Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1334/2024 20.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «alimentin formasının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(053)-25/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin formasının (miqdarı) dəyişdirilərək, 09 may 2012-ci il təvəllüdlü X1 və 21 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf işin məhkəmə hazırlıq iclası zamanı iddia tələbinin həcmini azaldaraq hazırda cavabdehin işsizliyini nəzərə alıb ondan hər ay hər bir uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasınının vaxtı veri haqqında məlumat verilmiş tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İddiaçı işin məhkəmə hazırlıq iclası zamanı iddianı müdafiə edərək, Cavabdeh ilə aralarında 11 iyul 2011-ci ildə bağlanmış nikahın Neftçala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə pozulduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş 09 may 2012-ci il təvəllüdlü X1 və 21 noyabr 2013-cü il təvəllüdlü X2 boşanmadan sonra onun yanında qalmaları müəyyən edilmiş, həmçinin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılan zaman cavabdehin rəsmi iş yeri olmuş və qətnaməyə uyğun olaraq alimentin məbləği sonuncunun iş yeri üzrə əmək haqqından tutulmaqla ona məxsus kart hesabına ödənilmişdir. Bu tutulmalar 15 iyun 2024cü il tarixinədək davam etdirilmişdir. Növbəti ayın, yəni iyul ayının aliment ödənişinin kart hesabına köçürülmədiyini görüb bunun səbəbini cavabdehdən soruşmuşdur. O, iş yerini dəyişdiyini bildirərək bunun üçün ondan avqust ayının 10-dək ona möhlət verməsini xahiş etmişdir. Buna baxmayaraq yenə də alimentin ödənilmədiyini görüb bu dəfə məsələ ilə əlaqədar Neftçala rayon İcra və probasiya şöbəsinə müraciət etmişdir. İcra məmuru tərəfindən ona cavabdehin hazırda rəsmi iş yerinin olmaması səbəbindən alimentin icra edilməsinin mümkün olmadığı bildirilərək cavabdehǝ qarşı alimentin tutulması formasının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edir ki, yuxarıda göstərilən tarixdən bu günədək cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilməyib. Digər tərəfdən də böyük oğlu Rəsulun görmə qabiliyyətində müəyyən çətinliklər yarandığından uşağın mütəmadi olaraq tibbi müayinəyə və müalicəyə ehtiyacı vardır. Bütün bunlar isə sözsüz ki, maddi vəsait tələb edir. Göstərilən hallar səbəbindən uşaqları təkbaşına saxlaya bilməyi qeyri-mümkündür. Əldə etdiyi məlumatlara əsasən cavabdeh Bakı şəhərində fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ona görə də cavabdehdən tutulan alimentin formasının dəyişdirilməsinə zərurət yaranmışdır. Beləliklə cavabdehin hazırda rəsmi iş yerinin olmadığını, qazancının qeyri-müntəzəm olduğunu və uşaqların saxlanmasında faktiki olaraq iştirak etmədiyini, həmçinin ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun cari ildə 235 manat olduğunu, növbəti ildə isə böyük ehtimal ki, daha artıq olacağını nəzərə alaraq məlum qətnamə ilə müəyyən olunmuş alimentin tutulması formasının (miqdarının) dəyişdirilib hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində müəyyən edilməsini istəyir. Eyni zamanda hesab edir ki, iddia tələbi qanunidir və cavabdehdən tələb etdiyi alimentin miqdarı onun maddi imkanına uyğundur. Buna görə də alimentin formasının dəyişdirilərlək sabit pul məbləğində tutulmasına zərurət yaranmışdır. Ona görə də iddianın təmin edilərək aliment məbləğinin hər ay hər bir uşağa görə 235 manat olmaqla sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh işin məhkəmə hazırlıq iclası zamanı iddianı qəbul edərək iddiaçının onun keçmiş arvadı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, iddiaçı ilə aralarındakı nikah Neftçala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda işsizdir. Bu səbəbdən hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin ondan tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı tərəfləri dinləyib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətləri ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından 09 may 2012-ci il təvəllüdlü X1 və 21 noyabr 2013-cü il təvəllüdlü X3 adlı uşaqlar doğulmuşlar. “Nikahın pozulması haqqında” şəhadətnamənin surəti və Neftçala Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Quliyeva (nikahdan əvvəl - Səlimova) Sona Yaşar qızı ilə Cavabdeh arasında 11 iyul 2011-ci ildə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş uşaqlar – 09 may 2012-ci il təvəllüdlü X1 və 21 noyabr 2013-cü il təvəllüdlü X2 Quliyeva (nikahdan əvvəl - Səlimova) Sona Yaşar qızının yanında qalmaları müəyyən olunmuş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Məhkəmə aliment miqdarı müəyyən edildikdən sonrakı dövrdə uşaqların xeyli böyüdüklərini və bununla da qayğılarının artdığını, 2023-cü illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun dövlət səviyyəsində artırıldığını və cavabdehin rəsmi olaraq əmək haqqı almadığını nəzərə alır və hesab edir ki, bunlar uşaqların və anasının maddi vəziyyətində diqqətəlayiq dəyişiklik kimi qiymətləndirilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». İşin faktik hallarından göründüyü kimi uşaqlar ananın yanında qalırlar və təbiidir ki, iddiaçı onların müxtəlif gündəlik qayğılarını çəkməli olur. Bununla da o, valideyn olaraq üzərinə düşən vəzifələri (hər iki valideynə aid olan ümumi vəzifələrin öz üzərinə düşən hissəsini) icra edir. Ata da uşaqlara münasibətdə üzərinə düşən vəzifələri icra etməli, o cümlədən uşaqlara görə aliment ödəməklə onların maddi ehtiyaclarını qarşılamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, hazırda cavabdehin rəsmi iş yeri olmadığından azyaşlı uşaqlar üçün cavabdehin hər ay aylıq qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması haqqında qətnamənin icrasız qalması həm iddiaçının, həm də azyaşlı uşaqların mənafeləri baxımından ədalətli deyildir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. İddiaçı ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan məbləğ miqdarda hər uşaq üçün aliment tələb edir. Cavabdeh isə bu məbləğlə razı olduğunu bildirir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, uşaqların maraqlarını və işin hallarını nəzərə alaraq, cavabdehdən uşaqları 09 may 2012-ci il təvəllüdlü X1 və 21 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 235 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-25/2023 nömrəli iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı (forması) dəyişdirilsin. Cavabdeh uşaqları – 09 may 2012-ci il təvəllüdlü X1 və 21 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1334/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1334/2024
20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver