemək tədarükünü təmin etmək məqsədi ilə Gəncə şəhərinə gedən zaman hərbi kalonla hərəkətdə olduqları vaxtda Ağdərə rayon, Çardaqlı kənd istiqamətində yol çınqıl üz örtüyü olduğu üçün idarə etdiyi “Kamaz” markalı avtomaşın çınqılda sürüşərək qarşı zolaqda hərəkət edən iddiaçıya məxus “Dodge” nitro markalı avtomaşınla toqquşmuşdur. İddiaçının avtomobilinə ziyan dəyib. İddiaçı dəymiş ziyanı cavabdehdən tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Cavabdeh Müdafiə Nazirliyinə məxsus hərbi hissənin sürücüsü olduğundan, mülki hüquq pozuntusu cavabdehin müvafiq hərbi hissənin komandanlığı altında vəzifəsini icra etdiyindən avtomobilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəlməli idi. İddia tələbinə cavab verməli olan dövlət orqanına qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı mövqeyində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll etməlidir. İddiaçı cavabdehin əvəz edilməsindən imtina etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar