Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-138/2023 16.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı övladı-27 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancından hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə 2013-cü ildə nişanlanmış, 2015-ci ildə el adəti ilə ailə qurmuş, həmin nikahdan 27 iyun 2016-cı il tarixdə Mədinə adlı övladı anadan olmuşdur. Uşağın doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır, belə ki, nikah qeydiyyatı üçün gedərkən cavabdehin evli olduğunu bilmişdir. 2021-ci ilədək birgə yaşamışlar. Hazırda övladı ilə atasının yanında yaşayır. Cavabdehlə birlikdə Bakı şəhərində yaşayarkən iki dəfə kirayə ev dəyişmişlər. Kirayə haqqı 250-300 manat olub. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olub. Onun qazancının dəqiq məbləğini bilmir, amma birlikdə yaşadıqları müddətdə ailəsinə normal şəkildə baxıb. Özü işləmir, qiyabi ali təhsil alır, qazancı və təqaüdü yoxdur. Ayrıldıqları iki ildə cavabdeh cəmi 800-900 manata yaxın maddi yardım edib. Sonradan bilib ki, birgə yaşadıqları dövrdə də cavabdeh əvvəlki ailəsi ilə münasibətdə olub, onun ikinci övladı Mədinədən sonra-xx.xx.2016-cı ildə doğulub. Hazırda cavabdeh həmin qadın və övladları ilə birlikdə yaşayır, buna görə də onun iki övladına cəmi 400 manat aliment verməsi formal xarakter daşıyır, yəni cavabdeh faktiki olaraq aliment ödəmir. İddianın təmin edilməsi, 27 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancından hər ay 220 manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının izahatını qismən təsdiq etdi, əlavə olaraq bildirdi ki, əvvəlki nikahdan doğulmuş 2013 və 2016-cı il təvəllüdlü iki uşağının saxlanması üçün cəmi 400 manat alimentin ondan tutulması barədə icra vərəqəsi vardır. Bakı şəhərində 250 manata kirayədə yaşayır. Usta və ya usta yanında fəhlə işləyir, 400 manat alimenti ödəyə bilmir. Qızı Mədinənin saxlanılması üçün 160 manat aliment ödəyə bilər. Cavabdeh daha sonra Mədinənin saxlanması üçün ayda 200 manat aliment ödəyəcəyini bildirdi və iddia tələbinin həmin məbləğdə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 892492 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 46 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 241653 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin işə əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, e66449/2022-31-5-004 saylı bildirişindən, ona əlavə edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-437/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh hər ay xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 200 manat, cəmi 400 manat aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün yaşayış minimumu hər ay 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh faktiki nikahla ailə qurmuşlar.Həmin nikahdan tərəflərin xx.xx.2016-cı il tarixdə Mədinə adlı qızı doğulmuşdur. Uşağın doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Hazırda iddiaçı qızı ilə birgə anasının yanında yaşayır. Cavabdehin əvvəlki nikahından doğulmuş 2013 və 2016cı il təvəllüdlü iki uşaq üçün cəmi 400 manat aliment ödəməsi barədə icra vərəqəsi Oğuz rayon İcra və Probasiya şöbəsinin icraatındadır. İddiaçı uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Cavabdeh əvvəlcə qızı Mədinə üçün ayda 160 manat aliment ödəyəcəyini bildirsə də, daha sonra alimentin məbləğinin 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduqlarına dair ailə qanunvericiliyinin tələbi, cavabdehin əvvəlki nikahdan olan iki uşağı ilə bağlı aliment öhdəliyi, uşaqların hər birinin təminatının eyni səviyyədə saxlanılması nəzərə alınaraq, alimentin cavabdeh tərəfindən təklif edilən məbləği məqbul sayılmaqla iddia qismən təmin olunmalı, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə iddiaçı Cavabdeh dövlət rüsumu hesabına 44 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 27 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin bu qaydada tutulması 24 yanvar 2023-cü il tarixdən hesab edilsin. Cavabdeh 44 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-138/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-138/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver