Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-199/2024 03.12.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutularaq azyaşlı uşaqları 28 yanvar 2017-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü ildə ailə qurmuş, lakin cavabdehin səhlənkarlığından nikahlarını rəsmi qeyd etdirməmişlər. Belə ki, o, hər dəfə nikahın rəsmiləşdirilməsini deyəndə cavabdeh müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Birgə yaşadıqları müddətdə 28 yanvar 2017-ci il təvəllüdlü X5 adlı bir nəfər uşağıları olmuşdur. Cavabdehlə ilk vaxtlardan münasibətləri yaxşı olmamışdır. Belə ki, cavabdeh daim sərxoşluq edir və ailəsi ilə maraqlanmır. O, uşaqları olduqdan sonra cavabdehin bu pis vərdişlərindən əl çəkəcəyini düşünsə də, bu elə onun düşüncəsi olaraq qalmışdır. Çünki cavabdehlə yaşadıqları müddətdə vəziyyət dəyişməmiş, əksinə cavabdeh daha çox içməyə başlamışdır. Artıq o, cavabdehin bu hərəkətlərindən yorulmuş və 2024cü ilin avqust ayından cavabdehdən ayrılaraq uşağı ilə birlikdə ayrı yaşamağa başlamışdır. Bu müddətdə cavabdeh bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. Bu səbəbdən cavadehdən hər ay yaşayış minimumu həddində, yəni 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Belə ki, cavabdehin rəsmi iş yeri vardır və hər ay 340 manat rəsmi əmək haqqı alır. Bundan başqa cavabdeh əlavə işlər də görməklə qazanc əldə edir. Cavabdeh toy mərasimlərində dekor kirayə vermək və video operator kimi çəkiliş aparmaq ilə də məşguldur. Cavabdehin sadalanan işlərdən ümumilikdə aylıq qazancı 600-700 manat civarındadır. Həmçinin azyaşlı uşaq immuniteti zəif olmaqla tez-tez xəstələnir. Hər dəfə uşaq xəstəlik keçirən zaman aptekdən aldığı dərmanlara 150 manata qədər vəsait xərcləyir. O, hazırda Naftalan Şəhər Mərkəzi xəstəxanasında işləməklə aylıq 635 manat əmək haqqı alır. Həmin məbləğ isə indiki dövrdə həm özünün dolanışığı, həm də uşağın saxlanılması üçün yetərli deyildir. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul alimentin tutulmasını xahiş etmiş olsa da, həmin məbləğ hər ay 200 manat miqdarında müəyyən ediləcəyi təqdirdə də, buna etiraz etməyəcəkdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, o, artıq 8-9 ay müddətdir ki, çəkiliş üçün olan videoaparatını və dekor alətlərini satmışdır. Bu səbəbdən hazırda rəsmi iş yerindən aldığı 340 manat əmək haqqından başqa gəliri yoxdur. İddiaçı isə rəsmi olaraq ondan iki dəfə artıq əmək haqqı alır. Odur ki, alimentin ən çoxu 180 manat miqdarında müəyyən edilməsini istəyir. O, hazırda Naftalan şəhər Kommunal təsərrüfat istehsalat birliyində sürücü vəzifəsində işləyir və əmək haqqından çıxmalar olduqdan sonra əlinə 340 manat pul çatır. Bu məbləğ ilə isə həm özünün təlabatını təmin etməli, həm də aliment ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 yanvar 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə olunmuş arayışdan görünür ki, İddiaçı “Respublika Təcili və X4 Mərkəzi” X7-ndə sanitar qadın vəzifəsində işləyir və 748 manat əmək haqqı alır. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə olunmuş arayışdan görünür ki, Həsənov X3 şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyində sürücü vəzifəsində işləyir və 406 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat alimentin tutulması tələbinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən 04 noyabr 2024-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 190 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(052)-199/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-199/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver