Məhkəmə qərarları › İş №2(053)-1252/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1252/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1252/2025 07.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, e-2(053)-106/2024 nömrəli qətnaməsi ilə cavabdehdən 15 iyul 2020-ci il təvəllüdlü X2 və 29 oktyabr 2021-ci il təvəllüdlü X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında tutulan aliment miqdarının dəyişdirilərək cavabdehdən mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilən 13 may 2025-ci il tarixdən hesablanmaqla onun (iddiaçının) xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən 15 iyul 2020-ci il təvəllüdlü X2 və 29 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməlidir. İddiada həmçinin qeyd olunur ki, Neftçala Rayon Məhkəməsinin 12 yanvar 2024 cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin olunaraq, onunla (iddiaçı ilə) Cavabdeh arasında 24 avqust 2019-cu il tarixdə bağlanmış və həmin tarixdə 5 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 3482 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, 15 iyul 2020-ci il təvəllüdlü X2 və 29 oktyabr 2021-ci il təvəllüdlü X3 boşanmadan sonra onun (iddiaçının) yanında qalmaları müəyyən edilmişdir. Hazırda Cavabdeh gəlirləri qeyri-sabitdir və rəsmi gəlir yeri yoxdur. Cavabdehin özünə məxsus şirkəti olsa da, onun barəsində cinayət işi açılmış və hər ay cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyir. Bu isə alimentin miqdarının az və qeyri-sabit olmasına səbəb olur. Ödənilən aliment uşaqların saxlanmasına kifayət etmir. İddiaçı göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, əvvəl 25 avqust 2025-ci ildə məhkəməyə elektron ərizə göndərərək səhhəti ilə əlaqədar 26 avqust 2025-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, daha sonra 07 oktyabr 2025-ci il tarixdə yenidən məhkəməyə elektron ərizə göndərərək 08 oktyabr 2025-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində olmalı olduğunu bildirib, 07 oktyabr 2025-ci il tarixində keçiriləcək məhkəmə iclasının növbəti günlərə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə istər birinci, istərsə də ikinci ərizəsində göstərilənləri təsdiq edə biləcək heç bir sübut təqdim etməyib. Hər bir halda cavabdehin birinci ərizəsi nəzərə alınaraq 26 avqust 2025-ci il tarixli hazırlıq iclası 23 sentyabr 2025-ci il tarixinə keçirilmiş, lakin cavabdeh bu məhkəmə iclasında da iştirak etməmişdir. Həmçinin məhkəmə cavabdehin ikinci ərizəsini nəzərdən keçirərək hesab etmişdir ki, onun 08 oktyabr 2025-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində iştirak etməsi zərurəti(əgər həqiqətən belə bir zərurət varsa), hazırkı iş üzrə 07 oktyabr 2025-ci il tarixinə Neftçala Rayon Məhkəməsində təyin olunmuş məhkəmə iclasında iştirak etməsinə maneə törətmir (cavabdeh məhkəməyə bunun əksini təsdiq edə biləcək heç bir sübut təqdim etməyib. Ona görə də məhkəmə cavabdehin məhkəmə iclaslarına gəlməməsini üzrsüz hesab edib, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktik hallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə iddia qismən təmin edilməlidir. Neftçala Rayon Məhkəməsinin e-2(053)-106/2024 nömrəli iş üzrə 19 yanvar 2024cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh uşaqları – 15 iyul 2020-ci il təvəllüdlü X2 və 29 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Bu barədə 29 mart 2024-cü ildə 24 nömrəsi ilə qeydiyyat aparılıb. İddiaçı nikah pozulduqdan sonra «Ağalarova» soyadını qəbul edib. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 15 iyul 2020-ci il təvəllüdlü X4 və 29 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə Mirzəyeva (nikah pozulduqdan sonra – Ağalarova) Fatimə Əhməd qızıdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». İşin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin hazırda sabit aylıq gəlirə (qazanca) malik olub-olmaması halı iş materialları ilə müəyyən edilmir. Eyni zamanda iddiaçı bildirir ki, cavabdeh hazırda cinayət nəticəsində vurulmuş zərər məbləği üzrə ödənişlər edir, bu isə son nəticədə uşaqların saxlanması üçün kifayət edə biləcək məbləğdə alimentin ödənilməsinə maneə törədir. Yəni ödənilən aliment uşaqların saxlanmasına kifayət etmir (iddiaçı bildirir ki, hazırda alimenti faktik olaraq cavabdeh deyil, onun valideynləri hər ay 150 manat olmaqla ödəyirlər). Göstərilənləri və işin s. faktik hallarını, o cümlədən cavabdehin sabit aylıq gəliri (qazancı) barədə (əgər sabit aylıq gəliri (qazancı) vardırsa) məhkəmədə məlumat olmadığını, beləliklə də onun aylıq gəlirinin (qazancının) 1/3 hissəsinin konkret olaraq hansı məbləğ təşkil etdiyini və bu məbləğin uşaqların saxlanması üçün kifayət edibetmədiyinin müəyyən olunmasının cavabdehin zəruri sübutlar təqdim etməməsi səbəbindən hazırda qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyət son nəticədə ananın və uşaqların diqqətəlayiq maraqlarının pozulması ilə nəticələnir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən 2023-cü ildən etibarən baş vermiş inflyasiyanı da nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda istinad olunan 112.1-ci maddəsini və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı məhkəmə tərəfindən müəyyən olunmuş alimentin dəyişdirilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını və ya çətinlik törətdiyini, bu səbəbdən iddiaçının və uşaqların maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu nəzərə alır, işin hallarını nəzərdən keçirərək alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 15 iyul 2020-ci il təvəllüdlü X2 və 29 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay hər bir uşağa görə 176 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının hər uşağa görə 176 manat müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,44 mislini təşkil edir (400 x 0,44 = 176). Göstərilənlərə əsasən iddia qismən təmin olunmalı, 15 iyul 2020-ci il təvəllüdlü X2 və 29 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 08 avqust 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Neftçala Rayon Məhkəməsinin e-2(053)-106/2024 nömrəli iş üzrə 19 yanvar 2024cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilsin, 15 iyul 2020-ci il təvəllüdlü X2 və 29 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar