Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1379/2025 04.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı cehiz əmlakının çıxarılması tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan evdən götürülməsi və məhkəmə xərclərinin cavabdehin üzərinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, o, geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2, 149.2.3, 149.2.4-1 və 149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)»; «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb»; «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat» «ərizəyə əlavə edilən sənədlərin siyahısı» göstərilməlidir. Həmin Məcəllənin 150.1.1, 150.1.2, 150.1.5 və 150.1.7-ci maddələrinə əsasən iddia ərizəsinə «cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla)»; «dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd»; «iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri»; «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinin tələbinə görə ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Ərizə qanunvericiliyin tələblərinə tamamilə zidd forma və məzmunda tərtib edilib. Qeyd olunur ki, iddia ərizəsində cavabdehin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatlar, (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, habelə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Bununla yanaşı, iddia ərizəsinin surəti də məhkəməyə təqdim olunmayıb. Həmçinin qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, yazılı sübutların işdə iştirak edən şəxslərin sayına uyğun surətləri də əlavə edilməyib. Bundan başqa iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli olduğu halda, həmin tələbə riayət etməmiş, iddia ərizəsinə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə etməmişdir. Beləliklə, iddia ərizəsi yuxarıda göstərilən tələblərə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1, 152.1.5 və 152.1.6-1-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə»; «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə»; «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı cehiz əmlakının çıxarılması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İzah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1379/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1379/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver