Məhkəmə qərarları › İş №2(053)-812/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-812/2024

05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-812/2024 05.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Cavabdeh qarşı “Aliment tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Neftçala şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə qeyri-rəsmi ailə həyatlarından dünyaya gəlmiş 14 fevral 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ayrılmış alimentin hər ay cavabdehin əmək haqqının və əlavə gəlirinin ¼ -nə yönləndilərək tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”. Həmin Məcəllənin 149.2.3 və 149.2.4-1-ci maddələrinə əsasən, «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb», «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat» göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilməlidir. Müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa riayət edilməməklə tərtib olunmuş, ərizədə iddiaçının qeydiyyat ünvanı qeyd edilməmiş, cavabdehin isə faktiki ünvanı qeyd edilsə də qeydiyyatda olduğu ünvan Neftçala rayonu olmaqla tam qeyd edilməmiş, cavabdehin eyniləşdirmə məlumatları isə ərizədə göstərilməmişdir. Eyni zamanda ərizəyə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda iddiaçının tələbi atalığın müəyyən edilməsi olsa da iddia ərizəsində alimentin cavabdehin əmək haqqından tutulmasının müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə onu da qeyd edir ki, ərizənin “xahiş edirəm” hissəsində tələb bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ayrılmış alimentin hər ay cavabdehin əmək haqqının və əlavə gəlirlərinin ¼-nə yönəldilərək cavabdehdən tutulub ona verilməsi kimi göstərildiyindən belə başa düşülür ki, bundan əvvəl tərəflər arasında aliment müəyyən olunmuşdur. Bununla da yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» və 152.1.6-1-ci maddəsinə əsasən «“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyindən icraata qəbul edilmədən geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «Aliment tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar