Məhkəmə qərarları › İş №2(053)-391/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-391/2025

14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-391/2025 14.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «valideynlərin əlavə xərclərdə iştirakı, alimentin davam etdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 07 yanvar 2007-ci il təvəllüdlü Zümrüd adlı övladlarının müvafiq xəstəliyi, habelə sosial və təhsili ilə əlaqədar maddi yardımlara və s. cari əlavə xərclərə ehtiyacı olduğu üçün bu xərclərin gələcəkdə də çəkilməsinə zərurət olacağını nəzərə alıb, cavabdehi çəkilməsi zəruri olan həmin əlavə xərclərin ödənilməsinə cəlb etməklə, ondan hər ay sabit pul məbləğində 200 manat alimentin pul vəsaitinin müəyyən olunub tutularaq himayəsində qalan övladı Zümrüdə görə faktiki çəkdiyi və gələcəkdə çəkməsi zəruri olan hər cür əlaqədar əlavə xərclərə görə ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, cavabdehlə 08 may 2000-ci ildə Neftçala rayon qeydiyyat şöbəsində qanuni nikah qeyd etdirməklə ailə qurduğunu, birgə nikahlarından 25 iyun 2000-ci il tarixdə Aysel və 07 yanvar 2007-ci ildə Zümrüd adlı uşaqları olduğunu bildirmişdir. Belə ki, Cavabdehla təxminən 10 il müddətində birlikdə yaşadıqdan sonra ailə münasibətləri pozulduğu üçün ayrılmış, aralarında qeyd edilmiş rəsmi nikah isə 2010-cu ildə Neftçala Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən pozulmuşdur. Həmin vaxtlarda Neftçala Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli məhkəmə əmrinə əsasən cavabdehin aylıq qazancının 1/3 hissəsinin tutularaq 2 uşağın saxlanılması üçün ona ödənilməsi qərara alınmış, 3 il sonra - rayon məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Məcidovdan tutulan alimentin miqdarı dəyişdirilərək, ondan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq himayəsindəki 2 azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə verilməsi qət edilmişdir. Əslində Cavabdeh qeyd olunan hər iki məhkəmə aktı üzrə təyin olunmuş aliment məbləğlərini demək olar ki, ödəməmiş, çox nadir hallarda uzun süründürməçilikdən və şikayətlərdən sonra, hərdənbir, çox cüzi məbləğdə aliment pulu ödəmişdir. O, dəfələrlə rayon və hətta respublikanın müvafiq inzibati orqanlarına şikayətlər yazıb, qəbullarda olsa da o, yenə də aliment pulunu ödəmir. Neftçala rayon İcra şöbəsinin dəfələrlə etdiyi xəbərdarlıqlara və gördüyü tədbirlərə baxmayaraq, qəsdən alimentdən yayınmışdır. Məhz buna görə də dəfələrlə inzibati qaydada həbs edilmiş, daha sonra isə Neftçala rayon İcra şöbəsinin müvafiq təqdimatı əsasında və növbəti prosedur qaydaların tətbiqindən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin istintaq orqanı tərəfindən qaldırılmış cinayət işi üzrə müvafiq məhkəmə hökmünə əsasən, müvafiq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxandan sonra artıq onun öhdəsində ödənilməmiş təxminən 10.000 manatdan yuxarı aliment borcu qalmışdır. Nəhayət, növbəti iddiası üzrə Neftçala Rayon Məhkəməsinin 21avqust 2019-cu il tarixli, 2(053)-496/2019 saylı qətnaməsinə əsasən onun Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair iş üzrə, əvvəlki - 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılaraq, (həmin vaxt artıq böyük övladı Aysel 19 yaşına çatmışdır) yuxarıda qeyd olunan ikinci övladları 07 yanvar 2007-ci il təvəllüdlü Zümrüd adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 80 (səksən) manat məbləğində müəyyən edilmişdir. Həmin vaxtdan etibarən də cavabdehdən aliment pulu ilə paralel olaraq hər ay yığılıb qalmış əvvəlki aliment pulu borcundan da 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilmişdir. Bildiyinə görə o, rayon kommunal xidməti sahəsində işləməklə ayda 400 manat civarında əmək haqqı aldığına görə həmin məbləğlər də iş yeri üzrə mühasibatlıq vasitəsilə ondan vaxtlı-vaxtında tutularaq hal-hazıra kimi xeyrinə ödənilir. Bu il 07 yanvar 2025-ci il tarixdə ikinci övladı olan və haqqında sözügedən Zümrüd adlı uşaqlarının artıq 18 yaşı tamam olmuşdur. Təbii ki, mövcud qanunvericiliyə görə Zümrüdün 18 yaşının tamam olması səbəbindən həmin iş üzrə mövcud olmuş müvafiq icra vərəqəsinin icraatı da dayandırılacaqdır. Belə ki, ikinci övladı olan Zümrüd hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” X6 “Mamalıq işi” söbəsinin 1-ci kursun əyani bölməsinin tələbəsidir. O, ödənişli formada təhsil aldığı üçün o, hər il qızı Zümrüd üçün kollecǝ 900 (doqquz yüz) manat məbləğində təhsil haqqı ödəyir. Eyni zamanda Zümrüdün kirayə qaldığı mənzil üçün də hər ay 200 manat məbləğində kirayə haqqı, hələ xeyli məbləğdə əlavə kommunal xidmətlərə görə haqq da ödəyir. Əlavə olaraq hazırki məlum iqtisadi şəraitdə Zümrüdün geyiminə, dərs təhsil ləvazimatlarına, dərslik və s. ədəbiyyatlara, yemək və nəqliyyat xərclərinə də çoxlu pul vəsaiti xərclənir. Bütün bunlarla yanaşı həmçinin bildirir ki, Zümrüdün sağlamlığı da tam yerində deyil və vaxtaşırı səhhətində yaranan müxtəlif xarakterli xəstəliklərə məruz qalır. Hətta o, səhhətində qəflətən baş vermiş kəskin ağrı ilə əlaqədar xx.xx.2023-cü ildə “Neftçala RMX" PHŞ-nin cərrahiyyə şöbəsində “Kəskin appendisit” diaqnozu ilə əməliyyat olunmuş və sonradan da xəstəxanada adına açılmış müvafiq xəstəlik tarixinə əsasən davamlı stasionar müalicələrdə olmuşdur. Zümrüd hal-hazıra kimi də səhhətində olan müvafiq ağrılardan şikayətlənməklə ciddi zərurət yarandıqda ambulator müalicələr alır. Göründüyü kimi, bütün bu əməliyyat və müalicələrlə, həmçinin yaşamı və təhsil alması ilə əlaqədar yaranmış xərcləri təkbaşına ödəmək onun üçün nə qədər də çətin olmuş, hazıra kimi də üzərində olan borcları ödəməkdə davam edir ki, bütün bunlar la təbii ki, onun imkanı xaricindədir. Yuxarıda qeyd etdiyi kimi Cavabdehla birgə nikahlarından doğulmuş Zümrüd adlı övladları yetkinlik yaşına çatsa da, hazırki çətin iqtisadi şəraitdə və vəziyyətdə, o, hələ də ona görə faktiki olaraq həm sağlamlığı üçün, həm də təhsili və yaşamı üçün zəruri maddi əlavə xərclər çəkməkdədir. Bu xərclərin gələcəkdə də çəkilməsi reallığı aktual olaraq qalır. Buna isə onun təkbaşına olaraq nə gücü, nə daşınar-daşınmaz qiymətli əmlakı, nə də çalışdığı özəl sahədəki cüzi qazancından savayı əlavə gəlir mənbəyi və s. maddi imkanı yoxdur. Belə olan təqdirdə hesab edir ki, mövcud qanuna əsasən Cavabdeh da doğma övladı olan Zümrüdə görə yuxarıda sadaladığı faktiki əlavə xərclərin qarşılanmasında iştirak etməli və gələcəkdə çəkilməsi zəruri olan əlavə xidmətlərə görə həmin əlavə xərlərin ödənilməsinə cəlb edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, özü hazırda məhkumdur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Uşaqlarının 18 yaşına kimi onlara aliment vermişdir. Hazırda "xxxx" MMC-də fəhlə işləməklə ayda 350 manat əmək haqqı alır. İkinci dəfə ailə həyatı qurmuşdur. Uşağı yoxdur. Bu vaxta kimi iddiaçı uşağı ilə onun görüşməsinə icazə verməmişdir. Bu səbəbdən uşağına heç bir köməklik göstərə bilməz. Hazırda iddianı qəbul etmir. İş yerindən də çıxarılmaq ehtimalı vardır. Əgər işində qalarsa və nə vaxtsa uşağı onunla rastlaşarsa könüllü olaraq köməklik edəcəkdir. Hazırda buna maddi imkanı çatmır. Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. "Doğum haqqında" şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə Cavabdeh ailə münasibətlərindən 07 yanvar 2007-ci ildə X5 adlı uşaq doğulmuşdur. Neftçala rayon qeydiyyat şöbəsinin 16 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08 may 2000-ci ildə 65 nömrəsi ilə nikah qeyd olunmuşdur. Nikahdan sonra arvada Məcidova soyadı verilmişdir. Qeyd: Nikah Neftçala Rayon Məhkəməsinin 21 iyul 2010-cu il tarixli qətnaməsi ilə pozulmuş və 14 sentyabr 2010-cu ildə 34 №-li alt qeydi ilə Neftçala rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına bu faktı təsdiq edən “Nikahın pozulması haqqında” şəhadətnamənin təsdiq edilmiş surəti əlavə olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-239/2010 saylı 27 iyul 2010-cu il tarixli məhkəmə əmrindən görünür ki, X1 Cavabdeh alimentin tutulması haqqında ərizəsinə baxılmış, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi alınmaqla 25 iyun 2000-ci ildə doğulmuş Aysel və 07 yanvar 2007-ci ildə doğulmuş Zümrüd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 verilməsi əmr edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-496/2019 nömrəli iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi - artırılması tələbinə dair iddiası qismən təmin edilmişdir. xx.xx.2025-ci il tarixli, 53 saylı arayışdan görünür ki, 2007-ci il təvəllüdlü X5 həqiqətən “Kəskin appendisit” diaqnozu ilə xx.xx.2023-cü ildə cərrahiyyə şöbəsində əməliyyat olunmuş və xx.xx.2023-cü il tarixə kimi “Neftçala RMX” PHŞ-də ******* saylı xəstəlik tarixinə əsasən stasionar müalicədə olmuşdur. xx.xx.2024-cü il tarixli, 119 saylı arayışdan görünür ki, X5 həqiqətən Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin “Mamalıq işi” şöbəsinin 1-ci kursun 698-ci qrup tələbəsi olmaqla əyani təhsil alır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən «Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir». Həmin Məcəllənin 81.1, 81.2 və 81.3-cü maddələrinə əsasən «Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər», «Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur» , «Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər». Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən «Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən “valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar”. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir; Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının məzmunundan göründüyü kimi valideynlərdən biri o zaman əlavə xərclərə cəlb olunur ki, alimentin tutulması barədə saziş yoxdur və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə görə 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən “valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Göstərilən Məcəllənin 80.1-ci maddəsinə əsasən “valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyır”. Məhkəmədə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, X3 18 yaşı tamam olmuş və o, tam əmək qabiliyyəti olan şəxsdir. Qeyd olunan hallar, yəni yetkinlik yaşına çatmış X3 ağır xəstə, habelə əmək qabiliyyəti olmayan şəxs olması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Eyni zamanda işin məhkəmə araşdırması zamanı valideynlər arasında qarşılıqlı razılıq əldə edilməmişdir. Cavabdeh uşaqların yetkinlik yaşlarına çatana kimi onlara aliment ödədiyini, iddiaçının valideyn kimi onun uşaqları ilə ünsiyyətinə bu günə kimi mane olduğunu, özünün ikinci dəfə ailə həyatı qurduğunu, fəhlə işləməklə ayda 350 manat əmək haqqı aldığını, hazırda işini itirmək ehtimalının yüksək olduğunu, təhsil üçün vəsait verməyə razı olmadığını və qızı Zümrüd Məcidovanın əlavə xərclərində iştirakına imkanı olmadığını bildirmişdir. Beləliklə, iddia tələbinin təmin olunması yalnız o, halda mümkün ola bilər ki, tərəflər arasında qarşılıqlı razılaşma olsun və ya Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunması hazırkı vəziyyətdə mümkün deyil. Ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «valideynlərin əlavə xərclərdə iştirakı, alimentin davam etdirilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar