Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-156/2023 10.10.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmənin qətnaməsi ilə onun tərəfindən iki uşağın saxlanması üçün ödənilməsi müəyyən edilmiş aliment hesablanaraq tam həcmdən artıq (38880 manat ödənilməli olduğu halda 39000 manat) ödədiyindən onun cavabdeh qarşısında olan aliment öhdəliyinə xitam verilməsi və tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(052)-125/2019 saylı qətnaməsi ilə cavabdeh ilə aralarında olan nikah pozulmuş, iki uşağın saxlanması üçün ondan hər ay cəmi 200 manat alimentin tutularaq qarşı tərəfə verilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(052)-111/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 240 manat məbləğində müəyyən edilmişdir. Onun cavabdehə heç bir aliment borcu yoxdur. Belə ki, o, evini sataraq 39000 manat məbləğində cavabdehə pul ödəmişdir. Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində ərizə təqdim edərək bildirmişdir ki, övladlarının 18 yaşına çatanadək ödəniləcək aliment borcu ona tam şəkildə ödənilmişdir. Qeyd edilən ərizə 24 may 2021-ci il tarixdə notariat kontorunda təsdiq edilmişdir. Həmin pulu aldıqdan sonra cavabdeh ondan yenidən aliment almaq məqsədi ilə Qaradağ rayon icra şöbəsinə ərizə yazaraq bildirmişdir ki, guya o, 24 may 2021-ci il tarixdə cavabdehi Yasamal rayonunda kirayələdikləri evin kirayə müqaviləsini imzalamaq üçün notariat kontoruna aparmışdır. Orada isə cavabdehin etibarından sui-istifadə edərək ona kirayə müqaviləsi əvəzinə, 18 yaşına qədər uşaqların alimentini almasına dair ərizəyə imza atdırmışdır. Qeyd edilən ərizə cavabdeh tərəfindən 27 iyul 2021-ci il tarixdə şəxsən özü tərəfindən yazılaraq verilmişdir. Bu ərizənin üzərindəki ştampda ərizənin qəbul tarixinin 28 iyul 2021-ci il olduğu göstərilmişdir. İcraata xitam verilməsi haqqında qərardaddan şikayət verən cavabdeh şikayət ərizəsində göstərmişdir ki, guya o, 27 iyul 2022-ci il tarixədək cavabdehlə birlikdə yaşamış, bundan sonra Orxan onları atıb getmişdir. Onun aliment borcu olduğundan tutulmaması üçün formal olaraq qeyd edilən ərizəni notariat orqanında imzalamışdır. Lakin sonradan guya o, cavabdehi atmış, cavabdeh də alimentsiz və başsız qalmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X1 qeyd edilən pul məbləğini cavabdehdə görmüşdür. Bu barədə məhkəmədə şahid qismində dindirilə bilər. Bundan başqa notariusun digər işçiləri də, cavabdehə onun tərəfindən pulun verildiyinin şahidi olmuşlar. O, cavabdehlə heç bir zaman bir yerdə yaşamamışdır. Hesab edir ki, cavabdehə onun tərəfindən aliment tam həcmdə ödənildiyindən aliment üzrə öhdəliyinə xitam verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq vəkilinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmənin müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Çünki iddiaçı ona hər hansı məbləğdə pul vəsaiti ödəməmişdir. Hazırda iddiaçının ona 10000 manata yaxın ödənilməmiş aliment borcu vardır. Belə ki, əvvəllər iddiaçı ilə qısa müddətə barışmış və birlikdə yaşamışlar. İddiaçı barışdıqları üçün aliment işinin artıq bağlanılmalı olduğunu, bağlanmayacağı təqdirdə isə həbs ediləcəyini ona demişdir. Bu səbəbdən iddiaçı ilə birlikdə notariat ofisinə getmiş, orada formal olaraq guya Orxanın uşaqlar yetkinlik yaşına çatanadək bütün aliment borclarını ona ödədiyi barədə ərizəni imzalamışdır. Əslində isə ona heç bir məbləğdə pul ödənilməmişdir. O zaman aralarında barışıq olduğu üçün həmin sənədi imzalamağın hər hansı problem yaradacağını düşünməmişdir. Bir müddət sonra isə iddiaçı onu atıb getmişdir. Bundan sonra bilmişdir ki, iddiaçı həmin ərizəni ona imzalatmaq məqsədi ilə müvəqqəti olaraq onunla barışmış, ərizəni imzalatdıqdan sonra isə ondan uzaqlaşmışdır. Bundan başqa iddiaçı məhkəmədə bir neçə iddia qaldırmışdır. Həmin işlər üzrə də, iddiaçı olsa da, keçirilən məhkəmə iclaslarının heç birinə gəlməmişdir. Belə ki, iddiaçının əsl məqsədi aliment ödəməkdən boyun qaçırmaq və müxtəlif iddialarla məhkəməyə müraciət edərək müddəti süni şəkildə uzatmaqdır. İddiaçı daha əvvəl keçirilmiş məhkəmə iclaslarına da gəlməmiş, hər dəfəsində əsassız teleqramlar vuraraq məhkəmə iclaslarının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Onun isə himayəsində iki nəfər azyaşlı uşaqları vardır ki, məcburiyyət qarşısında onları tək qoyaraq hər dəfə məhkəmə iclaslarına gəlir. İddiaçının əsl məqsədi məhkəmə icraatını uzatmaqla ona əziyyət verməkdir. Bu səbəbdən iddiaçının iştirakı omadan işə baxılaraq qətnəmə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş **********419 saylı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh bildirmişdir ki, keçmiş əri İddiaçı tərəfindən uşaqların 18 yaşınadək ödəniləcək aliment borcu ona tam şəkildə ödənilmişdir. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 8(052)-01/2023 nömrəli qərardadından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(052)-111/2020 saylı icra sənədi üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi və iş üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 8(104)-28/2023 nömrəli qərardadından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 8(052)-01/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: - 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; - 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; - 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; - 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; - 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Məhkəmə iddiaya dair qeyd edir ki, iddiaçı məhkəmə qaydasında tutulan aliment üzrə öhdəliyinin xitamı əsas kimi məhz onu göstərmişdir ki, o, iki nəfər azyaşlı uşaqları üçün onların 18 yaşına çatanadək ödəməli olduğu aliment borcunu tam şəkildə ödəmişdir. Halbuki qanunvericilik yuxarıda qeyd edilən huquq normasına əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsinin hüquqi əsaslarını və qaydasını dəqiq müəyyən etmişdir. Bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü hal onun aliment üzrə öhdəliyinin xitamı üçün əsas ola bilməz. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi notarial qaydada təsdiq edilmiş ərizə əsasında Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən “icraata xitam verilməsi haqqında” qərar qəbul edilmiş olsa da, sonradan həmin qərar məhkəmə qaydasında ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Qeyd edilən qərarın qəbul edilməsi isə mahiyyəti üzrə o deməkdir ki, iddiaçının aliment üzrə ödəməli olduğu məbləğləri tam şəkildə cavabdehə ödəmiş olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat ilkin mediasiya xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi» tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat ilkin mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(052)-156/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-156/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver