Məhkəmə qərarları › İş №2(053)-457/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-457/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-457/2023 20.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı (alimentin davam etdirilməsi)» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin onunla birgə nikahından doğulmuş 06 mart 2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərclərə cəlb edilməsi və bu məqsədlə cavabdehdən hər ay sabit olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 iyun 2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, iddia tələbinin cavabdehlə birgə nikahından doğulmuş qızı - X1 xəstəliyi ilə əlaqədar cavabdehdən hər ay sabit olaraq 100 manat məbləğində pul vəsaitinin 30 dekabr 2024-cü il tarixədək tutulması həcmində qəbul edilməsini və iddiasının bu həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək cavabdehlə birgə nikahının müvafiq məhkəmə qətnaməsi ilə pozulduğunu və bu nikahdan doğulmuş 02 yanvar 2000-ci il təvəllüdlü Nicat və 06 mart 2005-ci il təvəllüdlü Fatimə adlı uşaqlarının onun yanında qalmasının müəyyən edildiyini bildirmişdir. Qeyd edir ki, cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı iddia tələbləri əsasında müxtəlif dövrlərdə dəyişdirilmişdir. Sonuncu məhkəmə qətnaməsi ilə qızı Fatimənin yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 100 manat sabit pul məbləğində müəyyən edilmişdir. Fatimənin 06 mart 2023-cü il tarixdə 18 yaşı tamam olmuş və bu səbəbdən ona alimentin ödənilməsi ilə bağlı icra sənədinin icraatına xitam verilmişdir. Qızı Fatimə hazırda Bakı Dövlət Universitetinin müvafiq fakültəsində əyani təhsil alır və İ kurs tələbəsidir. O, Bakı şəhərində qardaşı ilə birlikdə kirayə mənzildə yaşayır. Hər ay həmin mənzilə görə 470 manat məbləğində kirayə haqqı ödəyir. Fatimənin geyiminə, dərs-təhsil ləvazimatlarına, o cümlədən yemək və nəqliyyat xərclərinə də çoxlu pul vəsaiti xərclənir. Bundan əlavə Fatimənin onurğasında skalyoz xəstəliyi aşkar edilmiş və hazırda da o, həmin xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik Fatimədə hələ ötən ilin ortalarında aşkarlanmış və o, uşağın müalicə olunub tam sağalması üçün əlindən gələni etmişdir. Təkcə bu ilin fevral-mart aylarında borc-xərc tapıb onun sağalmasından ötrü müayinə və müalicələrinə 1,000 (min) manat məbləğində pul xərcləmişdir. Belə ki, Bakı şəhərində müxtəlif klinikalarda rəsmi ödəniş qəbzləri ilə 500 manat müalicə həkiminə, 250 manat korsetə, habelə analiz-rentgenlərə, manual terapiyaya, maqnit, tokavermə proseduruna, digər müayinə-müalicələrə, dərman preparatlarına və s. tibbi xidmətlərə görə pul xərcləmişdir. Həkimlərin deməsinə görə Fatimə davamlı olaraq müalicə almalıdır. Bütün bunlara isə xeyli miqdarda pul vəsaiti tələb olunur. Göründüyü kimi, Fatimənin xəstəliyi ilə əlaqədar əlavə xərclər yaranmış və bu xərclərin gələcəkdə də çəkilməsi reallığı aktual olaraq qalmaqdadır. Bu xərclərin onun tərəfindən təkbaşına qarşılanması çətindir. Ona görə də cavabdehin qızı Fatimənin təminatında yaranan əlavə xərclərə cəlb edilməsinə zərurət vardır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, qızı Fatimənin maddi təmiantında yaranmış əlavə xərclərdə iştirak etmək üçün Neftçala şəhər bələdiyyəsində məsul vəzifədə işləyən cavabdehin maddi imkanı da vardır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, Neftçala şəhər bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyir və aylıq əməkhaqqı olaraq cəmi 294 manat məvacib alır. Digər tərəfdən yeni ailə qurmuş və bu ailədə də iki azyaşlı uşaqları vardır. Cavabdeh qeyd edir ki, özünün kifayət qədər maddi çətinlikləri vardır. Buna baxmayaraq ondan iddiaçının xeyrinə yetkinlik yaşına çatmış qızı Fatimənin maddi təminatında yaranmış əlavə xərclərə görə hər ay sabit olaraq 100 (yüz) manat miqdarında pul vəsaitinin 30 dekabr 2024-cü il tarixinədək tutulmasına razıdır. Qeyd etdiyi hallar nəzərə alınmaqla iddianın təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş nikah pozulmuşdur. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 06 mart 2005-ci il tarixdə X4 adlı uşaq anadan olub. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşin faktik hallarından görünür ki, 06 mart 2005-ci il təvəllüdlü X1 06 mart 2023-cü il tarixində 18 yaşı tamam olub. İş materiallarına əlavə edilmiş 01 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X4 həqiqətən Bakı dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisasının əyani təhsilalma forması üzrə, Azərbaycan bölməsinin 1 (birinci) kurs tələbəsidir. İş materiallarına əlavə edilmiş TƏBİB «Salyan Rayon Mərkəzi Xəstəxanası» X6 şüa diaqnostika şöbəsinin 23 avqust 2022-ci il tarixli rentgen müayinəsinin nəticəsi barədə arayışından görünür ki, müayinə zamanı X2 döş fəqərəsinin sağa İ (birinci) dərəcəli, bel fəqərəsinin sola İ (ikinci) dərəcəli «S»-vari skalyozu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş tibbi sənədlərlə 06 mart 2005-ci il təvəllüdlü X1 müxtəlif vaxtlarda tibbi müayinələrdən keçməsi və mütəmadi olaraq müalicə (əsasən fizioterapiya) alması təsdiq olunur. Həmçinin həmin sənədlərdən görünür ki, iddiaçı 06 mart 2005-ci il təvəllüdlü X1 müayinəsi və müalicəsi ilə bağlı müxtəlif vaxtlarda 500,00 manat, 40,00 manat, 35,00 manat, 40,00 manat, 32,00 manat pul xərcləmişdir. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən «Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər», «Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 06 mart 2005-ci il təvəllüdlü qızı - X1 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməli, ondan 30 dekabr 2024-cü il tarixinədək hər ay sabit pul məbləğində 100 (yüz) manat tutulmaqla İddiaçı ödənilməli, əlavə xərclərə cəlb edilmənin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 06 mart 2005-ci il təvəllüdlü X3 görə əlavə xərclərin ödənilməsinə cəlb edilsin. Cavabdeh 30 dekabr 2024-cü il tarixinədək hər ay sabit pul məbləğində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Əlavə xərclərə cəlb edilmənin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar