Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1106/2023 11.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı Aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 30 sentyabr 2011-ci il təvəllüdlü X4, 18 iyun 2013-cü il təvəllüdlü X2 və 08 fevral 2017-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər hər uşaq üçün ayrılıqda 220 manat, umumilikdə 660 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 sentyabr 2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 30 sentyabr 2011-ci il tarixdə X7, 18 iyun 2013-cü il tarixdə X3 və 08 fevral tarixdə 2017-ci il tarixdə isə X8 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri kəskin şəkildə pozulmuş, hal-hazırda tamamilə kəsilmişdir. Onlar hazırda ayrı-ayrılıqda yaşayırlar. Cavabdeh onları daimi yaşadıqları evdən qovduğu üçün bacısıgilin Bakı şəhərindəki evində kirayədə yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədirlər. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Uşaqların bütün qayğısını, ehtiyaclarını tamamilə özü çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə “aliment ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 06 noyabr 2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hazırda cavabdehin maddi durumunu nəzərə alaraq, ondan hər ay üç uşağa görə cəmi 500 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcək. İşə onun iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, Salyan rayonunda yerləşən, "xxxx" MMC-də fəhlə işləyir və əmək haqqı üzrə vəzifə maaşı cəmi 350 manatdır. İddiaçının tələb etdiyi aylıq 500 manat aliment ödəməyə maddi imkanı yoxdur. Rəsmi iş yeri və aldığı əmək haqqından başqa gəlir yeri və qazancı yoxdur. Hazırda iddiaçı ilə rəsmi nakahdadır. Bu səbəbdən hər ay üç uşağa cəmi 300 manat məbləğində aliment ödəyə bilər. Uşaqlarına aliment ödəməsinə etirazı yoxdur, lakin iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyil. Həmçinin alimentin əmək haqqı və hər cür gəlirlərinə yönəldilməsinə və ½ hissədə tutulmasına etirazı yoxdur. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Cavabdeh nümayəndəsi, Vəkil məhkəmə baxışı iclası zamanı iddianın qismən təmin olunmasını, üç uşağın yetkinlik yaşlarına çatana kimi hər ay cavabdehdən cəmi 300 manat alimentin tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi və onun nümayəndəsini dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. “Nikah haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı və cavabdeh arasında 12 sentyabr 2010-cu il tarixdə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Fətullayeva” olub. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X7 30 sentyabr 2011-ci ildə, X3 18 iyun 2013-cü ildə və X8 08 fevral 2017-ci il tarixdə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. «İlkin Mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İş materiallarına əlavə olunmuş 04 nömrəli arayışdan görünür ki, Cavabdeh 01 iyul 2022-ci il tarixindən etibarən "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir və əmək haqqı üzrə vəzifə maaşı 350 AZN təşkil edir. İş materiallarına əlavə olunmuş Salyan rayon Vəkil bürosunun vəkilinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, Neftçala rayonu, 1-ci Qaralı kənd sakini Cavabdeh yaşadığı təsərrüfata baxış keçirilmiş, baxış zamanı təsərrüfatda iribuynuzlu mal-qara və xırdabuynuzlu heyvan aşkar olunmamışdır. Cavabdeh dediyinə görə 2 baş inək və 1 baş dana 4 ay bundan əvvəl satılmışdır. 5 ay əvvəl isə xırda buynuzlu heyvanlar və 1 baş dana satılıb. Həmçinin həyətdə olan toyuq-cücə də satılıb. Pay torpağı isə 5 illik başqa şəxsə icarəyə verilib. Baxış zamanı İddiaçı evdə aşkar olunmamış, Cavabdeh deməsinə görə 3 uşağı ilə birlikdə İddiaçı Bakı şəhərində kirayədə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.3-cü maddəsinin mənasına görə 3 və daha çox uşağa görə aliment qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3cü maddəsində göstərilən qaydada tutulacağı təqdirdə onun aylıq miqdarı ümumilikdə 175 manat, hər bir uşağa görə isə 58,33 manat təşkil edəcək. Məhkəmə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, alimentin yuxarıda göstərilən miqdarda ödənilməsi uşaqların və iddiaçının maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə, o cümlədən uşaqların maddi təminatında ciddi problemlər yarada bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını, uşaqların maraqlarını nəzərə alaraq 30 sentyabr 2011-cı il təvəllüdlü X4, 18 iyun 2013-cü il təvəllüdlü X2 və 08 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3 və 78.1-ci maddələrində nəzərdə tutulmuş qaydada, yəni hər ay hər bir uşağa görə cavabdehdən qazancın (başqa gəlirlərin) yarısı və hər ay hər uşağa 65 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 17 oktyabr 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 4400 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğub olaraq 64,40 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh uşaqları – 30 sentyabr 2011-cı il təvəllüdlü X4, 18 iyun 2013-cü il təvəllüdlü X2 və 08 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə cavabdehdən qazancın (başqa gəlirlərin) yarısı və hər ay hər uşağa görə 65 (altmış beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 17 oktyabr 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 64,40 (altmış dörd manat qırx qəpik) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1106/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1106/2023
11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver