Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-938/2021 17.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil1 Cavabdeh: Cavabdeh və vəkili Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mənəvi ziyana görə 15000 manat məbləğindən pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə 19.12.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından 01.01.2009-cu il tarixdə Şirəli və 01.04.2010-cu il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. Cavabdehin ona qarşı olan bir neçə zorakı hərəkətləri səbəbindən aralarında narazılıq yaranmışdır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 25.06.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Boşanmaya qədər olan müddət ərzində o, bir neçə dəfə cavabdeh tərəfindən döyülmüş, lakin ailəsinin xatirinə hər dəfə güzəştə getmişdir. Lakin sonuncu dəfə, yəni 12 mart 2020-ci il tarixdə saat 21-30 radələrində evdə anasının və uşaqlarının yanında cavabdeh onun sifət nahiyəsinə şillə ilə vuraraq döymüşdür. Bunu azyaşlı uşaqları da görmüşdür. Ona görə də o, şikayət etmişdir. Onun şikayəti əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və cavabdeh İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək, Mingəçevir ŞPŞ-nin İTB-nin rəisi X3 25.07.2020-ci il tarixli qərarı ilə 300 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin vaxt cavabdeh törətiyi başqa bir cinayətlə əlaqədar məntəqə tipli cəzaçəkmə müəssisəsində olmaq əvəzinə, həmin yeri qanunsuz tərk etdiyi səbəbindən, Polis şöbəsi onun əməlinə məhkəmədə hüquqi qiymət verilməsini gizlətmişdir. Ona görə də cəza müddəti başa çatdıqdan sonra, yəni 14.08.2020-ci il tarixdə cərimə olunması barədə ona rəsimi məlumat verilmişdir. Həmin qərardan şikayət versə də, onun məntəqə tipli cəzaçəkmə müəssisəsindən kənarda olması səbəbindən, həmin məsələni Polis Şöbəsi tam gizlətməkdə davam etmişdir. Halbuki, o, cavabdehin onun sifət nahiyəsinə vurması səbəbindən həm fiziki ağrı çəkimiş, həm də iztirab keçirmiş.dir. Belə ki, cavabdeh onu vurmamışdan bir neçə il əvvəl o, burun əməliyyatı keçirmişdir. Cavabdeh isə onun sifət nahiyəsinə və burun hissəsinə sillə ilə vuran zaman onun hər iki gözaltı nahiyyəsi göyərməklə bərabər, burunu da əyilmişdir. Çünki o, burununu yeni əməliyyat etdirdiyinə görə burunu zədəyə meyilli olmuşdur. Həmin vaxt zərbənin təsirindən burunu da təkrar zədələnmişdir. Ondan sonra o, təkrarən burununu əməliyyat etdirmək məcburiyyətində qalmışdır. O, orta ixtisas təhsilli olmaqla bərabər, musiqi məktəbində müəllimə işləyir. Qadın olduğuna görə o, cavabdehin qarşısında aciz və müdafiəsiz vəziyyətdə qalmışdır. Bu hal isə onun fiziki və mənəvi ağrılardan əzab və iztirab çəkməsinə səbəb olmuşdur. Belə ki, o, işlədiyi əmək kollektivində sifət nahiyəsində olan qançırlara görə xəcalət çəkmiş və daima özünü narahat hiss etmişdir. Bu hal isə onun əzab çəkməsinə və sarsıntı keçirməsinə səbəb olmuşdur. Eləcə də, o, brununun zədələnməsinə görə təkrar əməliyyat olunmaqla həm maddi zərərə məruz qalmış, həm fiziki ağrı keçirmiş, həm də fəal ictimai həyat tərzindən bir müddət məhrum olmuşdur. Hesab edir ki, cavabdehdən 15000 manat mənəvi ziyan alınıb ona verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh təqdim etdiyi etirazında və məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, 2007-ci il tarixdə X8 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Hər ikisi musiqi məktəbində müəllim işləyir. 2010-cu il tarixdə Mingəçevir şəhərində Yeni Günəşli qəsəbəsindən 3 otaqlı fərdi yaşayış evi almışdır. Gündüz məktəbdə müəllim, gecələr isə avtomobil ilə taksi işləyirdi. 25 iyun 2020-ci il tarixdə, Günel Qasımova ilə aralarında olan rəsmi nikah pozulmuşdur. Nikah pozulduqdan sonra hər uşağa 130 manat, yəni 2 uşağa 260 manat aliment ödənilməsi qət edilmişdir. O, özünə məxsus paltarlarını götürüb, evi içi dolu vəziyyətdə iddiaçıya və 2 uşağına verib evdən kirayəyə çıxmışdır. Bir müddət kirayədə qalmış, lakin aldığı əmək haqqı onun ehtiyaclarını ödəmədiyinə görə kirayədən çıxıb valideynlərinin yanına getmişdir. İddiaçı ona qarşı Mingəçevir şəhər Məhkəməsində mənəvi ziyana görə 15.000 manat ödənilməsi tələbinə dair iddia irəli sürmüşdür. Belə ki, 12 mart 2020-ci il tarixdə gece saat 00:30 radələrində o, iddiaçıdan kürəyini ovxalasını xahiş etmişdir. İddiaçı onun kürəyini normal ovxalamadığı üçün o, iradını bildirərək, yaxşı ovxalamasını bildirmişdir. İddiaçı isə ona cavab qaytardığı üçün geri dönüb əli ilə onun sifətinə bir dəfə şillə ilə vurmuşdur. İddiaçı əvvəllər burun nahiyəsindən əməliyyat olunduğu və narahatçılıq keçirdiyi üçün onu xəstəxanaya aparıb həkimə göstərmişdir. Həkim ona baxaraq burun nahiyəsində hər hansı zədə və ya nöqsan olmadığını bildirmişdir. İddiaç isə ailə qurmamışdan əvvəl o, 19 yaşında olarkən anadangəlmə burun çəpərinin əyriliyi ilə bağlı əməliyyat olunmuşdur. İddiaçı 13 mart 2020-ci il tarixdə Mingəçevir Şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək döyüldüyünü bildirmiş və qanuni tədbirlər görülməsini xahiş etmişdir. Təhqiqat zamanı təhqiqatçı Polad Atayevin 14 mart 2020-ci il tarixli HK-422 saylı qərarı əsasında canlı şəxsin ekspertizası keçirilmiş və MTE və PA birliyinin Mingəçevir şəhər şöbəsinin eksperti Rauf Quliyev 16 mart 2020-ci il tarixli 149 nömrəli ekspert rəyi vermişdir. Ekspert rəyinə görə İddiaçı hər iki gözünün ətrafinda qançırlar sağ gözünün ətrafinda göyümtülbənövşəyi rəngdə qançır, sol gözünün alt qapağında həmin xarakterdə qançır olması sağlamlığa zərər vurmadığı üçün dərəcəsinin təyin edilməyən xəsarət kimi qeyd edilmişdir. Sonda toplanmış materiallar əsasında təhqiqatçı Atayev cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 mart 2020-ci il tarixli qərar qəbul etmiş və qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsi üçün Mingəçevir şəhər Polis şöbəsinin X1 göndərilmişdir. İTB-nin rəisi Ceyhun Nuriyevin inzibati tənbeh vermə haqqında MX seriyalı ******* nömrəli, 25.07.2020-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İXM-ın 157 maddəsinə əsasən 300 manat cərimə tədbiq edilmişdir. O, inzibati xəta törətdiyinə görə cərimə olunaraq tənbeh olunmuş, cərməni də ödəmişdir. İddiaçı onun tərəfindən döyülməsnə, yəni sifətinə sillə ilə vurulmasına görə hər hansı sarsıntı, fiziki əzab və iztirab keçirməmiş, çünki onunla bağlı heç bir sübut təqdim etməmiş, yəni iddiaçı hansı mənəvi sarsıntı və iztirab keçirməsini, ən başlıcası isə mənəvi zərərə məruz qalmasının nədə ifadə olunmasını məhkəməyə izah edə bilməmişdir. Bir sillə ilə şəxsə yetirilən fiziki ağrı fiziki əzab və iztirab kimi qəbul edilməməlidir. Belə ki, iddiaçı gözlərinin altında yaranmış qançırlara görə nə iş yerini, itirməmiş, nə fəal ictimai həyat tərzindən məhrum olmamış, nə də onun şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələnməmişdir. Eləcə də, həmin hadisə ilə bağlı hər hansı bir hüququ məhdudlaşdırılmamış və yaxud hüququndan məhrum olmamışdır. İddiaçının iş yerində olarkən, gözlərinin altında olan qançırlara görə əzab və sarsıntı keçirməsi ilə bağlı bidirdikləri də işin həqiqi hallarına uyğun deyildir. Belə ki, iddiaçının işlədiyi, Mingəçevir şəhər 2 nömrəli Uşaq Musiqi məktəbində dərslər “Covid- 19” pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarı ilə 03.03. 2020-ci il tarixdən 15.09.2020-ci il tarixədək dayandırılmış və bu səbəbdən musiqi məktəbində əyani dərslər keçirilməmiş və onlayn dərslər keçirilmişdir. 15.09.2020-ci il tarixdə əyani təhsil davam etmiş, lakin yenidən 02.12.2020-ci il tarixdən 31.03.2021-ci il tarixədək məktəbdə dərslər onlayn keçirilmişdir. Göründüyü kimi iddiaçı həmin vaxt iş yerində olmamış və heç bir sarsıntı və iztirab keçirməmişdir. İddiaçının ondan əsassız olaraq 15.000 manat mənəvi zərər tələb etməsi, həm qərəzli münasibətin təsirindən, həm də əsassız gəlir əldə etməkdən irəli gəlmişdir. Hesab edir ki, iddiaçının mənəvi ziyan tələbinə dair iddiası əsasız və qanunsuzdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə Cavabdeh mənəvi zərərə görə 15000 manat pul alınmasını, yəni hazırda həmin miqdarda mənəvi zərərə məruz qalmasını, yəni almış olduğu zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Belə ki, işdə olan 019415 nömrəli diplomun surətindən görünür ki, X2 rayon musiqi texnikomuna daxil olmuş və 01.07.2005-ci il tarixdə fortepiano ixtisası üzrə kursu bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin direktoru tərəfinddən 16.07.2021-ci il tarixdə verilmiş 18 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən X6 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində 07.01.2015-ci il tarixdən fortepiano ixtisası üzrə müəllim işləyir. İsdə olan 25.06.2020-ci il tarixli 2(051)-886/2020-nömrəli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Mingəçevir Şəhər Nikah evində 19 dekabr 2007-ci il tarixdə 343 nömrə ilə qeydə alınmış nikah pozulmudur. Tərəflərin birgə nikahından olan 01.01.2009-cu il təvəllüdlü X9 və 01.04.2010-cu il təvəllüdlü X11 adlı uşaqlar İddiaçı yanında qalması və Cavabdeh 05.05.2020-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan X13 Mərkəzinin 14 dekabr 2020-ci il tarixli 0571 nömrəli arayışından görünür ki, Qasımova X7 Hospital cərrahiyyə Şöbəsinə burun tənəfüsünün çətinləşməsi, başağrıları, burnun estetik görüntüsü şikayətləri ilə daxil olmuş və ona xarici burun deformasiyası, burun çəpərinin əyriliyi diaqnozu qoyulmuş və 14.12.2020-ci il tarixdə septorinoplastika əməliyyatı icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin 16.07.2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən X6 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə müəllim işləyir. Aylıq əmək haqqı 780 manat, ondan 260 manat aliment tutulur digər tutulmalardan sonra ələ alınan məbləğ 372 manatdır. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin 15.07.2021-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən X6 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə müəllim işləyir. Operativ Qərargahın tövsiyyəsinə əsasən “COVİD-19”la əlaqədar olaraq təhsil müəssisələrində dərslərin dayandırılması səbəbindən 03.03.2020-ci il tarixdən məktəbdə dərslər dayandırıldı və onlayn təhsil keçirildi.15.09.2020-ci il tarixdə məktəbdə əyani təhsil davam etdirildi.02.10.2020-ci il tarixdən 31.03.2021-ci ilə qədər məktəb yenidən onlayn təhsilə keçdi. 01.02.2021-ci il tarixdən əyani təhsil davam etmişdir. İşdə olan 25 iyul 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yaşadığı mənzildə həyat yoldaşı İddiaçı vuraraq döymüş və ona Azərbaycan Respublikasının İXM-nın 157 maddəsinə müvafiq olaraq 300 manat cərimə tədbiq edilmişdir. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 mart 2020–ci il tarixli qərardan görünür ki, 12.03.2020–ci il tarixdə, Cavabdeh yaşadıqları mənzildə ailə münaqişəsi zəmnində həyat yoldaşı İddiaçı vuraraq ona qəsdən fiziki ağrı yetirdiyindən onun barəsində cinayət işi başlanmasının rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti Mingəçevir şəhər Polis şöbəsinin X1 göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X10 Təcrübi və Tədris Birliyi tərəfində verilmiş 16 mart 2020-ci il tarixli 149 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı hər iki gözünün ətrafinda qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 12.03.2020-ci il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsinin təyin olunmadığı müəyyən edilmişdir. İsdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Cavabdeh arasında 06.07.2021 -ci il tarixdə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 462 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarından iki nəfər uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı 07.01.2015-ci il tarixdən X6 İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə, cavabdeh isə tar müəllimi işləyir. Cavabdeh ər-arvad kimi yaşadıqları zaman ailə münaqişəsi zəmnində şillə ilə vuraraq hər iki gözün ətrafinda qançırlar olmasına səbəb olan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə iddiaçını döymüşdür. İddiaçının şikayəti üzrə toplanmış materiallar əsasında cinayət işinin başlanılmasının rədd edilmiş və cavabdehin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Mingəçevir şəhər Polis şöbəsinin X1 göndərilmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin rəisinin İnzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İXM-nın 157 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Döyülmə hadisəsindən bir neçə ay sonra, yəni 14.12.2020-ci il tarixdə iddiaçı İstanbul Hospital cərrahiyyə Şöbəsinə müraciət etdiyinə görə ona burun tənəfüsünün çətinləşməsi, başağrıları, burnun estetik görüntüsü şikayətləri ilə daxil olmuş və ona xarici burun deformasiyası, burun çəpərinin əyriliyi diaqnozu qoyulmuş və həmin tarixdə iddiaçının üzərində septorinoplastika əməliyyatı icra olunmuşdur. Bu hallar məhkəmə iclasında tədqiq edilən, mötəbər mənbələrdən əldə edilmiş digər sənədlərlə sübuta yetirildiyindən, habelə cavabdeh tərəfindən təkzib olunmadığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin, hazırkı mübahisə üzrə iddiaçının məhz 15.000 manat məbləğində mənəvi zərərə məruz qalması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçının döyülməsi, yəni dərəcəsi təyin edilməyən bədən xəsarəti alması nəticəsində fiziki əzab çəkməklə iztirab keçirmişdir. Bununla da iddiaçı cavabdeh tərəfindən mənəvi zərərə məruz qalmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı mənəvi ziyanın ödənilməsinə dair tələbi qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, döyülmə nəticəsində iddiaçı dərəcəsinin təyin olunmayan bədən xəsarəti almış, onun hər iki gözünün ətrafında qançırlar əmələ gəlmişdir. Nəzərə alınsa ki, iddiaçı sifət nahiyəsindən xəsarət alan vaxt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 İdarəsi Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi işləmiş və işi ilə əlaqədar olaraq daima istər onlayn, istərsə də, əyani formada uşaqlarla və müəllim kollektivi ilə əlaqədə olmuşdur. Bu da iddiaçının həm qeyd olunan başqa–başqa şəxslərlə ünsiyyətdə olan zaman narahatçılıq keçirməsinə və özünə inam hissini itirməsinə səbəb olmuşdur. Eləcə də, iddiaçı xəsarət aldığı və ondan sonra kəskin ağrılar keçirməklə fiziki əzab çəkmişdir. Bu isə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyinə görə iztirab keçirməsinə səbəb olmuşdur. Bütün bunlar da onu deməyə əsas verir ki, iddiaçı inzibati xəta hesab edilən hüquqa zidd əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”mn müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cü bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərə görə 15.000 manat məbləğində pul tələbi ilə bağlı o qənaətdədir ki, inzibati xəta hadisəsi nəticəsində iddiaçının hər iki gözünün ətrafında qançırlar əmələ gəlmiş, şübhəsiz ki, iddiaçının çəkdiyi fiziki əzab nəticəsində keçirdyi iztirab və sarsıntı onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı müalicə və müayinə olunmaqla sağlamlığını tam şəkildə bərpa etsə də, həmin müddət ərzində iddiaçı əvvəlki fəal həyat tərzindən məhrum olduğundan, mənəvi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, iddiaçının dərəcəsi təyin edilməyən bədən xəsarəti almasını, həmçinin cavabdehin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 800 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Bununla yanaşı məhkəmə cavabdehin yazılı etirazında və məhkəmə iclası zamanı izahatında iddiaçının gözlərinin altında yaranmış qançırların sağlamlığı pozmayan xəsarət olmasına, özünün həmin inzibati xətaya görə inzibati cərimə olunmasına və cəriməni ödəməsinə, həmçinin həmin vaxt iddiaçının işlədiyi məktəbdə əyani tədrisin dayandırılmasına və dərslərin onlayn keçirilməsinə istinad edərək, iddiaçının iş yerini itirməməsi, fəal ictimai həyat tərzindən məhrum olmaması, şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır və onu sübut növü kimi qəbul etmir. Məhkəmə öz qənaətini onunla əsaslnadırır ki, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkət zorakılıqdır. Hər bir zorakılıq isə xəsarətin dərəcəsindən asılı olmayaraq, hüquq pozuntusudur. Hər bir hüquq pozuntusunun, yəni istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizliyin törədilməsi, zərərçəkən şəxsə mənəvi zərərin vurulmasına səbəb olur. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarlarında da öz əksini tapmışdır. Belə olan halda zərərçəkənin istənilən formada xəsarət alması, yəni onun cavabdeh tərəfindən döyülməsi və zəif tərəf kimi zorakılığına məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu da iddiaçının mənəvi zərərə məruz qalması üçün yetərlidir. Həmin vaxt iddiaçının işləməsi və yaxud evdar qadın olması, onun mənəvi zərərə məruz qalmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Bu hallar yalnız mənəzi zərərin məbləği zamanı nəzərə alınır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının döyülməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində ödənilməsinə dair iddiası, qismən əsaslı olduğundan qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə cavabdehdən 800 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 800 (səkkiz yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-938/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-938/2021
17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver