Məhkəmə qərarları › İş №2(053)-120/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-120/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-120/2024 18.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Aliment tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları – 20 dekabr 2006-cı il təvəllüdlü X1 və 18 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 yanvar 2006-cı il tarixdə faktiki nikaha daxil olub ailə həyatı qurmuş, nikahlarını 20 fevral 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Nikaha daxil olan zaman və nikah dövründə nikah müqaviləsi bağlamamışlar. Birgə nikahlarından 20 dekabr 2006-cı il təvəllüdlü X3 və 18 oktyabr 2010-cu il təvəllüdlü X4 adlı iki övladları doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(53)-384/2012 saylı, 12 noyabr 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və cavabdehlə birgə nikahlarından doğulmuş 20 dekabr 2006-cı il təvəllüdlü X1 və 18 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər bir uşaq üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, həmin icra işinə ərizəsi əsasında xitam verilmişdir. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. O, dəfələrlə cavabdehdən azyaşlı uşaqlarının saxlanması üçün maddi kömək tələb etsə də, cavabdeh bu təklifdən boyun qaçırır. Buna görədə cavabdehdən hər bir uşaq üçün hər ay 220 manat sabit pul məbləğində aliment məhkəmə qaydasında alınıb ona ödənilməlidir. Cavabdeh mediasiya sesiyasına çağırılsa da, o, mediasiya sesiyasına gəlməmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hazırda cavabdehin maddi durumunu nəzərə alıb, iddia ərizəsində dəqiqləşdirmə apararaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək cavabdehdən uşaqların saxlanılması üçün alimentin tutulmasına ehtiyacı olduğunu və uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirmişdir. O, Bakı şəhərində, corab sexində işlədiyini, hər iki uşağının tələbə olduğunu və uşaqları təkbaşına saxladığını bildirmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul edərək uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. “Nikahın pozulması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı və cavabdeh arasındakı nikah ləğv edilmiş və 04 mart 2013-cü il tarixdə akt qeydləri kitabında 14 nömrəsi ilə qeyd edilmişdir. “Doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X3 20 dekabr 2006-cı il tarixdə, X4 isə 18 oktyabr 2010-cu il tarixdə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə X5r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, uşaqların əvvəlki təminat səviyyəsini saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 150 (yüz əlli) manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 28 noyabr 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3.600 (üç min altı yüz) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 56 (əlli altı) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşaqları – 20 dekabr 2006-cı il təvəllüdlü X1 və 18 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 28 noyabr 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar