Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1169/2024 15.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş uşağı – 09 mart 2023-cü il təvəllüdlü X1 üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 mart 2023-cü il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından dünyaya gələn 09 mart 2023-cü il təvəllüdlü X5 hazırda onun yanındadır. Bildirir ki, cavabdeh uşağın saxlanılması üçün bugünə qədər köməklik göstərməmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağın yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq o, cavabdehdən hər ay 235 manat alimentin mediasiya üçün müraciət edildiyi xx.xx.2024-cü il tarixdən tutulmasını istəyir. X2 apardığı ilkin mediasiya prosesində iştirak etmiş, lakin qarşı tərəf iştirak etmədiyi üçün mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş, 50 manat mediasiya rüsumu ödənilmişdir. Cavabdeh anası X10 09 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə (vəsatət) göndərərək, oğlunun hal-hazırda ailədə yaşanan problemlər səbəbindən Rusiya Federasiyasına getdiyini, onlarla yalnız telefonla əlaqə saxladığını, bu səbəbdən oğlunun xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, eyni zamanda nənə-baba olaraq özünün və həyat yoldaşının nəvələrinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya 150 manat pul məbləğinin ödənilməsinə razı olduğunu, bundan artıq maddi imkanlarının olmadığını bildirərək qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının uşağı saxlamaqda çətinlik çəkdiyini, cavabdehin hal-hazırda xarici ölkədə yaşadığını, uşağın saxlanılmasında heç bir köməklik etmədiyini, 150 manat alimentə razı olmadıqlarını, uşağın müalicəyə ehtiyacı olduğunu bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş, lakin Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. “Nikah haqqında” arayışdan görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah 06 yanvar 2022-ci il tarixdə, 02 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, X7 nikah bağlandıqdan sonra “Yusifova” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 09 mart 2023-cü il tarixdə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddia ərizəsində nikahın qeyd olunduğu tarix 29 mart 2023-cü il kimi göstərilsə də, nikah 06 yanvar 2022-ci il tarixdə qeyd olunmuş, eyni zamanda uşağın soyadı “Yusifova” qeyd olunsa da, hüquqmüəyyənedici sənədlərdə “Yusifli”dir. Beləliklə iddia ərizəsində nikahın rəsmi qeydə alındığı tarix 06 yanvar 2022-ci il, azyaşlının soyadı “Yusifli” kimi oxunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia müvafiq hissədə qismən təmin olunmalı, 09 mart 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 01 oktyabr 2024-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2040 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 40,40 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin olunsun. Cavabdeh uşağı – 09 mart 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 01 oktyabr 2024-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1169/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1169/2024
15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver