Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-334/2023 02.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqları – 22 dekabr 2018-ci il təvəllüdlü X1 və 19 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 440 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 02 oktyabr 2016-cı il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə qurduğunu, birgə nikahlarından 22 dekabr 2018-ci ildə X3 və 19 fevral 2021-ci ildə isə X4 adlı iki uşaqları doğulduğunu bildirmişdir. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri normal olmuş, sonradan xasiyyətləri uyğun gəlmədiyi səbəbindən artıq ərarvad kimi birgə yaşamaqları mümkün olmamışdır. 14 dekabr 2022-ci il tarixdə Cavabdeh ilə aralarında yaranmış söz-söhbət nəticəsində uşaqları ilə birgə atası X5 evinə gəlmişdir. Həmin vaxtdan hal-hazıra kimi atasına məxsus evdə yaşayır. Cavabdeh sonradan uşaqları ilə onu özünə məxsus evinə aparmaqdan imtina etmişdir. Hazırda Cavabdeh ilə aralarındakı ailə münasibətləri tamamilə pozulmuşdur. Uşaqları onun himayəsində yaşayır. Cavabdeh uşaqların maddi təminatı ilə maraqlanmır. Özü heç bir rəsmi işdə işləmir. Cavabdeh ona və uşaqlarına faktiki ayrıldıqları gündən bu günə kimi, yəni dörd aydır ki, heç bir maddi köməklik göstərməmişdir. Atasının təqaüdü ilə uşaqlarını və özünü güclə dolandırır. Cavabdeh Bakı şəhərində neft tankeri gəmisində bosman vəzifəsində işləyir. Onun hər ay qazancı 1500 manat civarında olsa da uşaqlarını saxlamaqda heç bir köməklik göstərmir. Bu baxımdan da uşaqların saxlanması üçün maddi yardıma çox ehtiyacı vardır. Cavabdeh ata kimi vəzifəsini birmənalı olaraq yerinə yetirmir. Uşaqların saxlanılması üçün hər ay 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyə cavabdehin maddi imkanı vardır. İlkin olaraq mediatora da müraciət edilmişdir, lakin ilkin Mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. Buna görə də arayış təqdim edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdeh olan oğlu ailəsinin heç bir üzvünü saxlamaqdan imtina etmir və bütün qazancını ailənin maddi təminatının yaxşılaşması üçün səfərbər edir. İddiaçının məhkəmədə sadəcə aliment tələbinə adir iddia qaldırması təsadüfü deyil. İddiaçı ərizəsində xasiyyətlərinin uygunsuzluğunu, ər-arvad kimi birgə yaşamaqlarının mümkünsüzlüyünü geyd etmişdir. Bu isə nikahın pozulmasının faktiki əsasıdır. Ancaq iddiaçı nikahın pozulmasını deyil, sadəcə uşaqların saxlanması üçün aliment tələb edir. Onun bu addımı sadəcə tamahkarlıq motivli bir hərəkət olmaqla oğlunun həyatına maddi olaraq qəsd etmək, nikahı isə formal olaraq saxlayaraq hansısa geri dönüşü üçün qarantiya etmək məqsədi daşıyır. Oğlumun iddiaçını, eyni zamanda övladlarını özünə məxsus fərdi yaşayış evinə aparmaqdan imtina etməsi barədə iddiaçının qeyd etdikləri yalandır. İddiaçı cavabdehə alimentlə bağlı mediasiya təklifi göndərəndən on gün ərzində cavabdeh ona mediasiya təklifinə yazılı cavab yazaraq barışıq təklifi etmiş və təklifi cavabsız qalmışdır. Həmin cavab məktubunu və qəbzi cavabdeh məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsinə əlavə etmişdir. Etiraz ərizəsində göstərilən əsaslarla cavabdeh hesab edir ki, iddiaçının tələbi alimentin sabit məbləğdə deyil, gəlirdən müəyyən olunmuş hissə tutulmaqla təmin olunmalıdır. Oğlum "xxxx" MMC-də “Caspian Carrier” gəmisində “bosman” vəzifəsində işləyir və gəlirləri barədə arayış etiraza əlavə edilmişdir. Onun başqa gəlir yeri yoxdur. İddiaçı və uşaqlar fiziki cəhətdən sağlamdırlar və digər hər hansı xərclərə ehtiyacları yoxdur. Bu səbəbdən cavabdeh iddianı etiraf etmədiyi hissədə alimentin iki uşağa birlikdə 440 manat sabit pul məbləğində tutulması hissəsidə rədd ediməsini xahiş etməklə cavadehin hər ay hər uşağa görə 100 (yüz) manat məbləğində aliment ödəyə biləcəyinin də bildirmişdir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, 27 mart 2023-cü il tarixdə məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək iddia tələbinin etiraf etmədiyi hissədə rədd edilməsini xahiş etmiş, lakin məhkəmə baxışı iclasının yeri və vaxtı haqqında məlumatı olduğu halda məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və cavabdeh tərəfin nümayəndəsini dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında 02 oktyabr 2016-cı ildə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Məmmədova” olub. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X3 22 dekabr 2018ci ildə, X4 19 fevral 2021-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. “X9” LTD-nin arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də “Caspian Carrier” gəmisində “bosman” işləməklə onun aylıq gəliri tutulmalar xaricində 400 manatdaır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.2-ci maddəsinin mənasına görə 2 uşağa görə aliment qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində göstərilən qaydada tutulacağı təqdirdə onun aylıq miqdarı ümumilikdə 133,33 manat, hər bir uşağa görə isə 66,66 manat təşkil edəcək. Məhkəmə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, alimentin yuxarıda göstərilən miqdarda ödənilməsi uşaqların və iddiaçının maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə, o cümlədən uşaqların maddi təminatında ciddi problemlər yarada bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını, uşaqların maraqlarını nəzərə alaraq 22 dekabr 2018-ci il təvəllüdlü X1 və 19 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni hər ay hər bir uşağa görə 150 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 06 mart 2023-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3.600 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 56 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh uşaqları – 22 dekabr 2018-ci il təvəllüdlü X1 və 19 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 06 mart 2023-cü ildən etibarən həyata keçirilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-334/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-334/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver