Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-65/2023 09.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşaqları – 27 mart 2008-ci il təvəllüdlü X2 və 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay 386 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 12 dekabr 2022-ci il tarixdə İddiaçı məhkəməyə ərizə verərək iddia tələbinin aşağıdakı məzmunda qəbul edilməsini xahiş etmişdir: «Cavabdeh 27 mart 2008-ci il təvəllüdlü X2 və 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 260 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilsin». İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 05 may 2007-ci ildə faktik nikah münasibətlərinə daxil olaraq ailə qurduğunu, faktiki ailə münasibətlərindən 27 mart 2008-ci ildə X5 və 18 iyul 2010-cu ildə X3 adlı uşaqlarının doğulduqlarını bildirmişdir. Cavabdehlə 2020-ci ilədək birgə yaşamışlar. Sonradan birgə yaşamaları mümkün olmadığından ayrılmışlar. O, uşaqların maddi tələbatları ilə maraqlanmayan cavabdehə qarşı aliment tələbinə dair iddia ilə bundan əvvəl də Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay iki uşağa görə cəmi 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. 2021-ci ilin oktyabr ayında qaynanası Südabə onları barışdıracağını bildirərək ondan alimentdən imtina etməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh aylıq aliment pulunu ödəməyəcəyi təqdirdə həmin pulu özü ödəyəcəkdir. Ailəsinin dağılmaması naminə qaynanası Südabənin sözlərinə əməl edərək 15 oktyabr 2021-ci il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinə ərizə verib alimentdən imtina etmişdir. Alimentdən imtina etdikdən sonra qaynanası vədinə əməl etməmiş, onları barışdırmamış, əksinə onunla əlaqəni kəsmiş, həmçinin aliment də ödənilməmişdir. Oğlu İlkin məktəblidir və orta məktəbin 9-cu sinfində oxuyur. Qızı Südabə isə əqli qüsurlu olduğundan məktəbə getmir. Özü heç bir yerdə işləmədiyindən uşaqları maddi təminatını ödəməyə imkanı çatmır. Cavabdeh isə Bakı şəhərində işləyir. Onun uşaqlarına lazımi qayğı göstərməyə maddi imkanı vardır. Ona görə də məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X5 27 mart 2008-ci ildə, X3 18 iyul 2010-cu ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İddiaçının bildirdikləri ilə müəyyən olunur ki, uşaqlar hazırda onun yanında qalırlar. “X4 İştirak Edilməməsi barədə” arayışdan görünür ki, cavabdehə 22 iyun 2022-ci il tarixli mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh X4 iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını, habelə uşağın maraqlarını nəzərə alaraq 27 mart 2008-ci il təvəllüdlü X2 və 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər bir uşağa görə 130 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 14 noyabr 2022-ci ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 27 mart 2008-ci il təvəllüdlü X2 və 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 14 noyabr 2022-ci ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra on gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-65/2023
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-65/2023
09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver