Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-708/2023 29.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Məmmədli (Quliyeva) Cəmilə Yusif qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədli (Quliyeva) Cəmilə Yusif qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından 24 avqust 2014-cü il tarixdə anadan olan X4 və 16 may 2016-cı il tarixdə anadan olan X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 440 manat sabit pul məbləğində aliment, iki azyaşlı uşağın normal təhsil alması, sağlam mühitdə böyüməsi üçün yetkinlik yaşına çatana kimi kirayə xərclərinin müəyyən misli miqdarında, yəni 150 manat sabit pul məbləğində, ümumilikdə 590 manat pulun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmmədli (Quliyeva) Cəmilə Yusif qızı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 13 avqust 2013-cü il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində nikah qeydiyyatından keçərək ailə qurduğunu, birgə nikahlarından 24 avqust 2014-cü il tarixdə X4 və 16 may 2016-cı il tarixdə X3 adlı uşaqların anadan olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, cavabdehin rəsmi iş yeri Bakı şəhərində yerləşən “Core Enginerring” şirkətində “kalite uzmanı” (kəşfiyyata nəzarət) olduğu üçün yaşayış yerini dəyişib ailəvi olaraq Bakı şəhərində kirayə ev tutub yaşamışlar. Bir müddət cavabdehlə mehriban yaşasalar da, sonradan cavabdehin ona və ailəsinə qarşı münasibəti kəskin dəyişmiş, ailəsinə qarşı diqqət göstərməyib həftələrlə evə gəlməməsi səbəbindən ailə münasibətləri pozulmuşdur. Cavabdeh artıq onunla yaşamaq istəmədiyini bildirərək evi sahibinə verəcəyini, valideynlərinə xəbər verməsini, onu və əşyalarını gəlib aparmağını bildirmişdir. Bu olanlardan sonra cavabdehlə faktiki olaraq ayrılmış və altı aydır ki, valideynlərinə məxsus evdə, onların himayəsində yaşayır. Nikahları isə pozulmamışdır. Cavabdeh tutulmalardan əlavə 1500 manat civarında əmək haqqı alır və buna baxmayaraq bu günədək uşaqlarla maraqlanmamış və uşaqların saxlanması üçün heç bir maddi kömək etməmişdir. O, uşağın yemək, geyim və digər müxtəlif təlabatlarını ödəməkdə çətinlik çəkir. İşsiz olduğu üçün onun buna maddi imkanı çatmır. Valideynlərinə məxsus məişət şəraiti yaxşı olmayan darısqal evdə yaşayırlar. İki azyaşlı uşağın normal təhsil alması, sağlam mühitdə böyüməsi üçün ayrı evə köçməyə ehtiyacı vardır. Neftçala rayonunda normal şəraitli evlərin kirayə haqqı 300 manat olduğundan bu xərcləri ödəmək onun üçün imkanı xaricindədir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə iddia qismən təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 13 avqust 2013-cü il tarixdə nikah bağlanıb. İddiaçının nikahdan əvvəlki soyadı “Quliyeva” olub. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin ümumi ailə münasibətlərindən 24 avqust 2014-cü il tarixdə X4 və 16 may 2016-cı il tarixdə X3 anadan olub. Uşaqların atası Cavabdeh, anası isə Məmmədli (Quliyeva) Cəmilə Yusif qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, uşaqların əvvəlki təminat səviyyəsinin saxlanması üçün Cavabdeh iddiaçı Məmmədli (Quliyeva) Cəmilə Yusif qızının xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 150 manat olmaqla müəyyən edilməlidir. Eyni zamanda iki azyaşı uşağın normal təhsil alması, sağlam mühitdə böyüməsi üçün yetkinlik yaşına yetkinlik yaşına çatana kimi kirayə xərclərinin müəyyən misli miqdarında, yəni 150 manat sabit pul məbləğində tutulması tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İddia ərizəsi məhkəməyə 06 iyul 2023-cü il tarixdə daxil olub. Beləliklə, alimentin hesablanması və ödənilməsi 06 iyul 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 24 avqust 2014-cü il tarixdə anadan olmuş X2 və 16 may 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Məmmədli (Quliyeva) Cəmilə Yusif qızına ödənilsin. Alimentin hesablanması və ödənilməsi 06 iyul 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-708/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-708/2023
29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver