Məhkəmə qərarları › İş №2(052)-213/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-213/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-213/2025 08.01.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 iyul 2015-ci il təvəllüdlü X3 və 21 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləği ilə hər ay, hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurmuş və birgə nigahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 adında iki övladları doğulmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra isə ailə münasibətləri tədricən soyumuş və hazırda tamamilə kəsilmişdir. Faktiki olaraq ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir. Cavabdeh onların maddi vəziyyətləri ilə maraqlanmır və onlara heç bir qayğı göstərmir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır. O, iddianı müdafiə edir. Qızı Günay iki aydan çoxdur ki, uşaqları ilə onun yanında yaşayır. O və həyat yoldaşı aldıqları pensiya məbləği ilə çətinliklə dolanırlar. Bu səbəbdən uşaqların saxlanılmasına yetəri qədər kömək edə bilmirlər. Qızı isə qeyri rəsmi işdə işləyərək uşaqların təlabatlarını ödəməyə çalışır. Cavabdehin isə rəsmi iş yeri və qazancı vardır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, Gəncə şəhərində Qaz İxrac İdarəsində işləyir və tutulmalar olduqdan sonra aylıq 900 manat əmək haqqı alır. İddiaçı ilə ailə qurduqdan sonra bir müddət Naftalan şəhərində yaşamış, daha sonra işi ilə əlaqədar olaraq Gəncə şəhərində kirayədə yaşamağa başlamışlar. Maddi vəziyyətləri yaxşı olmadığı üçün isə aralarında olan ailə münasibəti tədricən pozulmuşdur. Aldığı əmək haqqından hər ay 350 manat avtomobilin kredit borcuna ödəyir. Qalan məbləğ ilə isə kirayə yaşadıqları evin pulunu və gündəlik tələbatlarını ödəmişdir. Əvvəllər iş saatlarından sonra taksi fəaliyyəti ilə məşğul olsa da, yeni qaydalara əsasən hazırda bununla məşgul ola bilmir. O, uşaqlarından imtina etmir. Lakin aldığı əmək haqqı ümumilikdə iddiaçının tələb etdiyi ailment məbləğini, avtomobilin kreditini və özünün gündəlik təlabatını ödəməyə yetərli deyildir. O, hər uşaq üçün 175 manat olmaqla, ümumilidə 350 manat aliment ödəməyə hazırdır. Odur ki, aylıq qazancını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Cavabdeh arasında 20 oktyabr 2014-cü il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 66 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 iyul 2015-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 sentyabr 2018-ci il tarixdə Gəncə şəhər, Nizami rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Prezident İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama əsasən Azərbaycan Respublikasında minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 manat alimentin tutulması tələbinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə məhkəmə yetkinlik yaşına çatmayan uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən 04 dekabr 2025-ci il tarixdən başlayaraq iki nəfər azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 04 dekabr 2025-ci il tarixdən başlayaraq 31 iyul 2015-ci il təvəllüdlü X3 və 21 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar