Məhkəmə qərarları › İş №2(053)-291/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-291/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-291/2025 03.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2, Cavabdeh iştirakı ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı əlavə xərcin tutulması tələbləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından doğulmuş 24 fevral 2007-ci il təvəllüdlü X2 təhsilini başa vuranadək, yəni 2028-ci ilin iyul ayınadək əlavə xərclərində iştirak edilməsi üçün cavabdehdən hər ay 250 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, X7 Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinin tələbləri qaydasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qarışıb, Cavabdeh qarşı tələb irəli sürərək, cavabdehin onun ali təhsil alması ilə bağlı əlavə xərclərə cəlb olunmasına, yəni atası Cavabdeh hər ay 250 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehlə nikahlarını 29 may 1994-cü ildə Neftçala rayon Qeydiyyat şöbəsində 88 nömrəsi ilə rəsmiləşdirmişlər. Onların birgə nikahından 17 iyun 1995-ci il təvəllüdlü X8, 07 may 1997-ci il təvəllüdlü X10 və 24 fevral 2007-ci il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(053)-88/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulub. Lakin nikah pozulmamışdan əvvəl cavabdehdən ayrı yaşadığı üçün ondan aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(053)-145/2020 nömrəli qətnaməsi ilə 24 fevral 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşana çatana qədər hər ay cavabdehdən 160 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda qızı Təhminə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin fizika müəllimliyi ixtisasında əyani təhsil alır və 1-ci kurs tələbəsidir. Qeyd edir ki, qızının təhsil alması və əlavə xərcləri üçün onun maddi imkanı kifayət etmir. Rəsmi olaraq heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Bu ilin fevral ayının 24-də qızının 18 yaşı tamam olduğundan ona verilən aliment də dayandırılmışdır. Cavabdehin rəsmi iş yerinin olmasını bilsə də, onun harada və hansı vəzifədə işlədiyi ilə bağlı məlumatı yoxdur. O, cavabdehdən uşağın əlavə xərclərində iştirak etməsi ilə bağlı Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesində iştirak etmədiyindən ona 07 yanvar 2025-ci il tarixli, MŞS/MT- 028/2024/0877A nömrəli arayış təqdim edilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin fizika müəllimliyi ixtisasında əyani təhsil aldığını və 1-ci kurs tələbəsi olduğunu bildirmişdir. Hal-hazırda Bakı şəhərində kirayə evdə yaşayır və ingilis dili kursuna gedir. Anası onun ingilis dili kursuna aylıq 100 manat, kirayə qaldıqları ev üçün isə hər ay kommunal xərclər daxil 170 manat ödəniş edir. Aylıq 30 manat məbləğində də yol xərcləri olur. Həm universitetə, həm də kursa getdiyi üçün işləmək iqtidarında deyil. Atasının vəziyyətini nəzərə alaraq ondan tutulacaq pulun 50 manat məbləğində müəyyən olunmasına razıdır. Eyni zamanda qeyd edir ki, artıq yetkinlik yaşına çatdığına görə cavabdehə qarşı müstəqil tələb irəli sürmək hüququ yaranıb. Bu səbəbdən cavabdehdən alınacaq məbləğin iddiaçının (anasının) xeyrinə deyil, onun özünün xeyrinə tutulmasını istəyir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda iş yeri üzrə aylıq aldığı əmək haqqı 579 manatdır. İddiaçıya olan aliment borcunu qaytarmaq və digər borclarını ödəmək üçün bankdan kredit götürmüşdür. Hal-hazırda aylıq 415 manat məbləğində kredit ödənişi edir. Bundan başqa ona məxsus olan evdə də hazırda iddiaçı uşağı ilə birlikdə yaşadığından o, başqa evdə kirayədə qalır. Aylıq 170 manat məbləğində də ev kirayəsi üçün pul ödəyir. İş yerindən aldığı əmək haqqından başqa gəlir yeri yoxdur. Əgər qardaşı və bacısı ona kömək etməzsə, dolana bilməz. Qızının təhsil xərcləri üçün hər ay 50 manatdan artıq pul ödəmək iqtidarında deyil. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahından 24 fevral 2007-ci il təvəllüdlü X7 adlı uşaq doğulub. Neftçala Rayon Məhkəməsinin 2(053)-145/2020 nömrəli iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «İddia tələbi təmin edilsin. Azyaşlı – 24 fevral 2007-ci il tarixdə doğulmuş Təhminə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanmasından ötrü hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilsin...» Neftçala Rayon Məhkəməsinin 2(053)-88/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə cavabdeh X3 arasındakı Neftçala Rayon VVAQ Şöbəsi tərəfindən 29 may 1994-cü il tarixli nikahın bağlanması haqqında 88 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından 24 fevral 2007-ci il tarixdə anadan olmuş X7 cavabdeh – anası X1 yanında saxlanılsın...» «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasındakı nikahın pozulması ilə əlaqədar 30 mart 2021-ci ildə 27 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra iddiaçı «Musayeva» soyadına qayıdıb. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında mümkün olmayıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X7 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının əyani təhsilalma formasının birinci tədris ilinin tələbəsidir. "xxxx" ASC-nin Salyan filialı ilə Cavabdeh arasında 04 noyabr 2024-cü ildə bağlanmış BPM**********35 nömrəli istehlak kredit müqaviləsindən və ona əlavə olunan ödəniş cədvəlindən görünür ki, sonuncuya 59 ay müddətinə illik 28,9 faiz dərəcəsi ilə 13.000 manat məbləğində kredit verilib. Ödəniş cədvəlinə əsasən Cavabdeh hal-hazırda da kredit ödənişi edir. "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən verilən çıxarışdan görünür ki, Quliyev X6 İdarəsində akkumulyatorçu vəzifəsində çalışır və aylıq 579,73 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən «Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər», «Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur». Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən «Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslə cavabdeh arasında məhkəmə dövründə müvafiq pul məbləği ilə bağlı razılığın əldə olunduğunu nəzərə alaraq hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin tələbi qismən təmin edilməli, yəni Cavabdeh 24 fevral 2007-ci il təvəllüdlü qızı X2 təhsili ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməli, ondan hər ay sabit pul məbləğində 50 (əlli) manat tutularaq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 ödənilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsini, o cümlədən X2 artıq yetkinik yaşına çatdığını və tam həcmdə mülki-prosessual fəaliyyət qabiliyyəti, beləliklə də məhkəməyə müstəqil tələblə müraciət etmək hüququ əldə etdiyini nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə və mövcud əsaslarla İddiaçı Cavabdeh qarşı iddia qaldıra bilməz. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı iddiası rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qızı X2 ali təhsil alması ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməsi tələbinə dair iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı tələbi qismən təmin edilsin. Cavabdeh X2 ali təhsil alması ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb olunsun və ondan hər ay sabit pul məbləğində 50 (əlli) manat tutularaq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 ödənilsin. Qeyd olunan ödənişlər X7 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin fizika müəllimliyi ixtisası üzrə ali (bakalavr) təhsilini bitirənədək davam etdirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar