Məhkəmə qərarları › İş №2(051)-946/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-946/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-946/2023 18.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 3050 (üç min əlli) manat məbləğində dəymiş zərərin və 51 (əlli bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ondan 2020-ci ilin sentyabr ayında cəmi dəyəri 3500 manat olan uşaq və qadın paltarları almışdır. Bundan sonra Cavabdeh ona 450 manat ödəniş etmiş, lakin qalan məbləğin ödənilməsindən imtina etmişdir. Halbuki, 2020-ci ilin dekabr ayına kimi ödəniş edilməli idi. Cavabdeh ona ödənilməli olan 3050 manat məbləğində pulu ödəməkdən imtina edir. Bununla da cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Belə ki, o, cavabdeh ona dəfələrlə Whatsap proqramı vasitəsilə borcunu qısa müddətə ödəyəcəyini bildirmiş, lakin yenə də müxtəlif bəhanələrlə ödəniş etməkdən boyun qaçırmışdır. Hesab edir ki, cavabdehdən 3050 (üç min əlli) manat məbləğində pul alınıb ona verilməlidir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul etdi və göstərdi ki, o, Bakı şəhərində geyim dükanında satış təmsilçisi işləyir. 2020-ci ilin sentyabr ayında sosial şəbəkədə canlı yayım zamanı Totu adlı şəxs onu geyim dükanında görərək, nə satdığını soruşmuş, o isə qadın geyimləri satdığını bildirmişdir. Totu adlı şəxs əlində satılası qadın və uşaq geyimləri olduğunu və onları satmağa köməklik etməsini ona bildirmişdir. Bundan sonra onlar razılaşmış və Totu adlı şəxs Türkiyədə işlədiyi üçün Whatsap sosial şəbəkəsində olan zəng ilə onunla əlaqə saxlamışdır. O, Totuya satılmayan malların geri qaytaracağını bildirmiş, lakin Totu razılaşmamışdır. Bundan sonra gündə 2-3 dəfə zəng edərək, onunla hədə-qorxu ilə danışmışdır. O, isə iddiaçıdan aldığı malı 4 qat aşağı qiymətə sataraq, üstünü də özü düzəldib 450 manat pulu Totuya vermişdir. İddiaçının hesablamasına görə guya ona 3500 manatlıq mal vermişdir. İddiaçı ona telefon vasitəsi ilə bildirmişdir ki, onlar sələm götürüb borcu bağlayacaq və onun borcu 2450 manat olacaqdır. İddiaçı ona malı baha vermədiyinə görə, əlavə olaraq 200 manat sələm pulunu da məbləğin üzərinə yükləmişdir. Əslində isə o iddiaçıdan 2500 manatlıq nisyə mal almışdır. Həmin puldan 450 manatını iddiaçıya qaytarmış, 2050 manatını isə qaytara bilməmişdir. Ailə vəziyyəti ağırdır, atası rəhmətə getmiş, anası isə xəstədir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Whatsap sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalardan və CD disklərdə olan səs yazılarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı ilə bağlı münasibət olmuş, yəni cavabdeh iddiaçıdan dəyəri məlum olmayan miqdarda satıb pulunu ödəmək şərtilə qadın və uşaq paltarları almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 3500 manat məbləğində nisyə geyim əşyaları verilməsini və hazırda cavabdehin ona 3050 manat məbləğində borcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 2020-ci ilin sentyabr ayında cavabdehə satıb pulunu sonradan ödəmək şərti ilə qadın və uşaq paltarları vermiş, cavabdeh cəmi borcundan 450 manat ödəmişdir. Bu faktı hər iki tərəf məhkəmə iclası zamanı etiraf etmişdir. Ona görə də məhkəmə işin bu halını, yəni tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn mülki hüquq münasibətlərinin mövcudluğunu işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir. Bununla belə alqı-satqı predmeti olan qadın və uşaq paltarlarının dəyəri barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı tərəf həmin qadın və uşaq paltarlarının dəyərinin 3500 manat olduğunu, cavabdeh tərəf isə 2500 manat olduğunu bildirmişdir. Ona görə də məhkəmə həmin halı işin mübahisə edilən faktiki halı kimi qəbul edir və tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehə 3500 manat dəyərində qadın və uşaq paltarlarını satmaq üçün nisyə verməsi faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 3500 manat deyil, yalnız cavabdehin etiraf etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 2500 manat miqdarda qismən əsaslı hesab edir. Belə ki, iddiaçı cavabdehə ümumi dəyəri 2500 manat olan qadın və uşaq paltarları satmış, cavabdeh isə cəmi 450 manat ödəniş etmişdir. Nəticədə, onun iddiaçıya 2050 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh hissə-hissə ödəmək şərti ilə iddiaçıdan ümumi dəyəri 2500 manat olan qadın və uşaq geyim əşyası almış, lakin cavabdeh ümumi borcundan cəmi 450 manat ödəniş etsə də, qalan məbləği ödəməkdən yayınmaqla öhdəliyini lazımi şəkildə icra etməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 2050 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı qadın və uşaq paltarlarını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödəməyi tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, həmçinin məhkəmə iclasında verdiyi izahatına hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının iddia ərizəsində tələb etdiyi miqdarda deyil, məhkəmə iclası zamanı cavabdehin verdiyi izahat və işin faktiki halları ilə müəyyən olunan miqdarda, yəni 2050 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 2050 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 2050 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi pulun iddianın təmin edilmiş hissəsinə münasibətdə olan 40.5 manat məbləğində hissəsi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2050 (iki min əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Cavabdeh 40.5 (qırx manat əlli qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar