Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-399/2023 05.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı «hər ay əlavə xərcdə iştirakı» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 noyabr 2004-cü il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərə cəlb olunması və bununla əlaqədar cavabdehdən hər ay 200 manat olmaqla aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 16 noyabr 2004-cü il təvəllüdlü X1 18 yaşı tamam olmuş, yəni o, yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən “Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər”. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən “Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur”. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını, 16 noyabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatdığını, həmçinin İddiaçı X2 tərəfindən müvafiq məzmunlu etibarnamə verilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə İddiaçı X1 müalicəsi ilə əlaqədar, yəni sonuncunun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəməyə iddia ilə müraciət etmək hüququna malik deyil. Məhkəmə eyni zamanda aşağıda göstərilən məsələlərə münasibət bildirməyi zəruri sayır. Ərizədən və ona əlavə edilmiş tibbi sənəd surətlərindən görünür ki, X2 əlil olmaqla “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu (Oliqofreniya)” xəstəliyindən əziyyət çəkir. Onun əlillik və sağlamlıq imkanlarının məhdudluğu müddəti 16 noyabr 2022-ci il tarixinədək müəyyən edilib. Azərbaycan Respublikası MM-nin 28.1 və 28.2-ci maddələrinə əsasən “Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir”, “Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir”. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən “Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...”. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən “Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır”. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, X1 psixi pozuntu ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün ilk növbədə Azərbaycan Respublikası MPM-nin XXXİİİ fəsli ilə nəzərdə tutulan qaydada məhkəməyə müraciət olunmalı, o, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra qəyyum təyin edilməlidir. Qeyd olunmalıdır ki, X1 anası İddiaçı da onun qəyyumu qismində təyin edilməsi mümkündür. Belə olan təqdirdə qəyyum X1 qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququ əldə edə bilər. İş materiallarından isə X1 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, İddiaçı onun qəyyumu təyin edildiyi görünmür. Beləliklə, mövcud vəziyyətdə İddiaçı müvafiq məzmunlu iddia ərizəsini imzalamaq hüququna malik deyil. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «hər ay əlavə xərcdə iştirakı» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-399/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-399/2023
05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver