Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-131/2025 16.07.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 8(052)-22/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Naftalan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 8(052)-22/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq iki nəfər uşağın hər birinə 180 manat olmaqla, cəmi 360 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 2(052)- 58/2021 nömrəli, 04 mart 2021-cu il tarixli qətnaməsinə əsasən 04 iyun 2011-ci il təvəllüdlü X1 və 10 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə verilməsi qət edilmişdi. Sonradan cavabdehin ərizəsinə əsasən Naftalan Şəhər Məhkəməsinin 8(052)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin məbləği indeksasiya olunmuş və alimentin məbləği artırılaraq minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. O, hazırda həmin məbləğ ilə razı deyildir və həmin məbləği ödəməyə maddi imkanı çatmır. Yenidən ailə qurmuşdur və evə tək qazanc gətirən şəxs odur. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq əmək haqqı tutulmalardan sonra 360 manat təşkil edir. Onun aldığı əmək haqqından başqa qazancı və yaxud gəliri yoxdur. Təyin olunan alimentin məbləği çox yüksəkdir və onun həmin məbləğdə aliment ödəməyə gücü çatmır. Cavabdeh isə Naftalan şəhər 1 saylı tam orta məktəbdə müəllimə işləyir və bildiyinə görə 700 manatdan çox əmək haqqı alır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, hazırda "xxxx" MMC-də işləyir və aylıq 400 manat əmək haqqı alır. Gəlirindən hər ay müəyyən çıxılmalar olduqdan sonra kartlna 360 manat köçürülür. Bundan başqa hər hansı bir gəliri yoxdur. Aldığı əmək haqqının isə tam şəkildə aliment kimi ödəməyə hazırdır. Həmçinin yenidən ailə qurmuş və valideynləri ilə birlikdə yaşayır. Valideynləri ilə birlikdə yaşadığı üçün onların aldığı pensiya ilə dolanır. Hazırda indeksasiya olunmuş aliment məbləğini ödəməyə heç cürə maddi imkanı çatmır. Cavabdeh isə müəllimə işləyir və 700 manatdan çox əmək haqqı alır. Bundan başqa cavabdeh uşaqlara hazırlıq dərsləri keçir və bu yolla da müəyyən qazanclar əldə edir. Odur ki, məhkəmədən müəyyən olunmuş alimentin azaldırlaraq hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat həddində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir və indeksasiya ilə müəyyən edilmiş məbləğin yalnız 10 manat həcmində azaldılmasına razıdır. O, hazırda Naftalan şəhər 1 saylı orta məktəbdə müəllimə işləyir. Sənəd ilə əmək haqqı 733 manat yazılmış olsa da, müəyyən tutmalardan sonra ona 560 manat pul ödənilir. Həmçinin aldığı əmək haqqının miqdarı dərs saatları ilə bağlı olduğu üçün həmin məbləğ özü də, dəyişə bilir. İddiaçının dediyi kimi uşaq hazırlığı ilə məşğul olmur. Belə ki, övladının onurğasında fəqərə çatışmazlığı ilə əlaqədar xəstəlik olduğu üçün daim onun müalicələri ilə məşguldur. Gündəlik məktəbdə dərs saatlarından sonra oğlu ilə məşğul olur, onu müalicələrə və hazırlıqlara aparır. Barat daimi olaraq Naftalan şəhərində, hər 4 aydan bir isə Bakı şəhərində fəaliyyət göstərən “Funda” Hospitalda müalicə alır. Bundan başqa digər övladı ayaqaltı düzlüyündən əziyyət çəkir. Onun da, müəyyən müalicələri vardır. Beləliklə o, tək başına həm uşaqları ilə məşğul olur, həm də evi dolandırır. Yəni ki, bütün yük onun üzərindədir. İddiaçı isə hər nə qədər təsərrüfatlarında olan mal-qaranın atasına məxsus olduğunu bildirsə də, onda olan məlumata görə iddiaçının özünün də xeyli sayda mal-qarası vardır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası İddiaçı, ana qrafasında isə anası Cavabdeh göstərilmişdir; Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası İddiaçı, ana qrafasında isə anası Cavabdeh göstərilmişdir; xx.xx.2023-cü il tarixli “Funda” Hospitala məxsus rentgen sənədindən görünür ki, X5 üçüncü dərəcəli Skalioz və ikinci dərəcəli kifoz xəstəliyindən əziyyət çəkir. xx.xx.2023-cü il tarixli “Funda” Hospitala məxsus rentgen sənədindən görünür ki, X4 birinci dərəcəli Skalioz xəstəliyindən əziyyət çəkir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Daşkəsən Regional Təhsil İdarəsində (müəllim) vəzifəsində işləyir və aylıq 733.00 manat əmək haqqı alır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də (qulluqçu) vəzifəsində işləyir və aylıq 400 manat əmək haqqı alır. Naftalan Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(052)-58/2021 saylı qətnaməsinin surətindən görünür ki, Naftalan Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(052)-145/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 04 iyun 2011-ci il tarixdə anadan olmuş X1 və 10 dekabr 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat miqdarında alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 8(052)-22/2025-ci saylı qərardadından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(052)- 58/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya olunmuş, qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 04 iyun 2011-ci il tarixdə anadan olmuş X1 və 10 dekabr 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğindəalimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarına, həmçinin tərəflərin maddi və ailə vəziyyətinə, tərəflərin hər ikisinin daimi iş yerinin olmasına, cavabdehin də uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasına, bununla yanaşı uşaqların gündəlik qayğılarının cavabdehin üzərində olması hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naftalan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 8(052)-22/2025-ci saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, azyaşlı X1 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin edilən zaman azaldılmış alimentin miqdarının hesablanmasına qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 8(052)-22/2025-ci saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin azaldılmış miqdarının hesablanmasına başlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(052)-131/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-131/2025
16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver