Məhkəmə qərarları › İş №2(053)-986/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-986/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-986/2024 15.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala şəhəri, Neftçala Rayon Məhkəməsinin inzibati binası Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı cavabdeh Bağırova (Orucova) İlahə Bəhlul qızına qarşı alimentin dayandırılması və 16 oktyabr 2012-ci il təvəllüdlü X2 təyin olunmuş alimentə xitam verilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bağırova (Orucova) İlahə Bəhlul qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(053)-22/2024 nömrəli qətnaməsi ilə 16 oktyabr 2012-ci il təvəllüdlü X2 aid olan hissədə yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında təyin edilmiş alimentin dayandırılması və 16 oktyabr 2012-ci il təvəllüdlü X2 təyin olunmuş alimentə xitam verilməsi, habelə 16 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat alimentin cavabdeh Bağırova (Orucova) İlahə Bəhlul qızından tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinin tələbinə görə ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilir. Qeyd olunur ki, iddiaçı tərəfindən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilməyib. Belə ki, iddia ərizəsinə əlavə olunmuş «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifdə mübahisənin predmeti kimi yalnız alimentin dayandırılması və 16 oktyabr 2012-ci il təvəllüdlü X2 təyin olunmuş alimentə xitam verilməsini göstərib. Həmçinin məhkəməyə təqdim olunmuş iddia ərizəsində iddia tələbinin adı kimi «alimentin dayandırılması və 16 oktyabr 2012-ci il təvəllüdlü X2 təyin olunmuş alimentə xitam verilməsi» göstərilib. Lakin qeyd olunan tələblərlə yanaşı ərizənin «xahiş edirəm» hissəsində 16 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin cavabdehdən tutulması da tələb kimi göstərilir. Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən ««Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bağırova (Orucova) İlahə Bəhlul qızına qarşı alimentin dayandırılması və 16 oktyabr 2012-ci il təvəllüdlü X2 təyin olunmuş alimentə xitam verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar