Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-970/2023 30.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək qanunsuz tələblərinin icra edilməsi ilə əlaqədar cavabdeh tərəfindən ona və şəhid övladının xatirəsinə qarşı edilən həqarətlər nəticəsində ona vurulmuş 15.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmişdir. O, məhkəmənin hazırlıq iclasında iştirak etmiş və iddiasını müdafiə edərək, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirmişdir. Qeyd edir ki, mülkiyyətçisi olduğu mənzilin həyətindəki əlüzyuyandan istifadə nəticəsində yaranan çirkab suların axıdılması üçün ərazi üzrə kommunal təsərrüfat qurumu və yerli özünüidarəetmə orqanı tərəfindən ona yaşayış yerindən kənarda müvafiq xəndəyin qazılması üçün icazə verilmişdir. Lakin onunla qonşuluqda, bacısı X3 məxsus evdə yaşayan Cavabdeh və arvadı X1 ona qanunsuz təzyiqlər göstərərək xəndəyin doldurulmasını tələb etmişlər. Həmçinin bu təzyiqlərin fonunda onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətməklə yanaşı şəhid olmuş övladının da xatirəsinə ciddi hörmətsizlik məzmunu daşıyan söyüşlər söymüşlər. Bunun nəticəsində daxilən ağır sarsıntılar keçirmiş və mənəvi zərərə məruz qalmışdır. Cavabdeh onunla qonşuluqda yaşadığı üçün bu cür hərəkətlərini mütəmadi olaraq davam etdirmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, Vəkil da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Əlavə olaraq bildirir ki, bu mübahisə əvvəllər dəfələrlə cavabdeh ilə iddiaçının qızı və kürəkəni arasında olub. Mübahisə yuxarıda qeyd olunduğu kimi, kanalizasiya xətti ilə bağlı olub. Sonuncu dəfə baş vermiş mübahisə isə konkret olaraq iddiaçı ilə cavabdeh arasında olmuş və bu zaman cavabdeh həm iddiaçının özünün, həm də onun şəhid olmuş övladının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da iddiaçı müalicə almasına səbəb olan böyük sarsıntılar və iztirablar keçirmişdir. Qeyd etdiyi halları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun ümumiyyətlə iddiaçı ilə hər hansı bir mübahisəsi olmayıb. İddiaçıya məxsus mənzildə onun özü deyil, kürəkəni ailəsi ilə birlikdə yaşayır. Həmin mənzilə aid olan kanalizasiya xətti onların həyətindən keçir. Həmin kanalizasiya xəttində olan nasazlıq səbəbindən bütün çirkab sular onun yaşadığı mənzilin həyətinə axır və üfunət yaradır. Bununla bağlı tədbir görülməsini iddiaçı tərəfdən dəfələrlə xahiş etmiş, hətta təklif etmişdir ki, köməkləşib nasazlığı birlikdə aradan qaldırsınlar. Lakin nəticəsi olmamışdır. Sonuncu dəfə isə 28 iyun 2023-cü ildə saat 16.30 radələrində eyni halın yenə də baş verdiyini görüb iddiaçının kürəkəni Yaşarı səsləmişdir. Səsə Yaşarın arvadı, yəni iddiaçının qızı Mədinə çıxmışdır. Kanalizasiya xəttinin onlar üçün problem yaratdığını bir daha Mədinənin diqqətinə çatdırmış və onu köməkləşərək birlikdə təmir etmələri üçün Yaşarı çağırmasını xahiş etmişdir. Mədinə əri Yaşarın evdə olmadığını demişdir. Bundan sonra Mədinəyə kanalizasiya xətti ilə axan bütün çirkab suların həyətlərinə dolduğunu deyərək və göstərərək xətti söküb özü təmir edəcəyini bildirmişdir. Qeyd edir ki, bu zaman onların arasında heç bir söz-söhbət olmayıb. Kanalizasiya xəttini sökərkən borunun bir hissəsinin qatlanmış (əzilmiş) olduğunu görmüş və xəttin bu səbəbdən işləmədiyini müəyyən etmişdir. Bir qədər sonra isə İddiaçı gəlib ondan xətti sökməməsini tələb edəndə ona bildirmişdir ki, artıq xətti söküb. Buna görə iddiaçı onun və arvadının ünvanına nalayiq ifadələr işlətmiş və söyüşlər söymüşdür. Bundan sonra onun barəsində Neftçala Rayon Polis Şöbəsinə, həmçinin guya ərazidə 3 ədəd ağacı icazəsiz kəsməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər etmişlər. Cavabdeh qeyd edir ki, iddiaçı qadındır və yaşlıdır. O, isə “böyük-kiçik bilən” adam olduğundan yaşlı qadının ünvanına söyüş söyə bilməzdi. Sadəcə olaraq aralarında sözlə mübahisə olmuş, iddiaçıya və sonuncunun qızına bildirmişdir ki, onların xətdəki nasazlığı aradan qaldırmamaları səbəbindən çirkab sular onun (cavabdehin) həyətinə axır və üfunət yaradır. Bir daha qeyd edir ki, heç kimi söyməmiş, həmçinin iddiaçının şəhid olan övladının ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Şəhidləri daim hörmətlə andığını, bu mövzuda həmişə diqqətli olduğunu, onların ruhu qarşısında baş əydiyini bildirir. İddiaçının isə böyük kimi həmişə hörmətini saxladığını, onunla qonşu kimi hər zaman yaxşı münasibətlərinin olduğunu, hətta onun böyük oğlu ilə dost olduğunu qeyd edir. İddianı tamamilə əsassız hesab etdiyini bildirib, göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid1 İddiaçı onun anası olduğunu bildirmişdir. Qeyd edir ki, hadisə bu ilin Qurban bayramı günü, yəni 28 iyun 2023-cü il tarixdə olmuşdur. Həmin gün əri Yaşar Tarverdiyev Bakı şəhərində olmuş, evdə yalnız özü və qızları olmuşlar. Bayırdan kiminsə əri Yaşarı çağırdığnı eşidib pəncərəni açmış və ərini çağıran şəxsin Cavabdeh olduğunu görmüşdür. Cahangirə salam verərək «necəsən?» demiş, Cahangir isə cavabında «necə olacağam?» deyərək Yaşarın harada olduğunu soruşmuşdur. Cahangirə Yaşarın evdə olmadığını bildirmiş və ondan nə baş verdiyini soruşmuşdur. Cahangir də kanalizasiya xəttini sökəcəyini bildirmişdir. Cahangirə bunu etməməsini, Yaşarın Bakıdan qayıtmasını gözləməsini xahiş etmişdir. Həmçinin Cahangirə özlərinin də kanalizasiya xəttinin bu xəttə qoşulduğunu xatırlatmışdır. Cahangirin ona məhəl qoymadığını görüb onun qarşısını almaq üçün anası İddiaçı xəbər vermişdir. Anası İddiaçı gəldikdən sonra da Cahangir yenə heç bir məhəl qoymadan hərəkətlərini davam etdirmiş və «mən buranın ağasıyam», «bacım evi verib mənə, özüm nə istəyirəm onu da edirəm. Həyət də mənimdir, hər şey də» deyib kanalizasiya xəttini sökməyə başlamışdır. Anası Cahangirin qarşısını almağa cəhd etdikdə o, əlindəki bellə onun üzərinə gələrək anasını, özünü və həyat yoldaşını söyməyə başlamışdır. Cavabdeh hətta dünyasını dəyişmiş qardaşını da söymüşdür. Həmin vaxt qızları və cavabdehin arvadı da orada olub. Hətta qızı Lalə evdən çıxıb «Cahangir ayıbdır, bu nədir edirsən» deyib Cahangirə öz iradını da bildirmişdir. Buna baxmayaraq Cahangir yenə də onların ünvanına söyüşlər söyərək öz hərəkətlərini davam etdirmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid3 İddiaçı onun keçmiş iş yoldaşı olduğunu, onunla uzun müddət eyni xəstəxanada tibb bacısı işlədiklərini və yaxın münasibətləri olduğunu bildirmişdir. İddiaçıya baş çəkməsi üçün 28 iyun 2023-cü il tarixdə onlara getmişdir. Evin həyətinə daxil olarkən həyətdə əvvəllər tanımadığı bir şəxsin, yəni cavabdehin Narıngülgillə mübahisə etdiyini görmüşdür. Həmçinin orada cavabdehin kanalizasiya xəttini sökdüyünü görüb. Qeyd edir ki, Narıngüllə Cahangirin mübahisə etdiklərini görmüş lakin söyüş eşitməmişdir. Ola bilər ki, onlar birbirinə söyüş söyüblər, lakin bunu dəqiq xatırlamır. İşin məhkəmə baxışı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Cavabdeh onun əri, İddiaçı isə qonşusudur. İddiaçı məxsus mənzilin kanalizasiya xətti onların həyətindən keçir. Həmin kanalizasiya xəttində yaranmış nasazlıq səbəbindən çirkab sular onların həyətinə dolurdu. Bununla bağlı dəfələrlə iddiaçının həmin mənzildə yaşayan qızı Mədinəyə məlumat vermişdir. Hətta bir dəfə əri Cahangir evdə olmadığı vaxt belə bir hal baş vermiş, özü çirkab suyun qarşısını almağa cəhd etsə də bacarmamış, qonşuluqda yaşayan şəxsləri köməyə çağırsa da çirkabın qarşısını almaq mümkün olmamışdır. Həmin halı Mədinənin əri Yaşar özü də görmüş, lakin heç bir köməklik etməmişdir. 23 iyun 2023-cü il tarixdə əri Cavabdeh Bakı şəhərindən evlərinə gəlmiş və həyətlərinə çirkab suyun dolduğunu görümşdür. Yay fəsli olduğundan üfunətdən evdə belə oturmaq mümkün deyildi. Ona görə də əri Cahangir əlacsız qalıb kanalizasiya xəttinin borusunu özü çıxarıb iddiaçının həyətinə atmışdır. Borunu çıxarmamışdan əvvəl də onları xəbərdar etmişdir. Mübahisə də bu səbəbdən yaranmış və müddəti təxminən 5 – 6 dəqiqə çəkmişdir. Həmin vaxt əri və eləcə də özü ilə iddiaçı və sonuncunun qızı arşında sözlə mübahisə baş vermiş, lakin istər əri, istərsə də özü iddiaçıya və onun ailə üzvlərinə, o cümlədən şəhid övladına qarşı heç bir təhqir etməmiş, nalayiq ifadə işlətməmiş, söyüş söyməmişlər. Əksinə Mədinə onun dünyasını dəyişmiş atası barədə nalayiq sözlər demişdir. Hadisə vaxtı orada özü, əri, iddiaçı və onun qızı Mədinə olmuş, başqa heç kəs olmamışdır. Şahid3 da hadisə vaxtı orada görməyib. Hadisədən sonra iddiaçı onlara qarşı şər və böhtan yağdırmağa başlamış, hətta polisə müraciət etmiş, həmçinin bildirmişdir ki, guya ki, onlar həyətdə olan üç ağacı kəsiblər. Aparılmış araşdırmalar zamanı iddiaçının bildirdikləri öz təsdiqini tapmamış bunların şər və böhtan olduğu aidiyyəti dövlət qurumları tərəfindən müəyyən edilmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin aidiyyəti müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı müvafiq sübutetmə vəzifəsini icra etməyib. İddia ərizəsində qeyd olunur ki, cavabdeh yaranmış mübahisə zamanı iddiaçının və onun ailə üzvlərinin, o cümlədən şəhid övladının ünvanına təhqirlər işlətmiş, söyüşlər söymüşdür. Bunun nəticəsində iddiaçı daxilən ağır sarsıntılar keçirmiş və mənəvi zərərə məruz qalmışdır. Məsələ ilə bağlı ilk növbədə qeyd olunur ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bu hal işin məhkəmə baxışı zamanı sübuta yetirilməyib. Belə ki, hətta iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş Şahid3 belə, cavabdehin mübahisə zamanı söyüş söydüyünü bildirmir. Məsələ ilə bağlı iddiaçının və qızının məhkəməyə bildirdikləri isə sonuncuların işin nəticəsində maraqlı olduqları nəzərə alınmaqla mötəbər sübut kimi qiymətləndirilə bilməzlər. Həmçinin tərəflərin bildirdikləri ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlı polisə şikayət etmişdir. Lakin cavabdehin əməlində cinayət və ya inzibati məsuliyyətin yaranmasına səbəb ola biləcək halların müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmayıb. Eyni zamanda cavabdehin iddiaçıya bellə hücum etməsi də iş materialları ilə müəyyən olunmur. Beləliklə, iddiaçı ilə cavabdeh arasında sözlə mübahisə baş verməsi halı müəyyən edildiyinə baxmayaraq, cavabdehin iddiaçını və onun ailə üzvlərini təhqir etməsi, o cümlədən onun və ya şəhid övladının ünvanına nalayiq ifadələr işlətməsi, söyüş söyməsi halları müəyyən edilmir. Göstərilənlərə əsasən iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-970/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-970/2023
30.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver