Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-419/2023 13.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərcin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 25 mart 2002-ci il təvəllüdlü uşağı X1 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərclərdə iştirak etməsi məqsədilə 400 manat miqdarında əlavə xərcin və 16 fevral 2006-cı il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 220 manat miqdarında alimentin cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında olan nikah Neftçala Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikahın pozulması 23 fevral 2017-ci il tarixdə müvafiq dövlət orqanında qeydə alınmışdır. Birgə nikahdan 25 mart 2002-ci ildə doğulmuş X6 və 16 fevral 2006-cı ildə doğulmuş X7 adlı uşaqları var. X12 uzun müddətdir ki, ağır psixi xəstəlikdən əziyyət çəkir. Qızının özünü idarə edə bilməməsi səbəbindən o (iddiaçı), heç bir yerdə işləyə bilmir. Fatimənin xəstəliyi ilə əlaqədar əlavə qulluğa ehtiyacı vardır. Onun həqiqətən xəstə olması tibbi sənədlərlə, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 26 fevral 2020-ci il tarixli 1499 saylı arayışına əsasən «orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları» diaqnozu ilə qeydiyyata alınması ilə təsdiq olunur. Göstərilənlərə əsasən cavabdehin onunla birgə nikahından doğulmuş 25 mart 2002-ci il təvəllüdlü övladı X1 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərclərə cəlb edilməsini və bu məqsədlə ondan (cavabdehdən) 400 manat miqdarında əlavə xərcin, həmçinin 16 fevral 2006-cı il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit olaraq 220 manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi, məhkəmə iclasında iştirak etməmişlər. Lakin İddiaçı nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxıb iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi göndərmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, həqiqətən Neftçala Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə olan nikahı pozulmuşdur. Birgə nikahdan 25 mart 2002-ci il təvəllüdlü X6 və 16 fevral 2006-cı il təvəllüdlü X7 adlı iki övladı dünyaya gəlmişdir. Nikah pozulmamışdan əvvəl iddiaçı ona qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Neft-Qaz Çıxartma İdarəsində çilingər vəzifəsində işlədiyinə görə məhkəmənin qərarına əsəsən uşaqlarının yetkinlik yaşına çatana kimi aylıq qazancının və digər gəlirlərinin üçdə bir hissəsi tutularaq İddiaçı xeyrinə verilmişdir. Hazırda böyük X12nın 2020-ci ildə yetkinlik yaşına çatması ilə əlaqədar alimentin ona aid hissəsində icrasına xitam verilmiş, lakin kiçik qızı X7 üçün hər ay əməkhaqqından 350-360 manat civarında aliment tutulur. İşlə əlaqədar bildirir ki, iddiaçı ilə ayrıldıqdan sonra 08 aprel 2016-cı ildə X3 ilə ailə həyatı qurmuşdur. Hazırkı nikahdan uşağı olmayıb. Özü uzun illərdir ki, təzyiq və ürək xəstəliklərindən əziyyət çəkir. Xəstəlikləri ilə bağlı daimi müalicələr alır. Bunun üçün də aylıq xeyli miqdarda dərmanlar alır. Hazırda iddiaçı ondan qızı Fatimənin xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq 400 manat, həmçinin Nəzrin Kərimovanın saxlanması üçün 220 manat aliment tələb edir. Bildirir ki, iddiaçının qızı Fatimə ilə bağlı məhkəməyə təqdim etdiyi tibbi diaqnozla heç vaxt razı ola bilməz. Çünki qızının sadəcə gözündə zəiflik olduğu üçün eynəkdən istifadə edir, lakin iddiaçının uşağın psixi pozuntusunun olması və ikinci şəxsə ehtiyacı olması ilə bağlı göstərdikləri ilə heç vaxt razı ola bilməz. Bildirmək istəyir ki, hazırda çox çətinliklə ailəsini və özünü dolandırır. Həmçinin İddiaçı hazırda türk vətəndaşı ilə ailə həyatı qurub Bakı şəhərində yaşayır. Bundan əlavə iddiaçı Sədərək Ticarət Mərkəzində satıcı işləyib kifayət qədər qazanc əldə edir. Bununla iddiaçının məqsədi onun maddi vəziyyətini bərbad hala salmaqdır. Bundan əlavə ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan - Salyan regional filialının Neftçala rayon qəbul şöbəsi tərəfindən müraciəti əsasında verilmiş 05 may 2023-cü il tarixli arayışda qızı Fatimənin İİ qrup ümumi səbəbdən əlilliyə görə 220 manat məbləğində müddətsiz sosial müavinət alması göstərilmişdir. Qeyd edir ki, iddiaçı ilə birgə yaşadıqları müddətdə öz halal zəhməti ilə aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilini tam təmirli və əşyaları ilə birlikdə iddiaçıya və uşaqlarına qoyaraq evdən çıxmışdır. Bu günədək həmin evin bölgüsü ilə əlaqədar məhkəmədə iddiaçıya qarşı heç bir tələb irəli sürməmişdir. İkinci dəfə ailə qurduqdan sonra bir müddət kirayə qalmışdır. Sonradan məcbur olub "xxxx" ASC-dən kredit götürərək ev almışdır. Hazırda əməkhaqqından həmin banka 4 illik müqavilə əsasında aylıq 610 manat kredit ödənişi edir. Aldığı əməkhaqqından bir uşağa görə aliment tutulandan sonra aylıq maaşının cəmi 300 manatı özünə qalır. Əgər iddiaçının tələb etdiyi məbləğ ondan tutularsa maddi durumu bərbad vəziyyətə düşəcəkdir. Maddi durumunu nəzərə alıb iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş nikah pozulmuşdur. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 25 mart 2002-ci ildə X6 adlı uşaq doğulub. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşin faktik hallarından görünür ki, 25 mart 2005-ci il təvəllüdlü X1 25 mart 2020-ci il tarixində 18 yaşı tamam olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 02 iyun 2020-ci il tarixli 522 nömrəli arayışından görünür ki, 25 mart 2002ci il təvəllüdlü Neftçala rayon sakini X6 həqiqətən də Neftçala MRX-nin xx.xx.2020-ci il tarixli 329 saylı göndərişinə əsasən xx.xx.2020-ci il – xx.xx.2020-ci il müddət arasında «Orta dərəcəli əqli gerilik davranış pozğunluqları ilə, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluqları ilə» diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. İş materiallarına 25 mart 2002-ci il təvəllüdlü X1 müalicəsi ilə bağlı həkim reseptlərinin surətləri əlavə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının Neftçala rayon qəbul şöbəsi tərəfindən 05 may 2023-cü ilə verilmiş arayışın məzmunundan görünür ki, X4 İİ qrup ümumi səbəbdən əlilliyə görə 220 manat məbləğində müddətsiz sosial müavinət təyin edilib. Neftçala Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli 2(053)-335/2013 nömrəli məhkəmə əmrinin nəticəvi hissəsində göstərilir: «Alınsın xx xxxxxx 1972-ci ildə Neftçala şəhərində anadan olmuş Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi verilsin 25 mart 2022-ci ildə doğulmuş Fatimə və 16 fevral 2006-cı ildə doğulmuş Nəzrin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə». Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin 13 iyul 2023-cü il 17/114-868/20 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair icra sənədi üzrə aliment borcu borclunun əməkhaqqına yönəldilmişdir. 2020-ci ilin aprel ayında uşaqlardan birinin 18 yaşı tamam olduğuna görə hal-hazırda 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh gəlirlərindən ¼ hissədə pul tutulmaları davam etdirilir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 08 aprel 2016-cı ildə nikah bağlanmış, həmin nikah Neftçala rayon Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrəsi ilə qeyd edilmişdir. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər». İddianın 16 fevral 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, aliment verməyə borclu olan valideyn Cavabdeh daimi iş yeri var, onun qazancı (gəliri) müntəzəmdir, dəyişən deyil, alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür, çətinlik törətmir, habelə tərəflərdən heç birinin marağını pozmur. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının müvafiq tələbi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin həmin növ tələblərin hüquqi əsasını təsbit edən 78.1-ci maddəsinin təsiri altına düşmür. Digər iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən «Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər», «Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 25 mart 2002-ci il təvəllüdlü qızı – X1 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməli, ondan hər ay sabit pul məbləğində 80 (səksən) manat tutulmaqla İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İddia ərizəsi məhkəməyə 10 aprel 2023-cü ildə daxil olub. Beləliklə, əlavə xərcin tutulması 10 aprel 2023-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 25 mart 2022-ci il təvəllüdlü X4 görə əlavə xərclərin ödənilməsinə cəlb edilsin və ondan hər ay sabit pul məbləğində 80 (səksən) manat tutularaq İddiaçı ödənilsin. Əlavə xərcin tutulması 10 aprel 2023-cü il tarixdən həyata keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-419/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-419/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver