Məhkəmə qərarları › İş №2(053)-716/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-716/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-716/2024 15.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Aliment tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə qeyri rəsmi nikahlarından doğulmuş uşaqları – 07 dekabr 2012-ci il təvəllüdlü X1 və 11 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci il tarixdən 2021-ci il tarixədək qeyri rəsmi nikahda olmaqla ər-arvad münasibətində yaşamış, bu münasibətdən 07 dekabr 2012-ci il təvəllüdlü X3 və 11 oktyabr 2015-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. 2021-ci il tarixdən cavabdehlə ər-arvad münasibətləri kəsilmiş və həmin tarixdən birgə təsərrüfatı idarə etmirlər. Cavabdeh övladlarının saxlanılmasında heç bir maddi kömək göstərmir. Uşaqlar hal-hazırda onunla yaşayır. İddiaçı 24 iyun 2024-cü il tarixdə ərizə təqdim edərək iddia ərizəsinə dəqiqləşmə apardığını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər ay, bir uşağa görə cavabdehdən 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını, növbəti məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılıb, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, Bakı şəhərində fəhlə işləyir, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəyə bilər. Əlavə olaraq iddiaçının Bakı şəhərində ofisiant işlədiyini, uşaqların qaynatası evində qaldıqlarını qeyd edərək, iddiaçının işlədiyi işdən çıxıb rayona gəlməsini və uşaqlarına şəxsən baxmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X3 12 iyul 2012-ci il tarixdə, X4 isə 11 oktyabr 2015-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmədə müəyyən olunmuşdur ki, X1 doğum tarixi 12 iyul 2012-ci il olduğu halda iddia ərizəsində səhvən 07 dekabr 2012-ci il kimi qeyd olunmuşdur. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, uşaqların əvvəlki təminat səviyyəsini saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05 iyun 2024-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3.000 (üç min) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 50 (əlli) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşaqları – 12 iyul 2012-ci il təvəllüdlü X1 və 11 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 05 iyun 2024-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar