Məhkəmə qərarları › İş №2(053)-1140/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1140/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1140/2023 14.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşağı – 20 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 28 aprel 2012-ci ildə el adəti ilə ailə qurmuş, nikahları bir müddət sonra, yəni 01 dekabr 2015-ci ildə Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 265 nömrəsi ilə qeydə alınmışdır. Bildirir ki, cavabdeh ona qədər bir dəfə evli olmuş, onun bu evliliyindən uşağı olmamış və nikahı məhkəmə qaydasında pozulmuşdur. Bundan bir müddət sonra isə onunla ailə həyatı qurmuş və faktik olaraq ər-arvad münasibətlərində yaşamışlar. Hal-hazırda da birgə yaşayırlar. Birgə yaşadıqları müddətdə doğulmuş 20 avqust 2015-ci il təvəllüdlü X6 adlı bir uşağları var. Uşaq doğulduqdan sonra nikahları yuxarıda qeyd edilən tarixdə rəsmiləşdirilmiş və eyni zamanda həmin tarixdə uşağın atalığı müəyyən edilərək bu barədə müvafiq şəhadətnamə verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin Neftçala rayon X8 Hissəsinin 109 nömrəli Yanğından Mühafizə bölməsində yanğınsöndürən vəzifəsində işləyir. Rəsmi arayışa əsasən o, aylıq əmək haqqı olaraq 740,14 manat məbləğində maaş alır. Qeyd edir ki, əvvəllər belə olmasa da, son aylar cavabdeh ailənin maddi təminatı ilə maraqlanmamış, birgə yaşamaqlarına baxmayaraq uşağa və ona qarşı oluqca laqeyd münasibət göstərməyə başlamışdır. O, bunun səbəbini də ondan gizlədir. Nəticədə isə azyaşlı uşağı ilə birlikdə ağır maddi durumla üz-üzə qalmışdır. Özü “Epilepsiya” xəstəliyindən əziyyət çəkdiyindən və uşağının azyaşlı olması səbəbindən işləməyi də hazırda qeyri-mümkündür. Yaxın qohumlarının müəyyən maddi köməkliyi ilə yaşamaq üçün ən zəruri olan tələbatları ödəyə bilsə də, uşağın getdikcə artan tələbatları və digər ümumi maddi tələbatlar ona kifayət qədər çətinlik yaradır. Digər tərəfdən cavabdeh ona qarşı aliment tələbi ilə iddia qaldacağını mediator tərəfindən dəvət edilərkən bildiyindən ona qarşı daha aqressiv olmuş, bundan sonra uşağa və ona heç bir qayğı göstərməyəcəyini açıq şəkildə bəyan etmişdir. Ona görə də əlacsız qalıb, cavabdehdən aylıq qazancının qanunla nəzərdə tutulmuş hissəsinin uşağın saxlanması üçün onun xeyrinə tutulması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək xəstəliyi ilə əlqədar növbəti məhkəmə iclaslarına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. “Atalığın müəyyən olunması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 20 avqust 2015-ci ildə X2 doğulmuş X7 atası hesab edilmişdir. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 20 avqust 2015-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası isə X4r. “Nikah haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı və cavabdeh arasında 01 dekabr 2015-ci il tarixdə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Gözəlova” olub. Neftçala rayon X8 hissəsinin xx.xx.2023-cü il tarixli araışından görünür ki, həqiqətən də Cavabdeh Neftçala rayon DYMH-nin 109 nömrəli yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində işləyir və onun aylıq əmək haqqı 740,14 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin mənasına görə 1 uşağa görə aliment — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, 20 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24 oktyabr 2023-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşağı – 20 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqına və hər növ qazancına yönəlməklə ¼ hissədə aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 24 oktyabr 2023-cü ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar