Məhkəmə qərarları › İş №2(053)-587/2024

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-587/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-587/2024 20.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşağı – 18 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin xeyrinə tutulması və alimentin 14 noyabr 2023-cü il tarixdən hesablanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 20 iyun 2024-cü ildə İddiaçı məhkəməyə «iddianın dəqiqləşdirilməsi barədə» ərizə verərək iddia ilə məhkəməyə müraciət edərək uşağı X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat miqdarında aliment tutulmasını, alimentin 14 noyabr 2023-cü il tarixindən hesablanmasını xahiş etdiyini qeyd edərək, hazırda cavabdehdən tutulacaq alimentin iddia ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 25 aprel 2024-cü il tarixdən hesablanmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Türkiyə Cümhuriyyəti vətəndaşı olan Cavabdeh ilə 10 oktyabr 2018-ci ildə nikaha daxil olduğunu bildirmişdir. Nikahları həmin tarixdə «X3 X6» tərəfindən rəsmiləşdirilib. Həmin nikahdan 18 fevral 2021-ci il təvəllüdlü X2 adlı uşağı doğulub. Cavabdehlə birgə yaşadıqları müddətdə ilk əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında anlaşılmazlıq yaranmış və bu səbəbdən faktik olaraq ayrılmışlar. Lakin rəsmi nikahları pozulmayıb. Uşağı da onunladır. Cavabdeh uşağın saxlanmasında ona heç bir maddi köməklik göstərmədiyindən uşağın bütün xərclərini təkbaşına özü qarşılayır. Bu isə ona xeyli çətinlik yaradır. Digər tərəfdən uşağı azyaşlı olduğundan və yalnız ona baxdığından işləyə bilmir. Uşağın saxlanması barədə cavabdehlə aralarında hər hansı bir razılaşma da yoxdur. Ona görə də cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edir ki, cavabdeh pensiyaçı olmaqla təxminən 600 manat pensiya alır, həmçinin dövlət məmurunun sürücüsü işləyir. Bundan əlavə onun şəxsi mülkiyyətində 2 ədəd mənzili var və həmin mənzilləri kirayə verməklə əlavə gəlir də əldə edir. Bir sözlə cavabdehin yetərincə imkanı vardır ki, ondan tələb olunan aliment məbləğini asanlıqla ödəsin. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Nikah haqqında» arayışın azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh 10 oktyabr 2018-ci ildə nikah bağlamışdır. «Doğum qeydi barədə» arayışın azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, tərəflərin ailə münasibətlərindən 18 fevral 2021-ci ildə X2 adlı uşaq doğulub. İddiaçının bildirdikləri ilə müəyyən olunur ki, uşaq hazırda onun yanında qalır. «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, cavabdehə 30 sentyabr 2023-cü il tarixli mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, uşağın əvvəlki təminat səviyyəsinin saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı 235 manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 25 aprel 2024-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiya təşkilatına müraciət etmək üçün 50 manat ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.820 manat miqdarında müəyyən edir (235 X 12 = 2.820). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 48,20 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə - iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin cavabdehdən 48,20 manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. 18 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 25 aprel 2024-cü ildən etibarən həyata keçirilsin. Qətnamə yuxarıda göstərilən hissədə dərhal icra edilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 48 (qırx səkkiz) manat 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra on gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar