Məhkəmə qərarları › İş №2(053)-759/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-759/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-759/2025 30.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında 06 sentyabr 2006-cı ildə bağlanmış nikahından doğulmuş 04 iyul 2011-ci il təvəllüdlü X3 və 01 may 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, cavabdehlə 06 sentyabr 2006-cı ildə nikah bağlayaraq ailə qurduğunu, birgə nikahlarından 09 may 2007ci il təvəllüdlü X6, 04 iyul 2011-ci il təvəllüdlü X7 və 01 may 2014-cü il təvəllüdlü X4 adlı uşaqların doğulduğunu bildirmişdir. X5 artıq 18 yaşı tamam olub. Cavabdeh 2011-ci ildə Rusiya Federasiyasına getmiş, 2019-cu ildə qayıtdıqdan sonra aralarında mütəmadi olaraq problemlər yaranmışdır. Bu səbəbdən cavabdehlə aralarında bağlanmış nikah Neftçala Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra cavabdeh yenidən Rusiya Federasiyasına qayıdaraq yaşadığı evi onlara vermiş və buna görə də cavabdehdən aliment tələb etməmişdir. Nikah pozulduqdan sonra cavabdeh uşaqların maddi təminatı ilə maraqlanmamışdır. Özü Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Həsənabad qəsəbə həkim məntəqəsində tibbi bacısı vəzifəsində işləyir və aylıq 485 manat əmək haqqı alır. Aldığı əmək haqqı uşaqların maddi təminatını ödəmir. Uşaqlardan Əli 8-ci sinifdə, Əkbər isə 5-ci sinifdə təhsil alır və hər iki uşaq hazırlıq üçün ayrıca müəllim yanına gedir. Onların hazırlıq pulunu ödəyə bilmir. Hazırda isə cavabdeh Rusiya Federasiyasından qayıdıb gəlmiş və onlarla eyni evdə yaşamağa başladığı üçün ayrı evə köçməyə məcburdur. Həmçinin oğlu Rza da bu il universitetə qəbul olmaq üçün sənəd verdiyindən Bakı şəhərində onun üçün də ayrıca kirayə ev tutmalıdır. İki ev üçün kirayə pulu vermək, üç uşağın maddi təminatını ödəmək onun üçün çox çətindir. Lakin hal-hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər ay hər bir uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək iddiaçının söylədiklərinin bir qisminin doğru olmadığını bildirmişdir. Qeyd edir ki, Rusiya Federasiyasında olduğu müddətdə uşaqları üçün hər ay pul göndərib. Hal-hazırda da bacardığı qədər uşaqların saxlanılması üçün köməklik göstərir. Ondan iddiaçının xeyrinə hər ay hər uşağa görə 100 manat məbləğində alimentin tutulmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. Neftçala Rayon Məhkəməsinin 2(053)-509/2019 nömrəli iş üzrə 30 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 06 sentyabr 2006-cı il tarixdə bağlanmış və Neftçala rayon VVADQ şöbəsi tərəfindən 407 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, 09 may 2007-ci il təvəllüdlü X5, 04 iyul 2011-ci il təvəllüdlü X3 və 01 may 2014-cü il təvəllüdlü X2 İddiaçı yanında qalmaları müəyyən edilmişdir. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 09 may 2007-ci il təvəllüdlü X6, 04 iyul 2011-ci il təvəllüdlü X7 və 01 may 2014-cü il təvəllüdlü X4 adlı uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi « Neftçala Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 270 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda «Neftçala Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin Həsənabad qəsəbə həkim məntəqəsində tibbi bacısı vəzifəsində işləyir və aylıq 485 manat əmək haqqı alır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Hazırkı iddia məhkəməyə 29 aprel 2025-ci il tarixində daxil olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini və aralarında alimentin miqdarına dair razılıq əldə olunduğunu, habelə uşaqların maraqlarını nəzərə alaraq, 04 iyul 2011-ci il təvəllüdlü X3 və 01 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay hər uşağa görə 100 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının hər uşağa görə 100 manat müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,25 mislini təşkil edir (400 x 0,25 = 100). Göstərilənlərə əsasən iddia qismən təmin olunmalı, 04 iyul 2011-ci il təvəllüdlü X3 və 01 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 29 aprel 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 04 iyul 2011-ci il təvəllüdlü X3 və 01 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 29 aprel 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar