Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-171/2025 04.11.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X19 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1-dan məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Cavabdeh isə onun oğlu X3 həyat yoldaşı olmuşdur. Onlar hal-hazırda boşanmışlar. Cavabdeh 2004cü ildən ona məxsus evə köçmüş, o da, cavabdehə mənzildə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Cavabdeh son zamanlara kimi ona məxsus mənzildə yaşamaqdadır. Lakin o, cavabdehi mənzilə pasport qeydiyyatına salmamışdır. Cavabdeh oğlu ilə boşandıqdan sonra da, ona məxsus evdən çıxmamış və bununla da onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh onun mənzilinə köçərkən onunla istifadə hüququ ilə bağlı hər hansı müqavilə bağlamamışdır. Beləliklə cavabdehin ona məxsus evdə heç bir hüququ olmasa da, mənzildən çıxmır. Odur ki, cavabdehin məcburi qaydada mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun oğlunun arvadı, yəni gəlini olmuşdur. 1993-cü ildə oğlu Samir ilə Heyran evlənmiş, rəsmi nikahlarını isə 1995-ci ildə qeydə aldırmışlar. Cavabdeh gəlin gələrkən hazırki mübahisəli evə deyil, onlara məxsus digər evə, yəni Naftalan şəhərində olan 10 nömrəli binada yerləşən mənzilə gəlmişdir. Heyran həmin mənzildə onlarla birlikdə təxminən 10 il yaşamışdır. Bundan sonra aralarında müəyyən narazılıqlar yaranmış, bu səbəbdən 2003cü ildə oğlu ailəsi ilə brilikdə onlara məxsus digər evə, yəni ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşlər. Samir ilə Heyranın rəsmi nikahları isə 2024-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh və övladları hazırki gündə də, ona məxsus olan həmin mənzildə yaşamaqdadırlar. Həmçinin Heyranın həmin mənzilə ümumiyyətlə pasport qeydiyyatı da olmamışdır. O özü hazırda həmin mənzilə köçmək və orada yaşamaq istəyir. Lakin Heyran orada yaşadığı üçün onunla birlikdə qalmaq istəmir. Mübahisəli mənzil sənədlə onun adına olsa da, əslində qızına məxsusdur. Cavabdehə evdən çıxması üçün hər hansı kompensasiya məbləği təklif etməmiş və belə bir fikri də yoxdur. Çünki o, təqaüdçüdür və buna maddi imkanı çatmır. Odur ki, cavabdehin ona məxsus mənzildən məcburi qaydada çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh iddiaçının gəlini olmuşdur. Cavabdeh iddiaçının oğlu ilə 1993-cü ildə evlənmiş, 1995-ci ildə rəsmi nikaha girmiş, 2003-cü ildə isə iddiaçıya məxsus ünvan 1-a köçmüşdür. Bu zaman iddiaçı onu ailə üzvü kimi qəbul etmişdir. Cavabdeh artıq 31 ildir gəlin gəlmiş və iddiaçıya məxsus evdə yaşamaqdadır. Cavabdehin uşaqları orada doğulmuş və böyümüşlər. Cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmışdır ki, hazırda onu yalnız kompensasiya ödənilməklə evdən çıxarmaq olar. Lakin iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə kompensasiya təklif edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naftalan Azərbaycan SSR Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 1992-ci il tarixli 429 nömrəli orderdən görünür ki, Naftalan şəhəri 31 nömrəli bina, 60 nömrəli mənzil X1, İddiaçı, X5, X8 və X2 istifadəsinə verilmişdir. Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2008-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Naftalan şəhər 02 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Həsənova X6 şəhəri, İ.Həsənzadə küçəsi ev 31, mənzil 60 ünvanında yaşayır və ailə tərkibi aşağıdakı kimidir: Oğlu – X9, nəvəsi - X12, nəvəsi – X10, nəvəsi – X4. Goranboy Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1616/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında 13 dekabr 1995-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 57 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı oğlu X9 ilə Cavabdeh 1995-ci ildə rəsmi nikaha girmiş və cavabdeh iddiaçıya məxsus Naftalan şəhərində olan 10 saylı binada yerləşən mənzilə gəlin köçmüşdür. Daha sonra, yəni 2003cü ildə iddiaçının oğlu və cavabdeh iddiaçıya və onun ailə üzvlərinə məxsus Naftalan şəhəri, İ.Həsənzadə küçəsi 31 nömrəli evin, 60 nömrəli mənzilə köçmüşlər. 2024-cü ildə cavabdeh və iddiaçının oğlu arasında olan rəsmi nikah pozulsa da, cavabdeh hazırda mübahisəli məznildə yaşamaqdadır. Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 25 noyabr 2008-ci ildə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Sadalanan hallar işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Hazırkı işdən göründüyü kimi cavabdeh mübahisəli mənzilə köçərkən, yəni 2003-cü ildə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, order əsasında iddiaçı və onun ailə üzvlərinin istifadəsində olmuş, cavabdehin orada yaşadığı 2008-ci ildə isə iddiaçının adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2003-cü ildə, yəni 2009-cu ilin oktyabrın 01-dək yaranmışdır. Odur ki, bu münasibətlərə 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51-ci maddəsində qeyd edilmişdir ki, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsində qeyd edilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrufat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsində birinci və üçüncü hissələrində qeyd edilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valıdeynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdirlər. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh 2003-cü ildə ünvan 1 ünvanına gəlin köçərkən icarədar və onun ailə üzvlərinin razılığı ilə həmin evdə yaşaması onu deməyə əsas verir ki, cavabdehin həmin yaşayış sahəsində yaşayan digər şəxlərlə bərabər mənzildən istifadə hüququ yaranmışdır. Sonradan İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququ xx.xx.2008-ci ildə qeydiyyata alınmış olsa da, tərəflər arasında mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığından bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin göründüyü kimi hazırda iddiaçı tərəfindən bununla bağlı cavabdehə hər hansı məbləğdə kompensasiya təklif edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X20
Məhkəmə qərarları › İş №2(052)-171/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-171/2025
04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver