Məhkəmə qərarları › İş №2(053)-91/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-91/2025

08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-91/2025 08.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «evdən cehiz əmlakının çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus cehiz əmlakın, yəni 1 ədəd paltar dolabının, 1 ədəd çarpayının (iki nəfərlik), 1 ədəd yük üçün çarpayının, 1 ədəd trümonun, 1 ədəd kamodun, 1 ədəd ikiqapılı servantın, 1 ədəd təkqapılı servantın, 2 ədəd tumbanın, 1 ədəd jurnal masasının, 1 ədəd pufun, 1 ədəd künc divanının, 1 ədəd masanın, 6 ədəd stulun, 1 ədəd TV stendinin, 1 dəst mətbəx mebelinin, mətbəx stolu dəstinin (1 ədəd stol, 2 ədəd taburet və 1 ədəd skamyadan ibarət), 1 ədəd soyuducunun, qazan dəstlərinin, boşqab və kasa dəstlərinin, stəkan dəstlərinin, qaşıq, bıçaq və çəngəl dəstlərinin, 2 ədəd çilçırağın, pərdənin, yükün (yorğan, döşək və yastıq), 1 ədəd tozsoranın, 1 ədəd beşiyin və 1 ədəd ütü masasının onun (iddiaçının) evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qədimkənd kəndində yaşayır. X1 ilə 20 aprel 1991-ci ildə nikah bağlamış, onunla ailə münasibətlərindən 17 fevral 1992-ci ildə X15, 12 mart 1993-cü ildə X9 adlı uşaqları doğulmuşdur. 1991-ci ildə Qədimkənd kəndində torpaq sahəsi əldə edib üzərində ev tikməyə başlamış və 2001-ci ildə evin inşasını tam olaraq bitirmişdir. İddiaçı eyni zamanda bildirir ki, oğlu X15 Cavabdeh ilə 30 iyun 2017-ci ildə nikah bağlamış, həmin nikahdan 08 aprel 2018-ci ildə İddiaçı Emil oğlu və 09 yanvar 2021-ci ildə X16 adlı uşaqlar doğulmuşlar. Evə gəlin gələcək deyə, oğlu ilə cavabdehin nikahından əvvəl evini öz vəsaiti hesabına təmir etdirib. Bundan sonrakı dövrdə isə, o cümlədən oğlu ilə cavabdehin nikahı dövründə evdə heç bir təmir və ya tikinti işləri aparılmayıb. Ev üç yaşayış otağından, «aynabənd»dən və köməkçi sahələrdən ibarətdir. Beləliklə, Cavabdeh onun evinə gəlin köçmüş, bu zaman özü ilə bir sıra cehiz əşyaları gətirmişdir. Oğlunun ailə qurması ilə əlaqədar qeyd olunan üç otaqdan birini özü (iddiaçı) ilə arvadının istifadəsində saxlamış, digər iki otağı isə oğlu Emillə cavabdehin ayrıca istifadəsinə vermişdir. Cavabdehin cehiz əşyaları da həmin iki otaqda yerləşdirilib. Lakin bir müddət sonra oğlu ilə cavabdehin ailə münasibətləri sonuncunun təqsiri üzündən kəskinləşmiş və nikahları Neftçala Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda cavabdeh başqa bir ünvanda uşaqları ilə birlikdə yaşayır. Lakin dəfələrlə tələb etdiklərinə baxmayaraq, cavabdeh özünə məxsus olan və iddia ərizəsində göstərilən cehiz əmlakını yuxarıda göstərilən evdən çıxarıb aparmaqdan imtina edir (cavabdeh özü ilə gətirdiyi cehiz əmlakının az bir qismini artıq aparıb). Məqsədi isə X10 yenidən ailə qurmasına hər cür vasitələrlə maneələr törətməkdən ibarətdir. Cavabdeh hətta uşaqlarının belə keçmiş əri X15 ilə ünsiyyət saxlamasına maneələr törədir. Yuxarıda qeyd olunduğu kimi cavabdehin cehiz əşyaları evin iki otağında yerləşdirilib. Oğlu Emilin cavabdehlə ailə münasibətləri pozulduqdan və Cavabdeh evdən çıxıb getdikdən sonra ailə daxilində məsləhətləşib belə qərara gəlmişlər ki, vaxtilə Emillə Nuranənin birgə istifadəsində olmuş hər iki otağın qapısını bağlı saxlasınlar ki, sonradan cavabdehlə aralarında cehiz əmlaklarla bağlı lazımsız mübahisələr yaranmasın. Bu səbəbdən o (iddiaçı) və ailə üzvləri evin üç otağının ikisindən istifadə etmək imkanından məhrumdurlar. Belə ki, hazırda evin bir otağından o (iddiaçı) və arvadı istifadə edirlər. Oğlu Emil isə digər iki otaq cavabdehin cehiz əmlakının həmin otaqlarda olması səbəbindən bağlı olduqlarına görə «aynabənddə» yatır. Eyni zamanda oğlu yenidən ailə qurmaq istəyir, lakin evin üç otağından ikisində cavabdehin əşyaları qaldığına görə ailə qurub evə gəlin gətirə bilmir. Verilmiş suallara cavab olaraq iddiaçı həmçinin qeyd edir ki, ev artıq xeyli müddətdir tikilib və təbiidir ki, bunun tikintisində övladlarının, onlar həmin dövrdə uşaq olduqlarına görə heç bir rolu olmayıb. Sadəcə olaraq evin altındakı torpaq vaxtilə ayrılarkən müvafiq sənədlərdə o və arvadı ilə yanaşı hər iki uşağının da adları qeyd edilib. Yuxarıda qeyd olunduğu kimi, evin inşası 2001-ci ildə tam olaraq yekunlaşmış və həmin vaxtdan sonra orada heç bir yeni inşaat işi görülməmişdir. Sadəcə olaraq evdə cavabdehin gəlin gəlməsindən əvvəl onun (iddiaçının) şəxsi vəsaiti hesabına yüngül təmir işləri aparılıb. Oğlu ilə cavabdehin ailə münasibətləri dövründə də evdə heç bir təmir və ya tikinti işləri aparılmamışdır. Evin və ona aid torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı 2022-ci ildə aparılıb. Onun hazırkı iddiası evin və torpaq sahəsinin digər mülkiyyətçilərin də maraqlarına uyğundur. Belə ki, cavabdehin hərəkətləri, o cümlədən onun özünə məxsus əşyaları götürüb aparmaması səbəbindən arvadı, oğlu və qızı da evdən lazım bildikləri kimi istifadə etmək imkanından məhrumdurlar. Göstərilənlərə əsasən iddiasının təmin olunmasının məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiklərinə baxmayaraq Cavabdeh və onun nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə gəlməmişlər. Cavabdehin nümayəndəsi, vəkil Nümayəndə ərizə göndərərək iddianı qəbul etmədiyini, sözügedən daşınmaz əmlakın paylı mülkiyyətdə olmaqla cavabdehin keçmiş ərinin də mülkiyyətində olduğunu, cavabdehin əşyalarının həmin evdən çıxarılması üçün paylı mülkiyyətçilərin ümumi müraciətlərinin olmadığını, yaşayış evinin cavabdehin keçmiş ərinin adına olan hissəsinin birgə nikah dövründə əldə edildiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün sayıb. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-486/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən X15 ilə Cavabdeh arasında 30 iyun 2017-ci ildə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 08 aprel 2018-ci il təvəllüdlü İddiaçı Emil oğlunun və 09 yanvar 2021-ci il təvəllüdlü X11 boşanmadan sonra Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Neftçala rayonu, Qədimkənd kəndində yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi 1991-ci ildə, təsərrüfat tikililəri və hamam isə 1995-ci ildə tikiliblər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Qədimkənd kəndində, 0,06 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 107,6 kv.m təşkil edən fərdi yaşayış evi 24 avqust 2022-ci il tarixində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və onun ailə üzvləri – X2, X10 və X5 adlarına qeydə alınıb. Məhkəmənin müvafiq məzmunlu sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən göndərilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin (JN-154F; KOD:********) surətindən görünür ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 nömrəli qərarına əsasən Neftçala rayonu, Qədimkənd kənd sakini İddiaçı onun ailə üzvləri X4, X15 və X9 ilə birlikdə 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında mümkün olmayıb. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla aşağıdakılar müəyyən edilir. İddiaçı ilə onun ailə üzvləri X3, X13 və X7 Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 saylı qərarı ilə Neftçala rayonunun Qədimkənd kəndində 0,06 ha torpaq sahəsi ayrılmışdır (iddiaçı qeyd edir ki həmin torpaq sahəsini faktik olaraq daha əvvəl əldə edib). İş materiallarına əlavə edilmiş texniki pasportdan görünür ki, ev 1991-ci ildə, digər tikililər isə 1995-ci ildə inşa olunublar. İddiaçının bildirdiklərindən görünür ki, evin və müvafiq torpaq sahəsində yerləşən digər tikililərin inşası tam olaraq 2001-ci ildə yekunlaşıb. Məhkəmə müvafiq məsələlərə qiymət verərkən 2001-ci ildə iddiaçının uşaqları X10 9 yaşı, X6 isə 8 yaşı olduğunu nəzərə alır. Qeyd olunmalıdır ki, torpaq sahəsi xeyli əvvəl əldə olunduğuna, habelə evin və köməkçi sahələrin tikintisi və təmiri xeyli əvvəl tamamlandığına baxmayaraq, müvafiq daşınmaz əmlakın qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində 2022-ci ildə aparılıb. Hazırda həmin ev və torpaq sahəsi İddiaçı, X2, X10 və X5 ümumi birgə mülkiyyətinədir. İddiaçının oğlu X15 30 iyun 2017-ci ildə Cavabdeh ilə nikah bağlamış, həmin nikah Neftçala Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X15 ilə Cavabdeh birgə nikahı dövründə yuxarıda qeyd olunan evdə və həyətyanı torpaq sahəsində heç bir tikinti və ya təmir işləri aparılmayıb. X10 ailəsi ilə (atası, anası və bacısı) Cavabdeh arasında münasibətlərin boşanma və bununla əlaqəli s. səbəblərdən kəskin olduğunu, evin üç otağından ikisinin cavabdehin əşyaları ilə dolu olması səbəbindən mülkiyyətçilərin həmin otaqlardan istifadə etmək imkanından məhrum olduqlarını və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia iddiaçının mənafelərinə uyğun olmaqla yanaşı sonuncunun ailə üzvləri X2, X10 və X5 mənafelərinə də zidd deyil. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən «Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər». Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən «Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən «Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər». ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012ci il tarixli Qərarında qeyd olunur ki, «Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ərarvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir». Göründüyü kimi, əmlakın ər-arvadın birgə mülkiyyətində olması üçün 2 şərtin mövcud olması, yəni əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ərarvadın ümumi gəlirləri hesabına, yəni əvəzli əqd əsasında əldə olunması vacibdir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Plenum Qərarının 5.2-ci bəndində əks olunmuş hüquqi mövqeyə görə: «Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir». Məhkəmə hazırkı işin faktik hallarını qüvvədə olan qanunvericiliyin yuxarıda istinad olunan və s. aidiyyəti müddəaları baxımından təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı hazırkı məzmunlu iddia ilə məhkəməyə təkbaşına müraciət etmək hüququna malikdir. Belə ki, cavabdehin öz əşyalarını mübahisəli evdə saxlaması səbəbindən cəmi üç yaşayış otağı olan həmin fərdi yaşayış evinin iki otağına münasibətdə sahiblik və istifadə imkanlarının məhdudlaşdırılması iddiaçı ilə yanaşı digər mülkiyyətçilərin də mülkiyyət hüquqlarını pozur. Və bunun əksinə, iddiaçının cavabdehdən sonuncuya məxsus əşyaları evdən çıxarmasını, yəni faktik olaraq otaqları boşaltmasını tələb etməsi ümumi birgə mülkiyyətin digər mülkiyyətçilərinin də daşınmaz əmlakla bağlı mənafelərinə uyğundur. Belə ki, cavabdeh göstərilən iki otaqdan öz əşyalarını çıxaracağı təqdirdə iddiaçı ilə yanaşı digər mülkiyyətçilərin də həmin otaqlara real sahiblik etmək və onlardan istifadə etmək imkanları bərpa olunacaq. Başqa sözlə desək, iddiaçının ümumi mülkiyyətdə olan daşınmaz əmlak barəsindəki tələbi bütün digər mülkiyyətçilərin də xeyrinə olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə uyğundur. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan hüquqi mövqelərini və işin faktik hallarını, o cümlədən Neftçala rayonu, Qədimkənd kəndində yerləşən torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində 2022-ci ildə qeydə alındığına baxmayaraq, X15 ilə Cavabdeh nikahından xeyli əvvəl əldə olunduqlarını (inşa olunduğunu), habelə torpağın əldə edilməsinə, evin inşasına və təmirinə X15 ilə Cavabdeh ümumi birgə nikahı dövründə heç bir vəsait sərf olunmadığını və cavabdehin həmin daşınmaz əmlakın ərsəyə gəlməsinə ümumiyyətlə hər hansı aidiyyətinin olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin öz əşyalarını evdə saxlaması ilə bağlı ümumi nikah münasibətlərindən irəli gələn hüququ da mövcud deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə cavabdehin nümayəndəsinin (vəkilin) yuxarıda göstərilən məzmunlu etirazını əsaslı saymır. İddiaçının bildirdiklərindən görünür ki, cavabdehə məxsus cehiz əşyaları, yəni 1 ədəd paltar dolabı, 1 ədəd çarpayı (iki nəfərlik), 1 ədəd yük üçün çarpayı, 1 ədəd trümo, 1 ədəd kamod, 1 ədəd ikiqapılı servant, 1 ədəd təkqapılı servant, 2 ədəd tumba, 1 ədəd jurnal masası, 1 ədəd puf, 1 ədəd künc divanı, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd TV stendi, 1 dəst mətbəx mebeli, mətbəx stolu dəsti (1 ədəd stol, 2 ədəd taburet və 1 ədəd skamyadan ibarət), 1 ədəd soyuducu, qazan dəstləri, boşqab və kasa dəstləri, stəkan dəstləri, qaşıq, bıçaq və çəngəl dəstləri, 2 ədəd çilçıraq, pərdə, yük (yorğan, döşək və yastıq), 1 ədəd tozsoran, 1 ədəd beşik və 1 ədəd ütü masası Neftçala rayonu, Qədimkənd kəndində yerləşən, iddiaçıya və sonuncunun ailə üzvlərinə məxsus olan evdədirlər. Göstərilən əşyaların həqiqətən də hazırda qeyd olunan evdə olması cavabdeh tərəfindən mübahisələndirilməyib. Məhkəmə hesab edir ki, bu hal mülkiyyətçilərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2 və 152.3-cü maddələri ilə müəyyən olunmuş hüquqlarını pozur və iddiaçı eyni Məcəllənin 157.4-cü maddəsinə əsaslanmaqla cavabdehdən müvafiq hərəkətlərə son qoymasını tələb etmək hüququna malikdir. Ona görə də iddia təmin olunmalıdır. İddiaçı mediasiyaya və məhkəməyə müraciət etmək üçün ümumilikdə 160 manat məbləğində mediasiya xərci və dövlət rüsumu ödəyib. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddiaçı mediasiyaya və məhkəməyə müraciət etməsi üçün ümumilikdə 100 manat məbləğində mediasiya xərci və dövlət rüsumu ödəməli olduğu halda, 160 manat məbləğində mediasiya xərci və dövlət rüsumu ödəyib. Göstərilənləri, həmçinin iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 manat məbləğində məhkəmə xərci cavabdehə aid edilməlidir. Eyni zamanda iddiaçıya izah olunur ki, artıq ödədiyi 60 manatın geri qaytarılması üçün Azərbaycan Respublikası MPM-nin 114-cü maddəsinə və digər aidiyyəti müddəalarına uyğun olaraq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar, yəni 1 ədəd paltar dolabı, 1 ədəd çarpayı (iki nəfərlik), 1 ədəd yük üçün çarpayı, 1 ədəd trümo, 1 ədəd kamod, 1 ədəd ikiqapılı servant, 1 ədəd təkqapılı servant, 2 ədəd tumba, 1 ədəd jurnal masası, 1 ədəd puf, 1 ədəd künc divanı, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd TV stendi, 1 dəst mətbəx mebeli, mətbəx stolu dəsti (1 ədəd stol, 2 ədəd taburet və 1 ədəd skamyadan ibarət), 1 ədəd soyuducu, qazan dəstləri, boşqab və kasa dəstləri, stəkan dəstləri, qaşıq, bıçaq və çəngəl dəstləri, 2 ədəd çilçıraq, pərdə, yük (yorğan, döşək və yastıq), 1 ədəd tozsoran, 1 ədəd beşik və 1 ədəd ütü masası Neftçala rayonu, Qədimkənd kəndində yerləşən, İddiaçı və sonuncunun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evindən cavabdehin öz vəsaiti hesabına çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar