Məhkəmə qərarları › İş №2(053)-415/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-415/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-415/2025 03.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş yetkinlik yaşlarına çatmayan 05 oktyabr 2021-ci il təvəllüdlü X3 və 23 sentyabr 2024-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa 275 manat, ümumilikdə 550 manat sabit pul məbləğində alimentin, habelə 23 sentyabr 2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində əlavə xərcin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10 mart 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddiasını müdafiə edərək, cavabdehlə 03 yanvar 2019-cu ildə Neftçala rayonu, Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağladığını bildirmişdir. Birgə nikahlarından 05 oktyabr 2021-ci il təvəllüdlü X6 və 23 sentyabr 2024-cü il təvəllüdlü X7 adlı uşaqlar doğulub. Evliliklərinin ilk vaxtları ailə münasibətləri normal olmuş, sonradan cavabdehin xasiyyətində və davranışında dəyişiklər baş vermişdir. Bu hallar da ailədə söz-söhbətlərə səbəb olmuşdur. Ona görə də o, hamilə vəziyyətdə və bir azyaşlı uşaqla birlikdə valideynlərinin yanına getməyə məcbur olmuşdur. Hal-hazırda da uşaqlarla birlikdə valideynləri ilə birlikdə yaşayır. Artıq xeyli müddətdir ki, cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamırlar. Bu vaxt ərzində uşaqlar onun himayəsində qalmış, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Cavabdeh bir ata kimi uşaqlarının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb. O, bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsini unutmuş və bu məsuliyyəti hələ də dərk etməyib. Halhazırda heç bir yerdə işləmir. Onların bütün maddi xərclərini valideynləri çəkir və onların himayəsində yaşayırlar. Valideynləri də yaşlı və xəstədir, yaşayış səviyyələri özlərinə güclə yetir. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır, yaxşı qazanc əldə edir. Cavabdeh Salyan Rayon Mərkəzi Xəstəxanasının “103” Təcili və X5 Xidmətində və Məhkəmə Tibbi Ekspertiza və X2 Salyan rayon şöbəsində əmək fəaliyyəti ilə məşğul olur. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və özünün diqqətəlayiq mənafelərini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Cavabdehin uşaqlarının maddi təminatını ödəmək onun valideyn kimi borcu və vəzifəsidir. Digər tərəfdən Raul adlı uşaq südəmərdir. Hamiləlik dövründən uşağın doğulmasına qədər bütün xərcləri onun valideynləri çəkib. Cavabdeh ona bir ər, uşağına bir ata kimi heç bir köməklik göstərməyib. Ona görə də azyaşlı uşağı Raulun 3 yaşına çatana qədər baxmaq üçün cavabehdən əlavə xərclərdə iştirak etməsini tələb edir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş İddiaçı gəlməmiş, lakin məhkəmə iclas katibi onunla telefon vasitəsilə əlaqə saxlayarkən uşağının xəstə olması səbəbindən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh 10 mart 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddianı qismən qəbul edərək hər uşaq üçün hər ay 246 manat olmaqla, cəmi 492 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Qeyd edir ki, 23 sentyabr 2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün də hər ay 150 manat məbləğində pulun tutulmasına etiraz etmir. Növbəti məhkəmə iclaslarında iştirak etmədiyi halda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddianın qəbul etdiyi hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmçinin 10 mart 2025-ci il tarixdə məhkəməyə izahatında bildirdiklərinə uyğun məzmunlu ərizə də təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamə ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 03 yanvar 2019-cu ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayonu, Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akt qeydləri kitabında 01 nömrəsi ilə qeyd edilmişdir. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 05 oktyabr 2021-ci il təvəllüdlü X6 və 23 sentyabr 2024-cü il təvəllüdlü X7 adlı uşaqları doğulub. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışlardan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını, və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Hazırkı iddia məhkəməyə 04 fevral 2025-ci il tarixində daxil olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 05 oktyabr 2021-ci il təvəllüdlü X3 və 23 sentyabr 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay hər uşağa görə 246 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının hər uşağa görə 246 manat müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,615 mislini təşkil edir (400 x 0,615 = 246). Göstərilənlərə əsasən iddia alimentlə bağlı olan hissədə qismən təmin olunmalı, 05 oktyabr 2021-ci il təvəllüdlü X3 və 23 sentyabr 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 04 fevral 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə digər iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinin tələblərinə aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: «85.1.1 hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad)». İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 yanvar 2019-cu ildə Neftçala rayonu, Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış nikah qüvvədədir. Ailə Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarına əsasən yalnız nikah pozulduqdan sonra İddiaçı ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində Cavabdeh aliment tələb edə bilər. Bu səbəbdən İddiaçı iddiası 23 sentyabr 2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində əlavə xərcin tutulmasına dair olan hissədə təmin oluna bilməz. Göstərilənlərə əsasən iddia müvafiq hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 5.904 manat miqdarında müəyyən edir (492 X 12 = 5.904). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 79,04 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə - iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 79,04 manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 05 oktyabr 2021-ci il təvəllüdlü X3 və 23 sentyabr 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 04 fevral 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 79 (yetmiş doqquz) manat 04 (dörd) qəpik məbləğində ödənilməli olan dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar