Məhkəmə qərarları › İş №2(053)-475/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-475/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-475/2025 13.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X5 və Yusifzadə Ziya Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 may 2005-ci il təvəllüdlü X3, 15 may 2008-ci il təvəllüdlü X6 və 22 avqust 2016-cı il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən 09 yanvar 2025-ci il tarixdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01 aprel 2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, cavabdehlə 16 iyun 2004-cü ildə Neftçala rayonu VVADQ şöbəsində 135 nömrəsi ilə nikah bağladığını, birgə nikahlarından 13 may 2005-ci il təvəllüdlü X7, 15 may 2008-ci il təvəllüdlü X11 və 22 avqust 2016-cı il təvəllüdlü X8 adlı uşaqların doğulduğunu bildirmişdir. Ailə münasibətləri alınmadığına görə nikahları Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra alimentlə bağlı cavabdehlə aralarında razılığa gəlsələr də, cavabdeh onu və uşaqları saxlamaqdan imtina edir və ailəyə heç bir maddi yardım etmir. O, ailə ilə qəti şəkildə maraqlanmır. Azyaşlı uşaqların saxlanılmasını cavabdeh təmin etməlidir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. X2 apardığı ilkin mediasiya prosesində iştirak etmiş, qarşı tərəf iştirak etmədiyi üçün ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Hal-hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər ay hər bir uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin 17 mart 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək 01 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, heç bir yerdə işləmədiyini və hər ay cəmi 300 manat aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə, cavabdehin teleqramını nəzərə alaraq işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında olan nikah pozulmuşdur. Bu barədə 14 oktyabr 2022-ci ildə 81 nömrəsi ilə qeydiyyat aparılıb. Neftçala Rayon Məhkəməsinin 2(053)-595/2022 nömrəli iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 16 iyun 2004-cü il tarixdə Neftçala rayon VVADQ şöbəsi tərəfindən 135 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, 13 may 2005-ci il təvəllüdlü X3, 15 may 2008-ci il təvəllüdlü X6 və 22 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək İddiaçı yanında qalmaları müəyyən edilmişdir. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 13 may 2005-ci il təvəllüdlü X7, 15 may 2008-ci il təvəllüdlü X11 və 22 avqust 2016-cı il təvəllüdlü X8 adlı uşaqları doğulub. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Hazırkı iddia məhkəməyə 13 fevral 2025-ci il tarixində daxil olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İddia ərizəsində alimentin tutulmasının mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən 09 yanvar 2025-ci il tarixdən hesablanması tələb edilsə də, qanunvericiliyin qeyd olunan maddəsindən görünür ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunur ki, 13 may 2005-ci il təvəllüdlü X7 artıq yetkinlik yaşına çatdığı üçün onun saxlanılmasından ötrü cavabdehdən aliment tutula bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 15 may 2008-ci il təvəllüdlü X6 və 22 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay hər uşağa görə 100 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının hər uşağa görə 100 manat müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,25 mislini təşkil edir (400 x 0,25 = 100). Göstərilənlərə əsasən iddia qismən təmin olunmalı, 15 may 2008-ci il təvəllüdlü X6 və 22 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 13 fevral 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 60 manat miqdarında rüsum ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.400 manat miqdarında müəyyən edir (200 X 12 = 2.400). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 44 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə - iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 60 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin cavabdehdən 44 manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 15 may 2008-ci il təvəllüdlü X6 və 22 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 13 fevral 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 60 (altmış) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat ödənilməli olan dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar