Məhkəmə qərarları › İş №2(053)-1042/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1042/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1042/2024 31.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, 06 iyun 2007-ci il təvəllüdlü X2, 19 iyun 2010-cu il təvəllüdlü X4, 04 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa 200 manat, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 27 sentyabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, Cavabdeh ilə birgə nikahlarında doğulmuş 06 iyun 2007-ci il təvəllüdlü X2, 19 iyun 2010-cu il təvəllüdlü X4, 04 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 940 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, cavabdehlə məhkəmə tərəfindən nikahlarının pozulduğunu, uşaqlarının analarının yanında saxlanmasının müəyyən edildiyini və hər uşağa görə 150 manat alimentin ondan tutularaq Cavabdeh ödənilməsinin qət olunduğunu bildirmişdir. Bir müddət uşaqlar və cavabdeh boşanmaqlarına baxmayaraq onun evində yaşamış və o da cavabdehə aliment ödəmişdir. Lakin sonradan cavabdeh Goranboy rayonundakı atasının evinə getmiş və o vaxtdan uşaqlar onunla birgə yaşamışlar. Neftçala Rayon Məhkəməsinin 2(053)-71/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi ilə birgə nikahlarında doğulmuş 06 iyun 2007-ci il təvəllüdlü X2, 19 iyun 2010-cu il təvəllüdlü X4, 04 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X6 onun yanında qalmaları müəyyən edilmişdir. Bu səbəbdən cavabdehdən aliment tələb etmək qərarında gəlmişdir. Hal-hazırda cavabdehlə razılaşdığını, hər ay hər bir uşağa görə 50 manat olmaqla, ümumilikdə 200 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı həmçinin məhkəməyə cavabdehlə aliment barədə razılığa gəldikləri ilə bağlı ərizə də təqdim edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hal-hazırda "xxxx" MMC-də satıcı-kassir vəzifəsində işləyir və aylıq 345 manat əmək haqqı alır. Həmçinin səhhəti ilə bağlı problemləri var və bununla bağlı məhkəməyə tibbi sənədlər də təqdim etmişdir. Qeyd edir ki, iddiaçı ilə birgə nikahından doğulmuş uşaqları üçün aliment ödəməsinə etiraz etmir, lakin iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyil. Hal-hazırda iddiaçı ilə alimentlə bağlı razılığa gəldiyini və hər ay hər uşağa görə 50 manat, ümumilikdə 200 manat aliment ödəməyə razı olduğunu bildirir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Cavabdeh həmçinin məhkəməyə iddiaçı ilə aliment barədə razılığa gəldikləri ilə bağlı ərizə də təqdim edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Bu barədə 10 fevral 2016-cı ildə 13 nömrəsi ilə qeydiyyat aparılıb. Neftçala Rayon Məhkəməsinin 2(053)-71/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqları - 06 iyun 2007ci il təvəllüdlü X2, 19 iyun 2010-cu il təvəllüdlü X4, 04 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X6 İddiaçı yanında qalmaları müəyyən edilmişdir. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 06 iyun 2007-ci il təvəllüdlü X3, 19 iyun 2010-cu il təvəllüdlü X7, 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 28 mart 2014-cü il təvəllüdlü X10 adlı uşaqları doğulub. Uşaların atası İddiaçı, anası isə Cavabdehdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları, o cümlədən tərəflərin öz aralarında alimentin miqdarı ilə bağlı razılığa gəldiklərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər bir uşağa görə tutulmalı olan alimentin miqdarı 50 manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İddia ərizəsi məhkəməyə 03 sentyabr 2024-cü ildə daxil olub. Beləliklə, alimentin hesablanması və ödənilməsi iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 03 sentyabr 2024-cü ildən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında rüsum ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.400 manat miqdarında müəyyən edir (200 X 12 = 2.400). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 44 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə - iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin cavabdehdən 44 manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 06 iyun 2007-ci il təvəllüdlü X2, 19 iyun 2010-cu il təvəllüdlü X4, 04 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 50 (əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 03 sentyabr 2024-cü ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat ödənilməli olan dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar