Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-431/2024 15.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Nikah pozulmadan aliment tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş uşağı – 20 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 yanvar 2015-ci il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Bildirir ki, cavabdeh uzun müddətdir ki, rəsmi nikahı olmadan başqa bir xanımla yaşayır. Bu fakt məlum olduğu gündən etibarən ailədaxili münaqişələri başlamış, birgə nikahlarından dünyaya gəlmiş azyaşlı, 20 dekabr 2013-cü il təvəllüdlü X5 iddiaçının himayəsindədir. Cavabdeh uşağı ilə maraqlanmır, ümumiyyətlə ailəyə nə maddi, nə də mənəvi dayaq olmur. O, uşağına baxmaqda çətinlik çəkir, sadəcə istəyir ki, cavabdeh uşağına baxmaqda məsuliyyətli olsun, o da uşağının gələcəyini düşünsün. Tək ana olaraq uşağın maddi təminatını ödəməkdə çox çətinlik çəkir. Uşaq artıq böyüyür. Bununla bağlı olaraq təbii ki, onun xərcləri əvvəlki miqdarda deyil. Buna görə də uşaqlarının saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında alimentin tutulması zəruridir. Həmçinin qeyd edir ki, cavabdehin kifayət qədər aylıq mütəmadi gəliri var. Cavabdeh 06 aprel 2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, hal-hazırda qeyri-rəsmi nikaha girərək ailə həyatı qurduğunu, yoldaşının səkkiz aylıq hamilə olduğunu, mütəmadi olaraq həkim nəzarətində olduğunu, müalicəsinə daimi olaraq pul ödədiyini və heç bir yerdə işləmədiyini bildirmişdir. Odur ki, qeyd edilənlərə əsasən 20 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək cavabdehdən uşağın saxlanılması üçün alimentin tutulmasına ehtiyacı olduğunu, uşağı saxlamaqda çətinlik çəkdiyini, heç olmasa cavabdehdən 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş, lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir: “Doğum haqqında” arayışın təsdiq olunmuş surətindən görünür ki, X5 15 oktyabr 2013-cü il tarixdə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X1r. “Nikah haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 12 yanvar 2015-ci il tarixdə, 13 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, X2 nikah bağlandıqdan sonra “Əzizova” soyadı verilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmədə müəyyən edilmişdir ki, iddia tələbinin xahiş edirəm hissəsində uşağın təvəllüdü 20 dekabr 2013-cü il kimi göstərilsə də, X3 doğum tarixi 15 oktyabr 2013-cü il olmaqla qəbul edilməlidir. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia müvafiq hissədə qismən təmin olunmalı, 15 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 mart 2024-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2040 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 40,40 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh uşağı – 15 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 07 mart 2024-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-431/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-431/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver