Məhkəmə qərarları › İş №2(053)-647/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-647/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-647/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahlarından anadan olmuş və hazırda himayəsində olan 14 yanvar 2023-cü il təvəllüdlü Ziya adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 09 yanvar 2022-ci il tarixdə 1 saylı Bakı "Asan Xidmət" Mərkəzində rəsmi nikah qeydiyyatından keçərək ailə qurduğunu, birgə nikahlarından 14 yanvar 2023-cü il tarixdə Ziya adlı bir uşaqlarının anadan olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Cavabdehla ailə qurub yaşamağa başladıqdan az müddət keçmiş cavabdehin ona qarşı olan xəyanətini hər addımda hiss etmiş və ona irad tutmuş, cavabdeh isǝ bunu inkar edərək heç nəyi boynuna almamışdır. Təxminən 1 il əvvəl - ötən ilin iyun ayında isə artıq o, hər şeyi görüb-bilərək, cavabdehə və valideynlərinə də bütün bunları tamamilə və konkret faktlarla sübut etmişdir. Təbii ki, bütün bunları və onun aşkar xəyanətini həyat yoldaşı Talehǝ bağışlamayaraq, elə həmin vaxt dərhal onların evini və cavabdehi tərk edərək bütün əşyaları və sənədləri ilə birlikdə atası evinə qayıtmışdır. Həmin vaxt 4 aylıq hamilə olsa da, qanunun mövcud müddəasına əsasən, məhkəmədə boşanma tələbi barədə iddia qaldırmış və Neftçala Rayon Məhkəməsinin 2(053)-23/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, nikahları pozulmuşdur. Yuxarıda qeyd etdiyi kimi, boşanma işlərinin məhkəmədə yekunlaşan vaxtlarında, yəni qətnamə çıxacaq ərəfədə - 14 yanvar 2023-cü il tarixdə atası evində olarkən Ziya adlı uşağı anadan olmuşdur. O, əvvəldən qərara gəlmişdir ki, buna görə məhkəməyə ayrıca aliment almaq barədə iddia ilə müraciət edər. Ona görə də yenidən təkrar müvafiq Mediasiya mərhələsindən keçib, tələb olunan rüsumu ödəməklə arayış almışdır. Hazırkı çətin iqtisadi şəraitdə 5 aylıq körpə uşağın saxlanılması onun və himayəsinə sığındığı yaşlı və işsiz atası üçün də çox çətindir. Hazırkı bahalıq və mövcud inflyasiya şəraitində uşağın geyimi, müxtəlif qidalarla qidalanması, tibbi və s. digər təminatları çoxlu vəsait tələb edir ki, bütün bu təminatları da təkbaşına ödəmək onun imkanı xaricindədir. Özü müəllimə olaraq kənd məktəbində dərs deyir, heç yerdən başqa gəlir mənbəyi yoxdur. Ünvanlı sosial yardım da almır. Daşınar-daşınmaz qiymətli əmlakı da yoxdur. Cavabdeh isə Bakı şəhərindəki mərasim evlərində çalışır və dəqiq bildiyinə görə onun aylıq qazancı təxminən 500-600 manat, bəzi aylarda isə 800-900 manat təşkil edir. Təbii ki, bu barədə onun hardansa rəsmi sənəd alıb məhkəməyə təqdim etməyi mümkünsüzdür. Lakin, bütün bunlara baxmayaraq, ayrıldıqları vaxt müddətində o, öz doğma uşağının maddi təminatı ilə maraqlanmamışdır. Qanunvericilik təsbit edir ki, hətta müasir dövrün problemi olan heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək bəhanəsi də valideynləri öz uşağını saxlamaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Bu kimi arqumentlər mövcud maddi hüquq normalarına əsasən, əsassızdır. Qanuna görə alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, onlar mənbəyindən asılı olmayaraq öz qazanclarını uşağı ilə bölüşdürməyə borcludur. Uşağın saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifədir. Ona görə də Cavabdeh himayəsində qalan 1 nəfər Ziya adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat aliment tutulmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, hər ay bir uşağın saxlanması üçün 120 manat aliment ödəmək imkanı vardır. Əlavə olaraq qeyd etmişdir ki, birinci həyat yoldaşından olan bir uşağa görə ayda 100 manat aliment ödəyir. Ali təhsilli olsa da hal- hazırda işsizdir. Başqa gəlir yeri də yoxdur. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında 09 yanvar 2022-ci il tarixdə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Məmmədova” olmuşdur. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 14 yanvar 2023-cü il tarixdə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə Həsənova Arifə Hicran qızıdır. Neftçala Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(053)-23/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Həsənova (nikahdan əvvəl- Məmmədova) Arifə Hicran qızı ilə Cavabdeh arasındakı 09 yanvar 2022-ci il tarixli nikah pozulmuşdur. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah Neftçala Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi əsasında pozulmuş, nikaha 27 mart 2023-cü il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-392/2019 saylı, 04 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmənin 18 yanvar 2019-cu il tarixli, 2(053)-46/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh Həsənova (Mənsimova) İlahə Babək qızı arasında 03 oktyabr 2016-cı il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kənd İƏN-yi tərəfindən 22 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək anası Həsənova (Mənsimova) İlahə Babək qızının yanında saxlanılması və 18 yanvar 2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh Həsənova (Mənsimova) İlahə Babək qızının xeyrinə ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin mənasına görə 1 uşağa görə aliment qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını, uşağın maraqlarını nəzərə alaraq 14 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 13 iyun 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1.680 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 36,80 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh uşağı – 14 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (yüz qırx) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 13 iyun 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 36,80 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar