Məhkəmə qərarları › İş №2(053)-49/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-49/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-49/2025 23.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşaqları – 24 aprel 2014-cü il təvəllüdlü X1 və X7 yetkinlik yaşlarına çatanadək ödəməli olduğu 440 manat alimentin miqdarını 250 manata endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 sentyabr 2005-ci ildə X3 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 12 iyul 2006-cı ildə qızı Nəzrin Vahidova və 12 sentyabr 2007-ci ildə oğlu Sevlan Vahidov doğulmuşlar. Xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında olan nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2018ci il tarixli, 2(007)-17690/2018 saylı qətnaməsi ilə hər uşağın saxlanılması üçün 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Lakin iddiaçının alimentin miqdarının artırılması barədə iddiasına əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rauf Əhmədov) 2(007)-2492/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı hər üşağa görə 200 manat olmaqla, cəmi 400 manat müəyyən edilmişdir. Qızı Nəzrinin 18 yaşı tamam olduğundan ona ödənilən 200 manat alimentin tutulması dayandırılmış və oğlu Sevlana görə Vahidova Nübara ayda 200 manat aliment ödəyir. O, 29 yanvar 2013-cü ildə X5 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 24 aprel 2014-cü ildə oğlu Vahidli İsmayıl və 06 sentyabr 2016-cı ildə qızı Vahidli Nur anadan olmuşdur. İkinci arvadı Səbinənin xasiyyətlərinin uyğun gəlməməsi bəhanəsi ilə nikahın pozulması və alimetntin tutulması barədə iddiasına Nizami Rayon Məhkəməsində baxılaraq (hakim Qumru Əliyeva) xx.xx.2024-cü il tarixli, e-2(007)-16712024 saylı qətnaməsi ilə aralarında olan nikaha xitam verilmiş və hər iki uşaq analarının himayəsinə verilməklə hər uşağa görə ayda 220 manat olmaqla cəmi 440 manat aliment tutulması qət edilmişdir. Onu keçmiş arvadı Səbinə birgə nikah dövründə tikdikləri ünvan 1 ünvanda olan evinə buraxmadığından hazırda müxtəlif ünvanlarda ayda 250 manata kirayələrdə yaşayır. Hazırda "xxxx" MMC-də təmizləyici işləyərək ayda 800 manat əmək haqqı alır və başqa heç bir gəliri yoxdur. Beləliklə o, ayda aldığı 800 manat pulun 3 uşağa görə 640 manatını aliment kimi ödəyir. Cəmi 240 manat özünə qalır və o, həmin pulla həm yaşaya, həm də ev kirayəsi verməkdə çətinlik çəkir. İşin məhkəmə hazırlıq iclası zamanı iddiaçı qeyd olunan qətnamələrdən apellyasiya şikayəti vermədiyini bildirərək, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə 23 dekabr 2024-cü ildə daxil olmuş etirazında iddia tələbinin dəlilləri ilə razılaşmadığını bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-167/2024 nömrəli iş üzrə 26 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə X5 arasında 29 yanvar 2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 24 aprel 2014-cü il təvəllüdlü X6 və 06 sentyabr 2016-cı il təvəllüdlü X7 anaları X2 yanında qalmaları müəyyən edilməklə, 24 aprel 2014-cü il təvəllüdlü X1 və 06 sentyabr 2016-cı il X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı 19 iyul 2023-cü il tarixdən başlayaraq hər uşağa hər ay 220 manat olmaqla, cəmi 440 manat manat sabit pul məbləğində aliment tutulub, X4 verilməsi qət edilmişdir. İddiaçının bildirdiyinə görə qətnamədən apellyasiya şikayəti verməmişdir. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, (İMS)-də müzakirə edilən mübahisənin predmeti alimentin azaldılması tələbi olmuş, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. 23 dekabr 2024-cü ildə məhkəməyə daxil olmuş etirazında cavabdeh qeyd etmişdir ki, iddiaçı ərizəsini onunla əsaslandırır ki, 800 manat əmək haqqı alır və digər nikahından uşağına aliment ödədiyindən, 440 manat alimentin tutulması ədalətsizdir və özünün yaşayışı üçün pulu qalmır, maddi vəziyyəti pisləşir. İddia tələbi razı deyil, etiraz edir və hesab edir ki, irəli sürülən arqumentlər tamamilə əsassızdır. Nizami Rayon Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. İddiaçı onun xeyrinə tutulan alimentin məbləğinin azaldılması üçün əsasların oldığını göstərsə də, onun bu dəlilləri ilə razılaşmır. O, qeyd etmişdir ki, 2 uşağa görə 440 manat miqdarda aliment ödəməsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətinə uyğun deyil. Qeyd edir ki, alimentin 2 uşağa görə ayrı - ayrılıqda hər uşağa hər ay 220 manat miqdarda tutulması nəticəsinə gələrkən, məhkəmə həmçinin tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması barədə qanunvericiliyin tələblərini də nəzərə almışdır. Bundan başqa bildirir ki, iddiaçı digər nikahından olan övladlarına aliment ödəmir, heç baxmır. Həmin halı formal şəkildə göstərməklə, aliment ödənilməsindən boyun qaçırmaq istəyir. Digər tərəfdən qarşı tərəfin gəlirləri göstərdiyi kimi deyil, əlavələri də var. Ən başlıcası odur ki, aliment tutularkən hər uşağın saxlanma xərci 2024-cü il üçün 235 manat olduğu halda, iddiaçının vəziyyəti nəzərə alınaraq, onun iddiası qismən təmin edilərək 235 deyil, 220 manat təyin edilmişdir. Yəni, məhkəmə iddiaçının maddi vəziyətini nəzərə alaraq iddianı qismən təmin etmişdir. Həmçinin özünün 150 manatla yaşaya bilməyəcəyini, lakin övladlarının 220 manatla yaşaya biləcəyini bildirir ki, bu da başadüşülən deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik təyin edilmiş alimentin uşaqlarının həm qanunla müəyyən edilmiş yaşayış minimumuna uyğun təminatına, həm də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan verməlidir. Hazırkı vəziyyətdə iddiaçının aldığı əmək haqqını və əlavə gəlirlərini nəzərə alaraq, onun bir uşağa münasibətdə ödəyəcəyi qazancının müəyyən hissəsində aliment həmin uşaqların mənafeyinə uyğun olmuşdur. Bundan əlavə uşaqların yaşayış minimumu 2025-ci il tarixdən hər uşağa görə 246 manat təyin edilməsi nəzərdə tutulur ki, təyin edilmiş 220 manat aliment miqdarı ədalətli və qanunidir. Qeyd edir ki, o özü hazırda qaraciyər çatışmazlığı xəstəliyindən əziyyət çəkir və stasionar şəraitdə xəstəxanada müalicə alır. İşləyə bilmir və uşaqların ehtiyaclarını təkbaşına qarşılaya bilmir. Göstərilənləri nəzərə almaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının məzmunundan göründüyü kimi məhkəmə tərəfindən müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi yalnız o, halda mümkündür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermiş olsun. İddiaçı bildirir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-167/2024 nömrəli iş üzrə 26 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmiş, aldığı 800 manat əmək haqqından 640 manat aliment kimi ödəyir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda əmək haqqı alması və əmək haqqından alimetlərin tutulması onun maddi vəziyyətinin pisləşməsi və bununla da aliment miqdarının azaldılması üçün əsas kimi qiymətləndirilməməlidir. Beləliklə, müvafiq məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçının ailə və ya maddi vəziyyətində aliment miqdarının azaldılmasına əsas ola biləcək mənfi dəyişiklik baş verməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar